Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ABŞ-nin dövlət katibi Marko Rubionu "Buyuk xizmatlari uchun", ABŞ Prezidentinin Cənubi və Mərkəzi Asiya üzrə xüsusi elçisi Sercio Qoru isə "Dustlik" ordeni ilə təltif edib.
“İki sahil” xəbər verir ki, bu barədə Özbəkistan prezidentinin mətbuat xidməti məlumat yayıb.
Rubio Özbəkistan-ABŞ strateji tərəfdaşlığının inkişafına, siyasi-diplomatik, ticari-iqtisadi və mədəni-humanitar əlaqələrin genişləndirilməsinə verdiyi şəxsi töhfəyə, həmçinin Mərkəzi Asiyada sülhün, sabitliyin və dayanıqlı inkişafın möhkəmləndirilməsi səylərinə dəstəyinə görə mükafata layiq görülüb.
Bundan əlavə, onun yeni Özbəkistanın beynəlxalq təşəbbüslərinin təşviqinə göstərdiyi köməklik və iki ölkə xalqları arasında etimadın və dostluğun möhkəmləndirilməsindəki xidmətləri qeyd olunub.
Qor Özbəkistan və ABŞ arasında dostluq münasibətlərinin möhkəmləndirilməsinə və strateji tərəfdaşlığın genişləndirilməsinə verdiyi töhfəyə görə "Dustlik" ordeni ilə təltif edilib.
Onun siyasi dialoqun fəallaşdırılması, ikitərəfli razılaşmaların həyata keçirilməsi, ABŞ investorlarının cəlb edilməsi və birgə layihələrin təşviqi istiqamətində səyləri, habelə ABŞ-Özbəkistan İşgüzar və İnvestisiya Şurası çərçivəsində əməkdaşlığın inkişafına verdiyi töhfə qeyd edilib.