07 noyabr 2025 00:12
74

AXCP, Müsavat Partiyası və “5-ci kolon”un siyasi iflası tarixi zərurətdir

Bu marginalların, autsayderlərin dövlətimizin mənafeyinə, milli maraqlarımıza zidd, ölkəmizin beynəlxalq nüfuzuna xələl gətirən xəyanətkar əməlləri cəmiyyətimiz tərəfindən çox ciddi təxribat kimi dəyərləndirilərək birmənalı şəkildə rədd edilir. Azərbaycanın siyasi səhnəsində bu satqın, rəzil zümrəyə yer olmamalıdır

Çağdaş dünyada gərgin, ziddiyyətli və qarışıq proseslərin getdiyi bir dövrdə qırx dörd günlük Vətən müharibəsindəki tarixi Zəfəri ilə yeni reallıqlar yaradan, lokal antiterror tədbirləri ilə suverenliyini tamamilə bərpa edən Azərbaycanda demokratiyanın inkişafı, insan hüquqlarının qorunması hökumətimizin başlıca prioritetləri sırasındadır. Ölkəmizdə bütün fundamental hüquqlar, o cümlədən ifadə azadlığı, media azadlığı, toplaşma azadlığı, dini etiqad azadlığı və vətəndaş cəmiyyətinin inkişafı tam şəkildə təmin edilir. Dövlətimizin başçısının təşəbbüsü və iradəsi ilə Azərbaycanda artıq siyasi islahatların yeni mərhələsi başlanıb, siyasi sistemin yeni konfiqurasiyası formalaşmaqdadır.

Daim siyasi dialoqu inkar edərək pozuculuq və inkarçılıq yolu tutan AXCP sədri Əli Kərimlinin və Müsavat Partiyasının başqanı İsa Qəmbərin əsas məqsədləri ölkədə iğtişaş yartamaq və necə deyərlər, bulanıq suda balıq tutmaqdır. Şübhəsiz, ölkənin ictimai-siyasi məkanında mövcud olan konsrtuktiv müxalif qüvvələrdən fərqli olaraq radikallığı, pozuculuğu ilə cəmiyyətdən ayrı düşərək marginallaşan, sosial bazadan məhrum olan Əli Kərimlinin və İsa Qəmbərin, eləcə də “5-ci kolon”un xəyanətkar təmsilçilərinin əsl məqsədləri xaricdən aldıqları sifarişlərə və qrantlara əsasən sosial şəbəkələrdəki trolları vasitəsilə, eləcə də mitinq-şoularla cəmiyyətdə gərginlik yaratmaqdır. Bu merkantillər antimilli fəaliyyətləri üzündən xaqlın dəstəyini itirdiklərinə görə yalnız söyüş dolu şüarlarla gündəmdə qalmaq, öz ağalarına və xarici dayılarına hələ meydanlarda olduqlarını göstərmək üçün bütün çirkin vasitələrdən istifadə edirlər. Axı alınan pulların müqabilində xaricdəki ağalara xidmət göstərmək lazımdır.

Hazırda ölkəmizin ictimai-siyasi həyatında dialoq mövcuddur. Təbii ki, söhbət iqtidar-müxalifət dialoqundan gedir. Çox təəssüf ki, bəzi xarici anti-Azərbaycan dairələrin sifarişlərini yerinə yetirən, bu dialoqa hər vəchlə mane olan qüvvələrin önündə AXCP və Müsavat Partiyası gedir. Antimilli ünsürlərin yuvasına çevrilən bu təşkilatların “başbilənləri” Əli Kərimli, İsa Qəmbər, Arif Hacılı kimilər cəmiyyətdə siyasi qarşıdurma, pozuculuq, bölücülük, intriqa və təfriqələr yaratmaq üçün ən çirkin vasitələrə əl ataraq hazırda intensiv və yüksək səviyyədə olan iqtidar-müxalifət dialoquna qarşı qara piar kampaniyası aparır, əsassız iddiaları, müxtəlif bəhanələri, məkrli planları, oyunbazlıqları ilə bu prosesə kölgə salmaq üçün min bir oyundan çıxırlar. 

Heç kimə sirr deyil ki, radikal müxalifətin səsli-küylü, pafoslu, necə deyrələr, beş-üç nəfərdən ibarət qohum- qardaş mitinqlərinin və idarəolunan “etiraz”larının təşkil olunmasında hazırda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə haqqında dörd aylıq ev dustaqlığı həbs qərarı verilmiş Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin və komandasının əli olub. Radikal müxalifət düşərgəsində təmsil olunan siyasi partiyaların saxta sənədləri ilə ayrı-ayrı xarici ölkələrdə sığıncaq tapan üzdəniraq “söyüş müxalifəti” nin təşkil olunmasında Mehdiyev qaragürunun barmağının olmasına artıq kimsədə şübhə yeri qalmır. Son günlər xaricdəki bu xəyanətkar dəstənin çirkli pullar qarşılığında fəallaşması və müxtəlif üsullardan, necə deyərlər, priyomlardan istifadə edərək Mehdiyəvə dəstək vermələri bəzi qaranlıq mətləblərin üzərinə işıq salır. Belə ki, R.Mehdiyevin merkantil maraqlarına, şəxsi ambisiyalarına görə daim Azərbaycanın əleyhdarları, radikal müxalifətin rəhbərcikləri və “5-ci kolon”un təmsilçiləri ilə işbirliyində olduğunu açıq-aşkar görmək olur.

Şübhəsiz, Azərbaycan əleyhdarlarının bütün bu cəhdləri mənasızdır. Çünki hər bir azərbaycanlı yaxşı bilir ki, ölkəmizə qarşı mənəviyyatsızcasına qarayaxma kampaniyası aparan bu məkrli qüvvələr gec-tez məğlub olacaqlar. Heç bir dəyər tanımayan, vicdan ölçüsü daşımayan, əxlaqı pozuq, mənliyini, milli qürurunu, şərəf və ləyaqətini şəxsi maraqlarına, üç-beş qəpiyə satan Əli Kərimlinin, İsa Qəmbərin və “5-ci kolon”çuların bu xəyanətkar merkantillərin dövlətimizin mənafeyinə, milli maraqlarımıza zidd, ölkəmizin beynəlxalq nüfuzuna xələl gətirən xəyanətkar əməlləri cəmiyyətimiz tərəfindən çox ciddi təxribat kimi dəyərləndirilərək birmənalı şəkildə rədd edilir. İctimaiyyətimizin qəti fikri belədir ki, Azərbaycan əleyhdarı olan qüvvələrlə işbirliyində olan bu marginal, satqın, mənəvi-əxlaqi deqradasiyaya uğrayan, xəyanətə vərdiş edən qaragüruhçu dəstə tarix və xalq qarşısında cavab verərək öz layiqli cəzalarını almalıdırlar. Azərbaycanın siyasi səhnəsində bu xəyanətkarlara yer olmamalıdır.

Zahid Rza, “İki sahil”