13 yanvar 2026 21:27
84

Kallas Aİ ilə ABŞ arasında münasibətlərin pisləşdiyini bəyan edib

ABŞ Avropa İttifaqı üçün hələ də əvəzolunmaz müttəfiq olaraq qalır, lakin Vaşinqtonla Brüssel arasındakı münasibətlər əvvəlki səviyyədə deyil.

“İki sahil” "Kommersant"a istinadla xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət üzrə ali nümayəndəsi Kaja Kallas Berlində keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, tərəflər arasında fikir ayrılıqları artıb, lakin bu, əməkdaşlığın dayandırılması demək deyil. “Aydındır ki, münasibətlərimiz artıq əvvəlki kimi yaxşı deyil. Hər bir alyansda açıq fikir ayrılıqlarının yaşandığı dövrlər olur, amma Avropa 80 illik transatlantik münasibətlərdən imtina etməyəcək”, — deyə Kallas Avropa İttifaqının rəsmi saytına istinadla bildirib.

Kaja Kallas vurğulayıb ki, Avropa İttifaqı ilə ABŞ arasında qarşılıqlı əməkdaşlıq bir sıra mühüm beynəlxalq məsələlərin həlli üçün zəruridir. Onun fikrincə, bu əməkdaşlıq Qəzza sektorundakı vəziyyətin nizamlanması, “İŞID" terror qruplaşmasına qarşı mübarizə, eləcə də Çinlə bağlı ticarət tədbirlərinin razılaşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır.

Xatırladaq ki, Kaja Kallas yanvarın 8-də Avropa İttifaqının ABŞ-ın Qrenlandiya üzərində nəzarət qurmaq planlarından narahat olduğunu açıqlamışdı. "Politico"nun mənbələrinə görə, Aİ adanın mümkün anneksiyası halında ABŞ-la birbaşa qarşıdurmaya hazırlaşır.