14 yanvar 2026 00:58
83

Sən demə, qışda xəstələnməyimizin səbəbi soyuqdəymə deyilmiş...

Qış mövsümü hər zaman olduğu kimi asqırmalar, öskürmələr, şiddətli boğaz ağrıları kimi "tibbi mənzərə"lərlə birgə gəlib. Belə zamanlarda əksər insanlar soyuqdəyməsinin olduğunu düşünürlər. Lakin həkim, professor Osman Müftüoğlu bu mövzu ilə bağlı xəstələnən insanlara üzünü tutaraq xəbərdarlıq edib ki, qış mövsümündə xəstələnməyin əsas səbəbi soyuqlama deyil. Bəs qış mövsümündə xəstələnməyə səbəb olan əsas risk faktorları nələrdir?

Osman Müftüoğlunun sözlərinə görə, qış mövsümü “soyuqdəymə və qrip mövsümü” kimi təsvir olunsa da, bu fəsildə yayılan bir sıra xəstəliklərin səbəbi soyuq hava deyil, soyuq hava şəraitinin dəstəyi ilə yayılma prosesi asanlaşan viruslardır: “Qeyd edək ki, soyuq hava immunitet sistemi üçün təkbaşına bir təhdid daşımır. O, sadəcə  mikrobların işini asanlaşdıran, onlara logistik dəstək verən ideal bir tərəfdaşdır.”

Beləliklə, Oman Müftüoğlunun fikirlərinə əsasən, xəstəliyin yayılmasına zəmin yaradan beş səbəb aşağıdakılardır:

Qapalı mühitlərdə çox vaxt keçirmək- Məktəblərdə, ofislərdə, ictimai nəqliyyat vasitələrində, sosial izolyasiya qaydaları pozulur. Belə olduğu halda, virusların qapalı mühitdə yayılma prosesi də asanlaşır.

Quru hava müdafiə sistemini zəiflədir- Qış mövsümündə adətən havadakı rütubət azlığı yüksək səviyyədə olur. Üstəlik qışda istilik sistemləri ilə qızdırılan qapalı məkanlar da havanı xeyli qurudur. Burun və boğazın selikli qişası quruduqda, orqanizmin təbii müdafiə mexanizmi olan mukosiliar sistem funksiyasını itirir. Bu boşluq viruslar üçün əlverişli şərait yaradır.

Burun damarlarının daralması - Soyuq hava burun damarlarının daralmasına səbəb olur. Nəticədə həmin nahiyəyə qan axını azalır və immun hüceyrələrinin bölgəyə çatması çətinləşir.

Viruslar sərinliyi sevir- Bir çox tənəffüs yolu virusu sərin və quru havalarda daha uzun müddət havada qala bilir və yoluxma riski artır.

İmmunitetin zəifləməsi- Qış aylarında yuxunun vaxtı azalır, stress artır, fiziki aktivlik zəifləyir. Əgər buna soyuq səbəbindən su qəbulunun azalması da əlavə olunarsa, boğazın qoruyucu medafiə sistemi daha da zəifləyir.

Nə etməli?

Orxan Müftüoğlu bildirib ki, tədbirlər düşündüyünüz qədər mürəkkəb deyil: “Qışda da kifayət qədər su içmək vacibdir. Qapalı məkanlar mütəmadi olaraq havalandırılmalı, burun boşluğu fizioloji məhlullarla nəmli saxlanmalıdır. Risk qrupunda olan şəxslər isə peyvəndləri vaxtında etdirməlidirlər. Unutmaq olmaz ki, nəmli burun və boğaz virusların ən zəif nöqtəsidir.”

Həkimin məsləhət gördüyü təbii tərkibli şəfa çayları:

Zəncəfil - limon – bal

Nə zaman içilməlidir?

Üşütmə, titrətmə və halsızlıq hiss edildikdə içilməlidir.

Hazırlanması:

Bir böyük fincan isti suya 3-4 nazik dilim təzə zəncəfil (və ya yarım çay qaşığı toz zəncəfil) əlavə edin, 7-8 dəqiqə dəmləyin. İlıqlaşdıqdan sonra üzərinə limon suyu sıxın və bal əlavə edin. Balın qaynar suya qatılmaması vacibdir.

Qəbul qaydası:

Gündə 1-2 fincan kifayətdir.

Qeyd:

Qan durulaşdırıcı dərman qəbul edənlər, öd daşı və ağır reflü problemi olanlar bu qarışımı qəbul edərkən ehtiyatlı olmalıdırlar.

Kəklikotu – limon

Faydası:

Boğazı rahatladır, öskürəyi yumşaldır və bəlğəmin sovrulmasına kömək edir.

Hazırlanması:

Bir fincana 1 çay qaşığı quru kəklikotu əlavə edin, üzərinə qaynar su tökün, ağzını örtüb 8-10 dəqiqə dəmləyin. İlıqlaşdıqdan sonra üzərinə limon və istəyə görə bal əlavə edin.

Qəbul qaydası:

Gündə 1 fincanla başlayın, ehtiyac olduqda 2 fincana qədər artırıla bilər.

Xəbərdarlıq:

Hamilə qadınlar və təzyiq dərmanı qəbul edənlər həkimlə məsləhətləşməlidir.

Adaçayı - cökə

Nə üçün bu cütlük?

Burun axıntısı, boğaz yanması və ümumi halsızlıq zamanı sakitləşdirici və bərpaedici təsir göstərir.

Hazırlanması:

Bir fincan üçün 1 çay qaşığı adaçayı və 1 desert qaşığı cökəni qarışdırın, qaynar su əlavə edib 6-8 dəqiqə dəmləyin. İlıq halda üzərinə bal əlavə oluna bilər.

Qəbul qaydası:

Axşam yeməyindən sonra içilməsi məsləhətdir. Bu qarışımın bir fincan qəbulu rahat yuxunu da təmin edir.

Qeyd:

Tiroid xəstələri və hamilələr adaçayını müntəzəm qəbul etməməlidirlər.

Bonus: Adaçayı ilə qarqara

Boğazda yanma və qıcıqlanma hissi olduqda, adaçayı qarqarası effektiv nəticə verəcək. Bir fincan qaynar suya 1 dolu çay qaşığı adaçayı əlavə edib 10 dəqiqə dəmləyin, süzün və ilıq halda gündə 2-3 dəfə qarqara edin. Uşaqların udma riski səbəbindən onlarda bunu tətbiq etmək tövsiyə edilmir.

Şahnigar Əhmədova, “İki sahil”