06 noyabr 2025 08:20
205

Şuşa Zəfərinə gedən yol

Azərbaycan tarixinin parlaq səhifələrindən biri, 2020-ci ilin noyabrında yazıldı. Bu tarix Azərbaycan xalqının otuz illik həsrətinə son qoydu, haqqın, ədalətin və milli qürurun təntənəsinə çevrildi. Şuşanın azad edilməsi sadəcə bir şəhərin azad olunması deyildi — bu, bütöv bir xalqın dirçəlişi, milli ruhun oyanışı idi.

1992-ci ilin mayında Şuşanın işğalı Azərbaycan üçün ağır zərbə oldu. Şuşa təkcə strateji əhəmiyyətli bir şəhər deyildi, o, Azərbaycan mədəniyyətinin, poeziyasının və musiqisinin beşiyi idi. Bu şəhər Üzeyir Hacıbəylinin, Bülbülün, Xurşidbanu Natəvanın, Cabbar Qaryağdıoğlunun doğulduğu, muğamın pərvazlandığı müqəddəs bir məkandı. Onun itkisi xalqın yaddaşına silinməz ağrı kimi həkk olundu.

Lakin bu ağrı heç vaxt ümidsizliyə çevrilmədi. Şuşa həsrəti nəsildən-nəslə ötürüldü, “Şuşa bizimdir, bizim olacaq!” inamı hər bir azərbaycanlının qəlbində yaşadı. O illər ərzində xalqımız daim o müqəddəs torpaqları azad görmək arzusu ilə yaşadı.

Prezident İlham Əliyevin uzaqgörən siyasəti və ordu quruculuğu

2003-cü ildə Prezident İlham Əliyevin rəhbərliyə gəlməsi ilə ölkənin həyatında yeni mərhələ başlandı. Dövlət başçısı yaxşı bilirdi ki, güclü dövlətin əsası güclü ordudur. Onun uzaqgörən siyasəti nəticəsində Azərbaycan Ordusu müasir texnologiyalarla təchiz edildi, şəxsi heyətin peşəkarlığı və döyüş hazırlığı artırıldı. Hərbi hissələrdə intizam və vətənpərvərlik ruhu gücləndirildi.

Bu illər ərzində həyata keçirilən məqsədyönlü islahatlar nəticəsində Azərbaycan Ordusu regionun ən qüdrətli ordularından birinə çevrildi. 2016-cı ilin Aprel döyüşləri və 2018-ci ilin Naxçıvan əməliyyatları ordumuzun yeni gücünün və peşəkarlığının bariz nümunəsi oldu. Bu döyüşlər sübut etdi ki, Azərbaycan əsgəri hər an torpaqlarını azad etməyə hazırdır.

Prezident İlham Əliyevin “Biz güclü dövlət qururuq və bu dövlətin əsas dayağı güclü ordudur” fikri illər ərzində gerçəyə çevrildi. Hərbi texnika, döyüş hazırlığı, ruh yüksəkliyi — bütün bu amillər son böyük zəfərin təməlini qoydu.

İkinci Qarabağ müharibəsi – haqqın və ədalətin bərpası

2020-ci ilin 27 sentyabrında başlayan İkinci Qarabağ müharibəsi Azərbaycan xalqının 30 illik səbrinin, inamının və iradəsinin təcəssümü idi. Ordumuz Ali Baş Komandanın rəhbərliyi ilə qısa zamanda Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonlarını azad etdi. Hər bir qələbə xəbəri xalqda böyük sevinc və qürur hissi oyadırdı.

Lakin hər kəsin gözü bir istiqamətə dikilmişdi – Şuşaya!

Çünki Şuşa azad olunmadan Qarabağ azad sayılmazdı.

Dağların qoynunda, qayaların üstündə ucalan Şuşaya gedən yol həm çətin, həm də şərəfli idi. Qəhrəman Azərbaycan əsgəri əlbəyaxa döyüşlərlə, dağları dırmaşaraq, bəzən silahsız şəkildə, yalnız iradə və cəsarətlə Şuşaya doğru irəlilədi. Hər addımda bir şəhidin izi, bir igidin nəfəsi vardı.

8 noyabr 2020-ci ildə Azərbaycan tarixinə qızıl hərflərlə yazılan gün gəldi - Şuşa azad edildi! Bu gün təkcə hərbi qələbə deyildi. Bu, ədalətin, tarixi həqiqətin və milli ruhun qələbəsi idi.

Prezident İlham Əliyev həmin günü belə səciyyələndirmişdi: “Şuşa bizim mədəniyyət beşiyimizdir. Biz onu döyüşlə, qəhrəmanlıqla, qanla azad etdik.”

Qələbədən sonra – Şuşanın dirçəlişi

Şuşa azad olunduqdan dərhal sonra şəhərin bərpası və dirçəldilməsi istiqamətində genişmiqyaslı işlər başlandı. Prezident İlham Əliyev Şuşanı “Azərbaycan mədəniyyətinin paytaxtı” elan etdi. Qısa zamanda “Xarıbülbül” musiqi festivalı və “Vaqif Poeziya Günləri” bərpa olundu. Şəhərin tarixi abidələri, məscidləri və küçələri yenidən həyat tapdı.

Bu gün Şuşa həm azadlığın, həm milli qürurun, həm də sarsılmaz iradənin simvoludur. Orada səslənən hər bir musiqi, oxunan hər bir şeir artıq azad nəfəsin, müstəqil Azərbaycanın səsi kimi ucalır. Şuşa Zəfəri xalqımızın birliyinin, dövlətimizin gücünün və Prezident İlham Əliyevin uzaqgörən siyasətinin parlaq nəticəsidir. Bu qələbə bir daha sübut etdi ki, Azərbaycan xalqı öz torpağını, şərəfini və haqqını qorumağa qadir bir xalqdır.

Əzəli və əbədi Şuşa bu gün azaddır!

Hər bir azərbaycanlı qürurla deyir: “Qarabağ Azərbaycandır! Şuşa Azərbaycandır!”

Elməddin Quliyev,
Humanitar Fənlər Liseyinin tarix müəllimi