18 sentyabr 2026 00:42
96

Avropa Parlamenti - Dəllalar yığnağı

“Avropa Parlamenti rüşvətxorlar yuvasıdır. Bunu mən tam məsuliyyətlə deyirəm-rüşvətxorlar yuvasıdır Avropa Parlamenti.”

Bu sözləri Prezident İlham Əliyev Bakıda beynəlxalq konfransların iştirakçıları ilə görüşündə deyib. Fikrinin ardınca dövlətimizin başçısı yalnız bir fakt gətirib: “Onun vitse-prezidentinin evindən çamadanlarla dolu milyonlarla dollar çıxdı, hamısını ört-basdır etdilər.”

Bəli, onlar hər zaman öz əskiklərini, haqsızlıqlarını və qısaca desək, çirkinliklərini ört-basdır etməyin ustalarıdır. Amma rüşvətxorluqlarını gizlətməyi bacarmadılar, iç üzləri açıldı. Məlum olur ki, bunlar haqq-ədalət alverçiləri imiş. Ermənistanın işğalçı qoşunları Azərbaycana hücum edərək ərazisinin 20 faizini zəbt edəndə, insanları amansızcasına qıranda, 250 min nəfəri zorakılıqla Ermənistandakı ata-baba yurdundan deportasiya edəndə, xalqımızın inanc yerlərini, qəbristanlıqları şumlayanda, bir milyona qədər insanı məcburi köçkün salanda bunlar daha nəyi gözləyirdilər? Onlar səslərini çıxardılarmı, işğalçını öz adı ilə çağırdılarmı, pislədilərmi, dur dedilərmi? Yox. Sanki elə belə də olmalı imiş.

Sual oluna bilər ki, bu qədər faydasız və artıq qurumlara nə hacət var? Onlar kömək əvəzinə dövlətlərin daxili işlərinə müdaxilə edir, yersiz qərarlar verirlər. Özbaşına yaranmış bu təşkilatların aydın məramı, yol xəritəsi demək olar ki, yoxdur. Süni surətdə “düzəldilmiş” qurumlar zəif dövlətlərdən nə isə qoparmaqdan başqa bir işlə məşğul deyillər. BMT Təhlükəsizlik Şurasının bir məsələ qəbul etdiyi dörd qətnamə icra edilmirsə, Avropa Parlamenti fərqli nə edə bilər? Üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyən təşkilat kimə lazımdır?

Görəsən Avropa Parlamenti nə üçün işğalçıları dolayısı ilı himayə edir? Ancaq təkcə bunlar deyil, bu üzdəniraq qurum ölkələrə təzyiq göstərməklə, böhtan atmaqla, şantaj etməklə guya demokratik qayda-qanunlara əməl etməməkdə suçlandıraraq əvəzində özləri üçün “binagüzarlıq” edir. Üstəgəl Avropa Parlamentinə və onunla birgə olan qürumlara ayrılan 80 milyard avronun da bir hissəsinin taleyi qaranlıq qalır Avrokomissarlar və digər vəzifəlilər pullandıqca iştahaları artır. Avropada qanunlara nəzarət etməli olan bu dəllal yığnağının fəaliyyəti sərvət toplamağa yönəldilib, məsuliyyət və vəzifələri isə tamamilə unudulub.

İndi hamını bir məsələ düşündürür: Avropa Parlamenti deputatlarının çamadanlara yığdıqları sərvətlərin mənbəyi haradandır? Əgər bunları talamayıblarsa, onda haradan və kimdən aldıqlarını izah etsinlər. Ancaq səsləri çıxmır. Çünki bu dəfə günahların ünvanı elə özləridir.

Vəli İlyasov, “İki sahil”