17 noyabr 2025 02:27
106

Liviyanın Xums şəhəri sahillərində miqrantları daşıyan iki qayıq batıb

Liviyanın paytaxtı Tripolidən 120 kilometr şərqdə yerləşən Xums şəhəri sahillərində miqrantları daşıyan iki qayıq batıb.

“İki sahil” yerli mənbələrə istinadla xəbər verir ki, 4 miqrantın cəsədi sudan çıxarılıb.

Liviya Qızıl Aypara Cəmiyyətinin məlumatına görə, batan birinci qayıqda Banqladeş əsilli 26 miqrant olub. Onlardan dördü ölüb. Digər qayıq isə 69 miqrantı Avropaya aparırmış, onlardan ikisi misirli və qalanları sudanlı olublar.

Liviya Qızıl Aypara Cəmiyyəti xilas olunan və ya itkin düşənlərin sayını bildirməyib.

BMT-nin Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) bu yaxınlarda verdiyi açıqlamaya görə, bu il Mərkəzi Aralıq dənizini keçməyə cəhd edərkən ölən miqrantların sayı 1000 nəfəri keçib.

Qeyd edək ki, noyabrın 8-də Liviya sahillərində qayığın batması nəticəsində 40-dan çox insanın öldüyü bildirilirdi. Sağ qalanların sözlərinə görə, qayıqda 49 miqrant və qaçqın, o cümlədən 47 kişi və 2 qadın olub. Yola düşdükdən təxminən altı saat sonra yüksək dalğalar mühərrikin sıradan çıxmasına səbəb olub. Altı gün dənizdə üzəndən sonra yalnız yeddi kişi sağ qalıb, onların dördü Sudandan, ikisi Nigeriyadan və biri Kamerundandır. Digər 42 nəfər itkin düşüb.