17 sentyabr 2026 23:14
99

Korrupsiya, qalmaqallar və ikili standartlar - TƏHLİL

Və ya beynəlxalq sistem ciddi problemlə üz-üzə

Son illərdə Avropa Parlamenti (AP) insan hüquqları və beynəlxalq hüquq müdafiəçisi cildinə girsə də, daxilində yaşanan korrupsiya qalmaqalları və tutduğu qərəzli mövqe ilə öz mənəvi-siyasi nüfuzunu ciddi şəkildə sarsıtmışdır. Xüsusilə Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsindən sonra bu qurumun qəbul etdiyi əsassız qətnamələr obyektivlikdən uzaq, siyasi sifarişlərə əsaslanan anti-Azərbaycan ritorikasının göstəricisidir. Sentyabrın 15-də Bakıda keçirilən beynəlxalq konfransların iştirakçıları ilə görüşdə Prezident İlham Əliyev ikili standartlar təcrübəsinə xüsusi diqqət çəkdi. Bildirdi ki, dünyada yeri gəldi-gəlmədi sanksiyalar tətbiq edildiyi bir vaxtda, 30 ilə yaxın müddətdə Azərbaycan ərazisinin 20 faizini işğal altında saxlayan, dövlət səviyyəsində Azərbaycan xalqına qarşı etnik təmizləmə siyasəti, urbisid və ekosid həyata keçirən Ermənistana qarşı heç bir məhdudiyyət tətbiq olunmadı. Paralel olaraq, Azərbaycan lideri Avropa Parlamentini “korrupsionerlər yuvası” adlandıraraq Avropa təsisatlarına sərt qiymət verdi və Avropa ədalət mühakiməsinin ört-basdır etməyə üstünlük verdiyi səs-küylü korrupsiya qalmaqallarını xatırlatdı: “Avropa Parlamenti rüşvətxorlar yuvasıdır. Bunu mən tam məsuliyyətlə deyirəm - rüşvətxorlar yuvasıdır Avropa Parlamenti. Onun vitse-prezidentinin evindən çamadanlarla dolu milyonlarla dollar çıxdı, hamısını ört-basdır etdilər. …Neçə il keçib onun üstündən? Bir ölçü götürülüb ona qarşı? Yox! Məsuliyyətə cəlb edilib? Yox! Sərbəst buraxılıb. Avropa Parlamenti bax, bu islamofoblardan ibarətdir və bu da daim diqqət mərkəzində olmalıdır”.

Səs-küylü maliyyə maxinasiyaları və “ört-basdır edilmiş” faktlar

Avropa Parlamentinin "demokratiya dərsi" keçmək cəhdləri fondunda qurumun mərkəzində partlayan maliyyə qalmaqalları sistemin içindəki dərin deqradasiyanı ortaya qoydu. 2022-ci ilin dekabrında Belçika polisi Belçika və İtaliyada iyirmidən çox axtarış apardı. Şəxsi evlərdə və Brüssel otellərinin birində çantadakı yüz minlərlə avro nağd pul aşkar edildi. İki gün sonra Avropa Parlamenti 625 deputatın lehinə, bir deputatın əleyhinə səsi ilə Eva Kaylini vitse-prezident statusundan məhrum etdi. Ona cinayət təşkilatında iştirak, korrupsiya və çirkli pulların yuyulması ittihamları irəli sürüldü; o, Haren həbsxanasında 4 aydan bir qədər çox vaxt keçirdikdən sonra ev dustaqlığına buraxıldı. İllər keçməsinə baxmayaraq, korrupsiya qalmaqalı məhkəməyə çatmadı, skandal axtarışlarla başlayan təhqiqat isə tədricən səngidi. Əsas fiqurlar işdən ardıcıl olaraq uzaqlaşdı: əvvəlcə istintaq hakimi Klez (ətrafındakı şəxslərin fiqurantlarla qohumluq əlaqələri üzə çıxdıqdan sonra), daha sonra onu əvəz edən hakim, ardınca isə prokuror. Əsas fiqur istintaqla sövdələşməyə girərək azadlığa çıxdı. Beləliklə, bütün alətlərə və sübutlara malik olan sistem üç ildən çox vaxt ərzində nağd pulların müsadirə olunduğu işi məhkəməyə çatdıra bilmədi. Praktiki nəticə isə dəyişməz qaldı. Lakin bu tək belə hadisə deyil.. Əgər bu əhvalat yalnız Kayli ilə məhdudlaşsaydı, bunu prosessual xəta hesab etmək olardı. 2025-ci il dekabrın 2-də Belçika polisi Avropa Prokurorluğunun sorğusu ilə yeni axtarışlar apardı - bu dəfə Avropa Xarici Fəaliyyət Xidmətinin Brüsseldəki qərargahında və Brüggedəki Avropa Kollecində. Saxlanılanlar arasında Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə keçmiş ali nümayəndəsi və Avropa Kollecinin rəhbəri Federika Mogerini, habelə 2021–2024-cü illərdə Avropa Xarici Fəaliyyət Xidmətinin baş katibi vəzifəsini tutmuş Stefano Sannino da var idi. Bu şəxslərə dövlət satınalmalarında dələduzluq, korrupsiya, maraqların toqquşması və peşə sirrinin açılması üzrə ittihamlar irəli sürüldü. Mogerini rektor vəzifəsini tərk etməyə məcbur oldu. Göründüyü kimi, burada söhbət artıq sıravi avroşovinistlərdən deyil, beş il ərzində Avropa İttifaqının bütün xarici siyasətini, o cümlədən Cənubi Qafqaz üzrə kursunu müəyyən edən şəxsdən gedir.

Otuz illik işğal - sıfır sanksiya

1993-cü ildə BMT Təhlükəsizlik Şurası (TŞ) işğalçı qüvvələrin Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən 822, 853, 874 və 884 nömrəli qətnamələri qəbul etdi, Ermənistanın əməlləri isə BMT Nizamnaməsinə və beynəlxalq hüquqa zidd olaraq gücün qanunsuz tətbiqi kimi qiymətləndirildi. Lakin BMT TŞ-nin qərarlarının icrası məcburi olmasına baxmayaraq, həmin sənədlər iyirmi yeddi il ərzində görməzdən gəlindi, halbuki bu dövr ərzində beynəlxalq birlik daha az əsaslı səbəblərə görə onlarla dövlətə qarşı sanksiyalar tətbiq etmişdi. Münaqişənin nizamlanması üçün xüsusi olaraq yaradılmış ATƏT-in Minsk qrupu isə təxminən üç onillikdə heç bir nəticə vermədən fəaliyyət göstərdi. Onun həmsədrləri - Rusiya, ABŞ və Fransa - sonu görünməyən danışıqların real həlli əvəzlədiyi bir formatı saxlayırdılar. Mövcud status-kvo isə ərazi bütövlüyü kobud şəkildə pozulmuş Azərbaycan dövlətindən və Ermənistan təcavüzü nəticəsində qaçqın və məcburi köçkünə çevrilmiş bir milyondan çox azərbaycanlıdan başqa hamını qane edirdi.

Azərbaycanın 2020-ci ilin payızında Vətən müharibəsində qazandığı Qələbədən və 2023-cü ilin sentyabrında həyata keçirilən antiteror əməliyyatından sonra suverenliyimiz tam bərpa olundu, separatçı qurumlar ləğv edildi və onların rəhbərləri saxlanıldı. Qərbin reaksiyası isə o zaman ildırım sürəti ilə oldu: daimi ləngimə vəziyyətində olan Avropa Şurası 2023-cü ilin sentyabrından cəmi dörd ay sonra sanksiya məntiqini tətbiq etdi, lakin otuz il başqasının ərazisini işğal altında saxlayan tərəfə deyil, tarixi ədalətə görə bu torpaqların sahibi olan tərəfə qarşı. AŞPA-da Azərbaycan nümayəndə heyətinin səlahiyyətləri sual altına alındı, bundan sonra Bakı Assambleyadakı fəaliyyətini dayandırdı.

Mənəvi mandatın itirilməsi

Bu məqamda Prezident İlham Əliyevin bəyanatları bir nöqtədə birləşir. İllərdir Azərbaycan haqqında qətnamələr qəbul edən bir təsisat göz qabağında olan sübutlara baxmayaraq, öz korrupsiya işini araşdıra bilmədi; Bakıya “hüququn aliliyini” öyrədən qurum bunu öz ərazisində və öz rəhbərliyinə münasibətdə təmin edə bilmədi. Azərbaycan Avropa strukturlarından xüsusi münasibət tələb etmir - o, hamı üçün eyni və bərabər olan qaydaların tətbiqində təkid edir. Bununla belə, Bakı artıq obyektiv nəticə çıxarıb və hazırda Avropa ilə münasibətlərini praqmatik ikitərəfli əsasda - Berlin, Roma, Budapeşt, eləcə də Brüssel ilə iqtisadi və energetika tərəfdaşı kimi qurur, qərəzli siyasi platformalara bel bağlamır. Azərbaycan etibarlı enerji resursları təchizatçısı, Avropa Siyasi Birliyinin (ASB) sammitlərinin iştirakçısı və 2028-ci ildə keçiriləcək ASB forumunun ev sahibidir. Əsl cavab da elə budur: bəyanatlar ətrafında mənasız mübahisələr deyil, real nəticənin qiymətləndirildiyi sahədə iş görmək.

Sevinc Azadi, “İki sahil”