07 yanvar 2026 11:55
160

ABŞ Britaniyada hərbi təyyarə və helikopterlər yerləşdirib

ABŞ Silahlı Qüvvələri Böyük Britaniyadakı aviabazalara 14 ədəd C-17 Globemaster hərbi-nəqliyyat təyyarəsi və iki ədəd ağır silahlanmış AC-130J Ghostrider tipli təyyarə (uçan atəş dəstəyi platforması) yerləşdirib.

“İki sahil” xəbər verir ki, bu barədə The Times qəzeti məlumat yayıb.

Nəşrin yazdığına görə, şənbə günündən etibarən Kral Hərbi Hava Qüvvələrinə məxsus Safolk və Qlosterşir qraflıqlarında yerləşən üç aviabazaya ən azı 14 C-17 Globemaster təyyarəsi və iki AC-130J Ghostrider eniş edib.

Qeyd olunur ki, C-17 təyyarələri əsasən şəxsi heyətin, hərbi texnikanın və yüklərin sürətli daşınması üçün istifadə olunur, AC-130J isə yüksək atəş gücünə malik olmaqla döyüş əməliyyatlarında birbaşa dəstək məqsədi daşıyır.

Bununla yanaşı, Böyük Britaniyanın baş naziri Kir Starmer daha əvvəl Parisdə keçirilən görüşdə “istəklilər koalisiyası”nın sülh razılaşması əldə olunacağı təqdirdə Ukraynada qoşunların yerləşdirilməsi ilə bağlı bəyannamə imzaladığını bildirmişdi.