Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin Avropa Təhlükəsizlik Şurasının yaradılması təklifi Aİ ölkələrinin tənqidinə tuş gəlib.
“İki sahil” xəbər verir ki, bu barədə "Politico" nəşri yazır.
Qəzetin məlumatına görə, şuranın potensial rəhbəri adlandırılan Danimarkanın baş naziri Mette Frederiksen bu ideyada maraqlı olmadığını bildirib. Danimarkalı rəsmi "Politico"ya bildirib ki, "baş nazir Avropadakı təhlükəsizliklə bağlı hər bir şeydə çox fəaldır, lakin biz bu konstruksiyaya kifayət qədər şübhə ilə yanaşırıq, onsuz da kifayət qədər çox görüşlərimiz var".
Avropalı diplomatlar da təşəbbüsa istehza ilə reaksiya veriblər. Onlardan biri mövcud formatları sadalayaraq qeyd edib: "Ukrayna, Kanada, Norveç və Böyük Britaniya NATO-da görüşdükdən sonra Avropa Şurasına gəlir, "istəklilər koalisiyası" ilə qəhvə içirlər, Ukraynanı Dəstəkləyən Təmas Qrupuna qoşulurlar, Avropa Siyasi Birliyində toplaşırlar və nəhayət, qətiyyətli hərəkət etmək üçün Avropa Təhlükəsizlik Şurasında görüşürlər". "Aydındır ki, bütün bu illər ərzində Avropanı dünya səhnəsində ləngidən məhz görüşlərin az olması idi", - deyə o əlavə edib.
Digər bir etiraz məqamı isə məxfiliklə bağlıdır. Başqa bir diplomat bildirib: "Bizim müdafiə sahəsindəki məmurlarımız həssas məsələləri Aİ formatlarında müzakirə etməkdən rahatlıq duymurlar. Niyə burada başqa cür olmalıdır?"
Fon der Lyayenin təklifi Aİ, Böyük Britaniya, Norveç, Ukrayna və Kanada liderlərinin ümumi təhdidləri müzakirə edə biləcəyi platformanın yaradılmasını nəzərdə tutur. Qəzet qeyd edir ki, şura Donald Tramp administrasiyası dövründə Amerika dəstəyinin etibarlılığına dair şübhələr fonunda NATO-dan kənar format kimi düşünülüb.
Fransada poliş əməkdaşı terror aktı hazırlamaqda şübhəli bilinərək saxlanılıb