28 dekabr 2025 17:46
143

Moskvada Azərbaycan və Rusiya ziyalılarının nümayəndələri ilə görüş olub

Rusiyanın ölkəmizdəki səfirliyinin təşəbbüsü ilə Moskvada Azərbaycan və Rusiya ziyalılarının nümayəndələri ilə görüş olub. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində keçirilən tədbirdə iki ölkə arasında humanitar əlaqələrin mühüm rolu vurğulanıb.

“İki sahil” xəbər verir ki, Azərbaycanın Rusiyadakı səfirliyində təşkil olunan görüşdə Moskvanın aparıcı universitetlərinin alimləri və müəllimləri, teatr, kino, incəsənət və mədəniyyət mərkəzlərinin nümayəndələri, eləcə də müxtəlif sahələrdə çalışan Azərbaycan və Rusiya ziyalıları iştirak ediblər.

Görüşdə çıxış edən Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev ötən ilin ikitərəfli münasibətlər üçün sadə olmadığını qeyd edib. Vurğulanıb ki, keçən ilin dekabr ayında AZAL aviaşirkətinin təyyarəsi ilə bağlı baş verən faciə, şübhəsiz ki, bu münasibətlərə təsir göstərib. Buna baxmayaraq, Azərbaycan ilə Rusiya arasında əlaqələr iqtisadi və humanitar sahələrdə uğurla inkişaf etməyə davam edib. Digər istiqamətlərdə də heç bir yavaşlama və ya eniş müşahidə olunmayıb. Bu kontekstdə səfir Rusiyada yaşayan Azərbaycan icmasının nümayəndələrinə, eləcə də Rusiya ziyalılarına minnətdarlığını bildirib. O diqqətə çatdırıb ki, məhz onların səyləri və həyata keçirdikləri layihələr qeyd edilən sahələrdə ikitərəfli əməkdaşlığın davamlı inkişafına əhəmiyyətli töhfə verib.

Səfir Azərbaycan icmasını birliyə çağıraraq, iştirakçıları 2026-cı ildə Azərbaycan-Rusiya ikitərəfli münasibətlərinin prioritet istiqamətləri barədə də məlumatlandırıb.

Tədbir fikir mübadiləsi, əməkdaşlıq imkanlarının müzakirəsi və Azərbaycan ilə Rusiya arasında münasibətlərin inkişaf perspektivləri ilə bağlı diskussiyalarla başa çatıb.