25 noyabr 2025 09:31
279

Türkiyə bərpaolunan enerji istehsalını inkişaf etdirmək istəyir

Türkiyə Dünya Bankı (DB) ilə bərpaolunan enerji mənbələrinin əsasında generasiya gücünü artırmaq üçün 6 milyard dollar maliyyə paketinin ayrılması məsələsini müzakirə edir.

“İki sahil” xəbər verir ki, bu barədə Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar məlumat verib.

Onun sözlərinə görə, mövzu Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə vitse-prezidenti Antonella Bassaninin iştirakı ilə görüşdə nəzərdən keçirilib.

"İlkin maliyyə paketi üzərində işə başlamaq üçün razılıq əldə edilib və bu paket Türkiyənin Günəş və külək elektrik stansiyalarının generasiya gücünü 2035-ci ilə qədər 120 min MVt-a çatdırmaq məqsədi ilə istifadə olunacaq”, - deyə Bayraktar izah edib.

Nazir qeyd edib ki, borc götürülən vəsaitlərin əsasən yüksək gərginlikli elektrik xətlərinin tikintisinə sərf ediləcəyi planlaşdırılır.

Dünya Bankı nümayəndələrinin iştirak etdiyi iclasda Türkiyədə nüvə enerjisi və qazla işləyən elektrik stansiyalarının inkişafı məsələsi də nəzərdən keçirilib.