13 yanvar 2026 18:11
128

Su təhlükəsizliyində YENİ MƏRHƏLƏ: 2035-Cİ İLƏ QƏDƏR DAYANIQLI TƏMİNAT ƏSAS HƏDƏFDİR

Samir Heydərov: “ACWA-Power” şirkəti ilə həyata keçiriləcək dəniz suyunun duzsuzlaşdırma stansiyasının tikintisi faktiki istifadə olunan su həcmini 25 faiz artıracaq

Yanvarın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026–2035-ci illəri əhatə edən Dövlət Proqramına həsr olunmuş müşavirə keçirilib. Müşavirədə paytaxt və ətraf ərazilərdə su təsərrüfatının mövcud vəziyyəti, infrastrukturun yenilənməsi zərurəti, iqlim dəyişikliklərinin su ehtiyatlarına təsiri, eləcə də artan demoqrafik və iqtisadi yük fonunda dayanıqlı su təminatının yaradılması məsələləri geniş müzakirə olunub.

Dövlətimizin başçısı çıxışında son iyirmi il ərzində ölkə üzrə icra edilmiş regional inkişaf proqramlarının nəticələrinə toxunaraq enerji, qazlaşma, yol-nəqliyyat və su infrastrukturu sahələrində əsas problemlərin mərhələli şəkildə həll olunduğunu qeyd edib. Prezident İlham Əliyev vurğulayıb ki, bu müddət ərzində həyata keçirilən irimiqyaslı layihələr Azərbaycanın enerji və su təhlükəsizliyini möhkəmləndirməklə yanaşı, əhalinin həyat keyfiyyətinin yüksəldilməsinə və iqtisadi inkişafın sürətləndirilməsinə xidmət edib. Bununla belə, Bakı şəhəri və Abşeron yarımadasında içməli su, kanalizasiya və yağış suları sistemləri uzun illər formalaşmış struktur problemləri səbəbindən xüsusi diqqət tələb edən sahə olaraq qalır.

Prezident İlham Əliyev bildirib ki, iqlim dəyişikliyi, yağıntıların azalması, su ehtiyatlarının böyük hissəsinin ölkə hüdudlarından kənarda formalaşması, eləcə də əhali və sənayenin artan tələbatı su təhlükəsizliyi məsələsini strateji müstəviyə çıxarıb. Bu baxımdan Bakı şəhərini, Sumqayıtı və Abşeron rayonunu əhatə edən, genişmiqyaslı və uzunmüddətli Dövlət Proqramının hazırlanması zəruri olub. Dövlət Proqramının əsas məqsədi paytaxt regionunun dayanıqlı içməli su ilə təmin edilməsi, su itkilərinin minimuma endirilməsi, kanalizasiya və yağış suları infrastrukturunun müasirləşdirilməsi, Xəzər dənizinin ekoloji mühitinin qorunması və su sektorunda müasir idarəetmə mexanizmlərinin tətbiqidir.

Qeyd olunub ki, 2035-ci ilə qədər icrası nəzərdə tutulan bu Proqram dövlət büdcəsi və xarici maliyyə mənbələri hesabına maliyyələşdiriləcək, nəticədə yeni su anbarlarının tikintisi, magistral və paylayıcı şəbəkələrin yenidən qurulması, sayğaclaşdırmanın tam təmin edilməsi və fasiləsiz içməli su ilə əhatə dairəsinin əhəmiyyətli dərəcədə genişləndirilməsi mümkün olacaq. Prezident İlham Əliyev vurğulayıb ki, proqramın icrası ciddi nəzarət mexanizmləri və ictimai şəffaflıq prinsipləri əsasında həyata keçirilməli, görülən işlər cəmiyyət üçün açıq və aydın şəkildə təqdim olunmalıdır.

Bakı və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun su təchizatının dayanıqlı təmin edilməsi 95-% qədər artırılacaq

Mövzu ilə bağlı iqtisadçı-ekspert Samir Heydərov “İki sahil”ə bildirib ki, cənab Prezidentin sədirliyi ilə Bakı şəhəri və Abşeron yarimadasinda su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdrilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramına həsr olunan  müşavirədə Baş nazirin müavini Şahin Mustafayev və Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyinin sədri Zaur Mikyailov Prezident İlham Əliyevə icra olunmuş və nəzərdə tutulan işlər barədə məlumat veriblər: “Bildiyimiz kimi, su həyat deməkdir. Su olmasa həyat mümkün deyil. Bu baxımdan Dövlət Proqramının icrası nəticəsində Bakı şəhəri, Abşeron rayonu və Sumqayıt şəhərinin su təchizatının dayanıqlı təmin edilməsi 95-% qədər artırılacaq. Belə ki, Bakı şəhərində su və  kanalzasiya sistemi 1980-ci illərin sonuna kimi hazirlanmışdı. O vaxtdan şəhərin əhalisi 2.1 dəfə və ərazisi 2.6 dəfə artıb. Bu baxımdan Dövlət Proqramının icrası nəticəsində kanalzasiya sistemi Bakı şəhərinin 95 % əhatə edəcək. Umumiyyətlə bu Proqramın icrası 2026-2035-ci illəri əhatə edir.”

Ekspert bildirib ki, Proqram dövlət büdcəsi və  xarici kreditlər hesabına maliyyələşəcək: “Bu gün Azərbaycanın xarici borcu ÜDM-ə nisbətdə 6%-dir. Bu da imkan verir ki, Azərbaycan sərfəli şərtlər ilə xarici mənbələrdən kredit cəlb edə bilsin. Xarici borcun ÜDM-ə nisbətdə aşağı olmasına görə Azərbaycan dünyada öndə olan ölkələrdən biridir. 2004-cü ildə qəbul edilən Regionların sosial-iqtisadi inkşafına dair birinci Dövlət Proqramının icrası zamanı Azərbaycanda içməli su ilə təminat 40 %, Bakı şəhəri və Abşeron yarımadasında 29 % idi. Bu gün isə Azərbaycanda 73 %, Bakı şəhərində 70%-dir. Bu illər ərzində əhalinin dayanıqlı su təchizatının təmin edilməsi istiqamətində kifayət qədər genişmiqyaslı işlər görülüb. Amma göründüyü kimi, hələ də problemlər qalır. Proqramın tam icrasından sonra problemlər tam həllini tapacaqdır. Əsasən problemlərdən biri su itkiləri ilə bağlıdır. Cənab Prezident müşavirədə vurğulayıb ki, əgər bu gün itkilər olmasaydı mövcud olan su ehtiyatı bizə kifayət idi.”

Su sahəsində ilk dövlət-özəl tərəfdaşlıq layihəsi

S.Heydərov vurğulayıb ki, Proqramın icrası nəticəsində su itkilərinin qarşısı alınacaq və əhalinin suya tələbatının dayanıqlı ödənilməsi təmin ediləcək: “Proqram, eyni zamanda, su, kanalzasiya, yağış suyu infrastrukturunun inkşafını da özündə ehtiva edir. Belə ki, bu məqsədlə Bakının 30 küçəsində yeni kolllektor şəbəkəsi qurulacaq. Müşavirədə o da vurğulanıb ki, Xəzər dənizinə buraxılan suyun təmizlənməsi 100 faiz təmin edilməlidir. Bu məqsədilə Hövsan su təmizləyici stansiyasının modernləşdrilməsi də nəzərdə tutulur. Bununla yanaşı, ölkəmizdə dəniz suyunun duzsuzlaşdırma stansiyasının tikilməsi nəzərdə tutulur. Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti ilə su sahəsində ilk  dövlət özəl tərəfdaşlıq layihəsi icra olunacaq. Stansiyanın 2028-ci ildə təhvil verilməsi nəticəsində faktiki istifadə olunan su həcminin 25% artrılması nəzərdə tutulur. Beləliklə icra olunacaq Dovlət Proqramının məqsədi su mənbələrinin dayanıqlığının təmin edilməsi, suyun mənbədən götürülməsi, emalı, nəql edilməsi, saxlanılması və paylanması proseslərin optimallaşdrılması, eyni zamanda, əhalinin keyfiyyətli və dayanıqlı su ilə təmin edilməsi, paylayıcı şəbəkədə itkilərin minimuma endrilməsi, suyun uçotu sisteminin təkmilləşdrilməsi, yağış və tullantı suları sisteminin yenilənməsi və inkşaf etdrilməsi, alternativ su mənbələrindən istifadənin təmin edilməsini nəzərdə tutur. Bakı şəhəri və Abşeron yarımadasının su təchizatı, kanalzasiya və yağış suları sistemlərinin Master Planı yenilənərək 2050-ci ilə qədər dövrü əhatə edəcək.”

Orxan Vahidoğlu, “İki sahil”