29 dekabr 2025 15:51
104

ABŞ-da korporativ müflisləşmələrin sayı SON 15 İLİN MAKSİMUMUNA ÇATIB

2025-ci ilin ilk 11 ayı ərzində ABŞ-da korporativ müflisləşmələrin sayı 15 il əvvəlki qlobal maliyyə böhranından bəri ən yüksək səviyyəyə yüksəlib.

“İki sahil” xəbər verir ki, bu barədə The Washington Post nəşri S&P Global Market Intelligence məlumatlarına istinadla məlumat yayıb.

İlin əvvəlindən noyabrın sonuna qədər ən azı 717 şirkət müflis olduğunu elan edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 14% çoxdur. Bu göstərici artıq 2024-cü ilin ümumi nəticəsini də üstələyib. Biznes üçün əsas mənfi amillər kimi inflyasiya, yüksək faiz dərəcələri və Donald Tramp administrasiyasının ticarət siyasəti göstərilir.

Ən böyük artım sənaye sektorunda qeydə alınıb: burada 110 şirkət müflis olub və 70 mindən çox insan işini itirib. Müəssisələr xaricdən xammal və komplektləşdirici hissələrin alınması xərclərinin artmasından ciddi zərər çəkiblər.

Qeyd olunur ki, statistikaya aktivləri 2 milyon ABŞ dollarından çox olan açıq şirkətlər və öhdəlikləri 10 milyon dollardan yuxarı olan özəl firmalar daxil edilib.