BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında keçirilən “Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” mövzusunda beynəlxalq konfransın iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul ediblər.
“İki sahil” xəbər verir ki, Bakı Təşəbbüs Qrupu və beynəlxalq konfransın iştirakçıları adından qəbul edilən müraciətdə BMT Nizamnaməsinin xalqların hüquq bərabərliyi və öz müqəddəratını təyinetmə, insan hüquq və əsas azadlıqlarına hörmət prinsipləri əsas götürülüb. Sənəddə Ümumdünya İnsan Hüquqları Bəyannaməsi, insan hüquqlarına dair beynəlxalq paktlar, habelə qayıdış hüququ, dekolonizasiya və fundamental hüquqların müdafiəsinə dair BMT-nin müvafiq sənədləri xatırladılıb.
Müraciətdə bütün xalqların beynəlxalq hüquqa uyğun olaraq öz siyasi statuslarını sərbəst müəyyən etmək, iqtisadi, sosial və mədəni inkişaflarını sərbəst şəkildə həyata keçirmək hüququna malik olduqları bir daha təsdiqlənib. Doğma və əcdadların yaşadıqları torpaqlara təhlükəsiz və ləyaqətli qayıdışın, bununla yanaşı, mülkiyyət hüquqlarının bərpasının, mədəni, dini və tarixi irsin qorunmasının təmin edilməsinin əhəmiyyəti vurğulanıb. Sənəddə qayıdış hüququ, öz müqəddəratını təyinetmə və dekolonizasiya prinsiplərinin müxtəlif region və kontekstlərdə tətbiqinə münasibətdə qeyri-ardıcıl və selektiv yanaşmalardan narahatlıq ifadə olunub. Beynəlxalq hüquqa əsaslanan, icmaların mənalı iştirakını təmin edən dinc, inklüziv və hüquq əsaslı həll yollarının vacibliyi qeyd edilib.
Konfrans zamanı Bakı Təşəbbüs Qrupunun nümayəndələri, eləcə də qayıdış hüququ, dekolonizasiya, öz müqəddəratını təyinetmə, mədəni kimlik və tarixi ədalət məsələləri ilə məşğul olan icma və təşkilatların nümayəndələri tərəfindən səsləndirilən fikir və narahatlıqların nəzərə alındığı bildirilib.
Birgə müraciətdə konfrans iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərini Qərbi Azərbaycanda, Bonerdə, Arubada və Sen-Martendə yaşayan və ya bu ərazilərlə bağlı olan şəxslər, eləcə də Ziqh, Konqolu, Burundi və Ruanda icmalarının üzvləri daxil olmaqla, təsirə məruz qalmış şəxslərin təhlükəsiz, könüllü, ləyaqətli və davamlı qayıdışının dayanıqlı sülhün mühüm tərkib hissəsi kimi təşviqinin davam etdirilməsinə çağırmağa dəvət ediblər.
Müraciətdə mənzil, torpaq və digər əmlakın restitusiya edilməsi, bunun mümkün olmadığı hallarda isə adekvat kompensasiyanın təmin olunması üçün şəffaf və əlçatan mexanizmlərin yaradılmasının təşviq edilməsi istənilib. Sənəddə yaşayış faktını, mülkiyyət, vərəsəlik və ailə əlaqələrini təsdiq etmək üçün zəruri olan vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı sənədlərinin, əmlak reyestrlərinin, arxivlərin və digər sənədlərin qorunmasının və onlara çıxışın təmin edilməsinin vacibliyinin vurğulanmasına çağırış edilib. Bunun, xüsusilə torpaq və əraziləri ilə tarixi bağları müstəmləkə hakimiyyəti və ya digər tarixi ədalətsizliklər nəticəsində təsirlənmiş icmalar baxımından əhəmiyyətli olduğu bildirilib. Müraciətdə, həmçinin Ermənistan ərazisində Azərbaycanın mədəni, dini və tarixi irsinin, eləcə də Boner, Aruba və Sen-Martenin, Ziqh, Konqolu, Burundi və Ruanda icmalarının mədəni, dini və tarixi irsinin qorunması və mühafizəsi üçün səmərəli təminatların yaradılmasına çağırılıb.
Konfrans iştirakçıları qayıdış, dayanıqlı həll yolları, sülh quruculuğu, özünüidarəetmə və dekolonizasiya ilə bağlı proseslərdə təsirə məruz qalmış şəxslər və onları təmsil edən təşkilatlarla substantiv məsləhətləşmələrin aparılmasının təşviq edilməsini də istəyiblər.
Bununla yanaşı, fiziki təhlükəsizlik, dövlət xidmətlərinə çıxış, mülkiyyət hüquqlarının qorunması, mədəni və dini hüquqlar, habelə yenidən məcburi köçürülməyə qarşı təminatlar daxil olmaqla, qayıdış üçün mövcud şəraitin qərəzsiz və ayrı-seçkisiz monitorinqinə çağırış edilib.
Birgə müraciətdə qayıdış hüququ, öz müqəddəratını təyinetmə, dekolonizasiya, mülkiyyət hüquqları, mədəni kimlik, ayrı-seçkilik və müvafiq icma və ərazilərə təsir edən transmilli repressiya hallarının nəzərdən keçirilməsi zamanı BMT-nin müvafiq Xüsusi Prosedurları, müqavilə orqanları və digər beynəlxalq mexanizmləri arasında əməkdaşlığın gücləndirilməsinin təşviq olunması istənilib.
Sonda BMT-nin müvafiq mexanizmləri gələcək tematik fəaliyyətlərində, hesabatlarında, məsləhətləşmələrində, dövlətlər və vətəndaş cəmiyyəti ilə qarşılıqlı fəaliyyətlərində bu məsələlərə lazımi diqqət yetirməyə dəvət olunub.
Eyni zamanda, Qərbi Azərbaycan, Boner, Aruba və Sint-Marten nümayəndələri, eləcə də Siqx, Konqolu, Burundi və Ruanda icmalarının nümayəndələri ilə əməkdaşlığın genişləndirilməsi, BMT sistemi çərçivəsində qayıdış hüququ, dekolonizasiya, öz müqəddəratını təyinetmə və dayanıqlı həll yolları üzrə daha geniş əməkdaşlığın təşviq edilməsi çağırışı yer alıb.