30 dekabr 2025 15:56
101

Litva Rusiya və Belarusla sərhəddə körpüləri MİNALAMAĞA HAZIRLAŞIR

Litvanın Müdafiə Nazirliyi Rusiya və Belarusla sərhəddə yerləşən körpülərin partlayıcı maddələrin yerləşdirilməsi üçün hazırlanması barədə göstəriş verib. Bu işlər “Baltik Müdafiə Xətti” layihəsi çərçivəsində həyata keçirilir.

“İki sahil” xəbər verir ki, bu barədə LRT nazirliyin nümayəndələrinə istinadla məlumat yayıb.

Məlumata görə, körpülər “partlayıcı maddələrin yerləşdirilməsi üçün konstruksiyalarla” təchiz ediləcək. Konkret körpülər və onlara aparan yollar ərazinin coğrafi xüsusiyyətləri və obyektlərin Litvanın müdafiə sistemi üçün strateji əhəmiyyəti nəzərə alınmaqla seçiləcək.

Hərbi qurum həmçinin LRT-yə bildirib ki, sərhədyanı ərazilərdə artıq onlarla maneə saxlama məntəqəsi, o cümlədən tank əleyhinə vasitələr üçün anbarlar yaradılıb. Suvarma kanallarının dərinləşdirilməsi istiqamətində də işlər aparılır.

NATO ölkələrinin şərq sərhədi boyunca Baltik Müdafiə Xəttinin yaradılması barədə qərar Baltik ölkələri tərəfindən 2024-cü ilin əvvəlində qəbul edilib. Layihənin məqsədi mümkün hərbi müdaxiləyə hazırlıq kimi açıqlanıb.