Fransada oktyabrın 17-də keçirilən aksiyalar zamanı baş verən zorakılıq və qarətlərdən sonra təhlükəsizlik tədbirləri gücləndirilir. Paris Polis Prefekturasının qərarına əsasən, oktyabrın 19-da saat 23:00-dan səhər saat 06:00-dək Respublika meydanı və Halles ərazisində komendant saatı tətbiq ediləcək. Paytaxtda saat 20:00-dan səhər saat 06:00-dək nümayişlərin keçirilməsi də qadağan olunacaq.
“İki sahil” xəbər verir ki, Fransanın şimalında yerləşən Lill, Duen, Vattinyi və Denen şəhərlərinin bəzi məhəllələrində də növbəti iki gün ərzində yetkinlik yaşına çatmayanlar üçün saat 20:00-dan 06:00-dək komendant saatı qüvvədə olacaq. Nitsa şəhərinin meri Erik Siotti isə bazar ertəsi axşamından etibarən şəhər mərkəzində azyaşlılar üçün saat 21:00-dan 06:00-dək hərəkət məhdudiyyəti tətbiq ediləcəyini açıqlayıb.
Fransa Ümumi Əmək Konfederasiyası hökumətin böhranı idarəetmə strategiyasını tənqid edərək, işçiləri dinc aksiyalarda iştirak etməyə çağırıb.
Bununla yanaşı, ticarət naziri Serj Papen 17 oktyabr aksiyaları zamanı talan edilmiş malların internet platformalarında satışa çıxarılması ilə bağlı tədbirlər görüləcəyini bildirib. Nazir müvafiq platformalardan qanunsuz satış elanlarının dərhal silinməsini tələb edib və belə halların cəzasız qalmayacağını vurğulayıb.
“Jilets jaunes” (“Sarı jiletlilər”) hərəkatının koordinasiya qrupu isə oktyabrın 24-də yeni aksiya mərhələsi keçirməyi planlaşdırdığını açıqlayıb.
Tramp Nyu-Meksiko ştatının adının “Yeni Amerika” olaraq dəyişdirməyi təklif edib