İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “Enterprise Azerbaijan” portalının “Startup School 4: Five Continents – 500 Startups” qlobal innovasiya proqramının final mərhələsi – “Demo Day” keçirilib.
İİTKM-dən “İki sahil”ə bildirilib ki, 5 qitədən 500 startapı əhatə edən proqram 40 yerli və beynəlxalq tərəfdaşın, o cümlədən 9 vençur fondu və investisiya təşkilatının dəstəyi ilə reallaşdırıb. Üç ay davam edən təlimlərdən sonra 70 startap finala çıxıb. “Demo Day” tədbirində startapların minimum işlək məhsulları (MVP) sərgi formatında nümayiş olunub.
Tədbirdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, bir sıra ölkələrin səfirləri, yerli və xarici investorlar, vençur fondlarının, biznes və innovasiya ekosisteminin nümayəndələri iştirak ediblər.
Tədbirin mükafatlandırma mərasimində İİTKM-in icraçı direktoru, professor Vüsal Qasımlı “Enterprise Azerbaijan” portalının Azərbaycanın innovasiya və sahibkarlıq ekosisteminin inkişafına yönəlmiş sistemli fəaliyyətinin əhəmiyyətini vurğulayıb. O qeyd edib ki, portal innovativ ideyaların biznes təşəbbüslərinə çevrilməsi, startapların inkişafı, investorlarla əlaqələrin qurulması, maliyyə və yeni bazarlara çıxış imkanlarının genişləndirilməsi üçün mühüm platforma rolunu oynayır. “Startup School” proqramları vasitəsilə formalaşdırılan beynəlxalq tərəfdaşlıq şəbəkəsi, dünyanın müxtəlif ölkələrindən ekspertlərin, mentorların, investisiya qurumlarının və innovasiya təşkilatlarının prosesə cəlb edilməsi Azərbaycan startaplarının bilik və təcrübə mübadiləsinə, rəqabətqabiliyyətli məhsulların hazırlanmasına və beynəlxalq bazarlara çıxışına şərait yaradır. Vüsal Qasımlı “Enterprise Azerbaijan” portalının bu istiqamətdə həyata keçirdiyi təşəbbüslərin ölkədə innovativ sahibkarlıq mədəniyyətinin möhkəmlənməsinə, yeni biznes imkanlarının yaranmasına və Azərbaycanın beynəlxalq innovasiya əməkdaşlığında daha fəal iştirakına töhfə verdiyini bildirib.
Sonra iqtisadiyyat nazirinin müavini Azər Bayramov, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov, Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev, “Founder Club” şirkətinin direktoru Ruslan Dəmirov, Maltanın “Deep Tech Foundry” şirkətinin nümayəndəsi Qonca Kara, Türkiyədən “Fonangels” şirkətinin direktoru Yavuz Kuş, Qazaxıstanın “KIT” Beynəlxalq Sahibkarlar Birliyinin təsisçisi Dauren Bimov çıxış ediblər.
“Enterprise Azerbaijan” portalının rəhbəri İsa Qasımov "Startup School" proqramlarının innovasiya və startap ekosisteminə verdiyi töhfəyə dair təqdimatla çıxış edib.
Mərasimdə “Enterprise Azerbaijan” portalının təşəbbüsü ilə dövlət və özəl sektor nümayəndələri, eləcə də beynəlxalq tərəfdaşlar arasında altı əməkdaşlıq memorandumu imzalanıb. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə Maltanın “Deep Tech Foundry” təşkilatı, Qərbi Kaspi Universiteti ilə “Deep Tech Foundry”, eləcə də “Founder Club” ilə Maltanın “ECONOMIQ” şirkəti arasında imzalanan memorandumlar elmi tədqiqatların kommersiyalaşdırılması, texnoloji innovasiyaların inkişafı, Azərbaycan–Malta biznes əlaqələrinin genişləndirilməsi və investisiya əməkdaşlığının təşviqini nəzərdə tutur. Bundan əlavə, “Founder Club” ilə “KIT” Beynəlxalq Sahibkarlar Birliyi arasında Azərbaycan–Qazaxıstan biznes əlaqələrinin və investisiya əməkdaşlığının inkişafı, “Enterprise Azerbaijan” portalı ilə “Fonangels” şirkəti arasında əməkdaşlığın genişləndirilməsi, “CLARSEN” ilə “BMG INTERNATIONAL” arasında isə kriptotexnologiyalar üzrə təlim və sertifikatlaşdırma sahəsində əməkdaşlıq haqqında memorandumlar imzalanıb.
Tədbirdə, həmçinin “Startup School 4” proqramının məzunlarından olan “Atmospheric Water Generator” komandası öz layihəsini təqdim edib.
Sonda qaliblər mükafatlandırılıb. Üçüncü yerə “AI Pets for Kids”, ikinci yerə “TenEd” və “FitNest”, birinci yerə isə “Hogga” startapı layiq görülüb.