09 yanvar 2026 00:14
230

“Keşiş mafiyası” çəmbərdə

Kilsə-Paşinyan qarşıdurması bir neçə ildir ki, davam edir. Səbəb Eçmiədzin kilsəsinin dövlətin daxili və xarici siyasətinə qarışmağa cəhd etməyə çalışmasıdır. Katolikos II Qaregin (Ktrıc Nersisyan) ölkə xaricində hakimiyyəti gözdən salan fikirlər yayır, Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətlərini tənzimləməyin əleyhinə çıxır. Azərbaycanla müharibə tərəfdarı olan revanşistlər və daşnak tör-töküntüləri kilsənin xəttini müdafiə edirlər. Bunların hamısı birləşərək baş nazir Nikol Paşinyana təsir göstərməyə çalışırlar. Son məqsədləri isə baş naziri vəzifədən uzaqlaşdırmaqdır. II Qaregin özünü dünya erməniliyinin qərargah rəisi kimi aparır, planlar cızır, onların yerinə yetirilməsinə nəzarət edir.  “Keşiş mafiyası” Nikol Paşinyanı cəmiyyətin gözündən salmaq, ona etimadsızlıq mühiti, vətəndaş itaətsizliyi yaratmaq istəyir.

Təbii ki, əlində real hakimiyyət olan Nikol Paşinyan əks tədbirlər görməyə məcburdur. O isə ilk növbədə “ilanın başını əzməyi,” yeni müharibə çağırışları edən katolikos II Qaregini vəzifədən uzaqlaşdırmağı planlaşdırır. Müharibə istəməyən erməni cəmiyyəti isə bir neçə gün əvvəl baş nazirin çağırışı ilə ayağa qalxıb.  İrəvanın mərkəzində on minlərlə insan küçələrə çıxaraq Erməni Apostol Kilsəsinin rəhbəri, katolikos II Qareginin vəzifədən getməsini tələb edib. Aksiyaçılar sırasında on nəfər keşişin də olduğu bildirilir.  Etirazlar ölkə üçün misli görünməmiş hadisə kimi qiymətləndirilir. Çünki ermənilər həmişə katolikosa İsanın elçisi kimi səcdə ediblər. Onun dedikləri bütün qanunlardan üstün tutulub. Dövlət başçıları onun xeyir-duası ilə seçiliblər. Ancaq kilsənin hökmranlığı keçmişdə qalıb. Bu gün isə ermənilər kilsəyə qarşı çıxır, katolikosun istefasını tələb edirlər. Hətta keşişlər arasında da parçalanma gedir. Onların bir qismi aksiyaçılara qoşularaq dini rəhbərlərini istefaya çığırırlar.

 Paşinyan ictimaiyyət üçün çıxışında katolikosun subaylıq andını pozduğunu, dini qanuna əməl etmədiyini, hətta onun qız övladının olduğunu iddia edib. Bu bəyanat cəmiyyətdə ciddi rezonans doğurub və kütləvi narazılığa yol açıb. Qeyd olunur ki, kilsə ilə dövlət arasında münasibətlərin bu səviyyədə açıq qarşıdurmaya keçməsi Ermənistan tarixində nadir hadisədir. Etirazçılar prosesin zorakılıq olmadan, dinc şəkildə başa çatdırılmasını və kilsə rəhbərliyində dəyişiklik aparılmasını tələb edirlər. Nikol Paşinyan yaxşı başa düşür ki, bu ilin yayında keçiriləcək parlament seçkilərində xaricdən tapşırıq və dəstək alan kilsə ona ciddi əngəllər törədə bilər. Bu səbəbdən “keşiş mafiyasını” bəri başdan neytrallaşdırmaq niyyəti güdür.

Amma, istənilən halda Paşinyan güclü tərəfdir və hesab edir ki, kilsənin neytrallaşdırılmasına böyük ölçüdə nail olacaq. Əgər II Qaregin seçki yolu ilə vəzifəsindən getməsə, o zaman hökumət kütləvi ictimai etirazlar vasitəsilə buna nail olmağa çalışacaq. Hazırda bu variantın işə düşdüyü müşahidə edilir. Hökumətin əlində onunla əlaqəli cinayət, yaxud hansısa dövlətlə işbirliyində olması ilə bağlı faktların olması ehtimalı yüksəkdir. Paşinyan açıqlamalarında bu mesajı verib. Digər tərəfdən, II Qareginin Paşinyan tərəfindən “subaylıq andını” pozmasında ittiham edilməsi mənzərəni daha da aydınlaşdırır. Başqa faktlar da var. Lakin baş nazir hesab edir ki, təkcə bu fakt onun vəzifəsindən uzaqlaşdırılması üçün bəs edir. Əgər lazım gələrsə katolikosun xarici ölkənin mənafeyinə casusluq əməlləri də ictimailəşəcək. Mətbuata sızdırılan məlumata görə, belə ifşaedici fakt baş nazirin əlinin altındadır. Politoloqlar hesab edirlər ki, Nikol Paşinyanın əlində məqsədinə nail olması üçün kifayət qədər kompromat var. Şübhəsiz ki, o, bu fürsəti qaçırmayacaq. Əks təqdirdə, onun parlament seçkilərində qazanacağı qələbə şübhə altına düşə bilər. Bununla da yayda keçiriləcək parlament seçkilərində onun mövqeyi zəifləyər. Ona görə də baş nazir seçkilərə üstün vəziyyətdə getmək üçün yolunun üstündəki maneələri sıradan çıxarmaq üçün əks tədbirlər görəcəkdir. İlk maneə isə daşnaklaşmış kilsədir. Kilsənin sıradan çıxarılması ilə onun ətrafındakı qruplar da qüvvəsini itirəcəkdir. Deməli, Paşinyan “bir güllə ilə iki dovşan” vuracaqdır.

Vəli İlyasov, “İki sahil”