06 noyabr 2025 17:12
112

Böyük Zəfər: mövcud geosiyasi reallıqlar sülh, təhlükəsizlik və yeni perspektivlər vəd edir

Ermənistanın uzun illər ərzində həyata keçirdiyi işğalçı siyasət regionda sabitlik və sülh üçün ciddi təhlükə mənbəyi olmuşdur. XX əsrin sonlarında baş qaldıran bu təcavüzkar siyasət nəticəsində Azərbaycan torpaqlarının 20 faizi işğal altına düşmüş, bir milyondan çox insan öz doğma yurdlarından didərgin salınmış, kəndlər və şəhərlər dağıdılmış, tarixi və mədəni irsimiz məhv edilmişdir. Qonşu dövlət tərəfindən törədilən bu vandalizm aktları həm də beynəlxalq hüquqa və ədalət prinsiplərinə qarşı yönəlmişdi. Lakin Azərbaycan dövləti sülh, ədalət və beynəlxalq hüquqa sadiqliyini daim qorumuş, uzun illər ərzində problemin diplomatik yollarla həllinə çalışmışdır.

Bu prosesdə əsas məqsəd ərazi bütövlüyünün bərpası, müstəqilliyin qorunması və milli təhlükəsizliyin təmin edilməsi idi. Dövlətimizin siyasi rəhbərliyi həmin istiqamətdə ardıcıl və məqsədyönlü addımlar ataraq hərbi, iqtisadi və diplomatik gücü paralel şəkildə inkişaf etdirdi. Güclü iqtisadiyyat formalaşdırıldı, müdafiə sənayesi yenidən quruldu, beynəlxalq əlaqələr genişləndirildi. Sözügedən mərhələdə hərbi sənaye kompleksinin modernləşdirilməsi, yerli istehsalın artırılması, yüksək texnologiyaların tətbiqi və kadr potensialının gücləndirilməsi ordu quruculuğunun əsas dayaqlarına çevrildi.

Azərbaycanın iqtisadi sahədə qazandığı uğurlar hərbi-siyasi müstəvidə mövqelərin möhkəmlənməsinə şərait yaratdı. Ölkə iqtisadiyyatının şaxələndirilməsi, enerji və nəqliyyat layihələrinin həyata keçirilməsi, xarici investisiya mühitinin sabitliyi regional liderlik üçün zəmin formalaşdırdı. Bakı–Tbilisi–Ceyhan və Bakı–Tbilisi–Qars kimi strateji layihələr dövlətimizin geosiyasi əhəmiyyətini artırdı. Cənub Qaz Dəhlizi kimi qlobal enerji layihələri isə ölkəmizi etibarlı tərəfdaşa çevirdi. Bu uğurlar diplomatiyanın və iqtisadi gücün sintezini təmin edərək, gələcək Qələbənin siyasi bazasını yaratdı.

2020-ci ilin 27 sentyabr tarixində Ermənistan tərəfindən törədilən növbəti təxribatlara cavab olaraq başlanan “Dəmir yumruq” əməliyyatı müstəqil dövlətimizin gücünü, ordumuzun yüksək hazırlıq səviyyəsini və xalqın sarsılmaz birliyini bütün dünyaya nümayiş etdirdi. Cəbhə boyu aparılan əməliyyatlar Azərbaycan Ordusunun yüksək koordinasiya və strateji planlaşdırma bacarığını göstərdi. Müasir silah sistemlərinin, pilotsuz uçuş aparatlarının və dəqiq zərbə texnologiyalarının tətbiqi düşmən ordusunu iflic vəziyyətinə saldı. Hərbi əməliyyatların uğuru ilə yanaşı, informasiya müharibəsində də Azərbaycan diplomatik və ideoloji üstünlüyünü qoruyaraq beynəlxalq ictimaiyyətin dəstəyini qazandı.

44 gün ərzində aparılan əks-hücum əməliyyatları nəticəsində şəhərlər və yüzlərlə kənd işğaldan azad edildi. Xüsusilə, Şuşa şəhərinin azad edilməsi Vətən müharibəsinin həlledici mərhələsi oldu və şanlı ordumuzun qəhrəmanlığı tarixə yazıldı. 2020-ci il noyabrın 9-dan 10-na keçən gecə imzalanan Üçtərəfli Bəyanat Ermənistanın kapitulyasiyası və Azərbaycanın tam Qələbəsi ilə nəticələndi. Həmin sənəd əsasında Ağdam, Kəlbəcər və Laçın rayonlarının döyüşsüz təhvil verilməsi dövlətimizin diplomatik və hərbi üstünlüyünün nəticəsi idi.

Zəfər yalnız hərbi gücün deyil, həm də diplomatiyanın parlaq təntənəsi idi. Müharibədən öncə və sonra həyata keçirilən xarici siyasət kursu Azərbaycanın beynəlxalq imicini möhkəmləndirdi. Dövlət rəhbərliyinin qətiyyətli mövqeyi, qlobal platformalarda balanslı siyasəti və regionda sülh çağırışları nəticəsində ölkəmiz etibarlı tərəfdaş kimi qəbul olundu. Qələbə diplomatiyası ölkəmizin beynəlxalq nüfuzunu yeni səviyyəyə yüksəltdi və regionda yeni geosiyasi reallıqların əsasını qoydu.

Tarixi Qələbənin əbədiləşdirilməsi məqsədilə mühüm dövlət qərarları qəbul edildi. Prezident, Ali Baş Komandan İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzalandığı müvafiq Sərəncamla 8 Noyabr – Zəfər Günü təsis olundu. Bakıda keçirilən Zəfər paradı, yaradılan Hərbi Qənimətlər Parkı xalqın qürur və vətənpərvərlik hissini daha da gücləndirdi. Bu tədbirlər həm Qələbənin mənəvi əhəmiyyətini qorumaq, həm də gələcək nəsillərdə milli dəyərləri ötürmək məqsədi daşıyırdı.

Sonrakı mərhələdə Azərbaycanın təhlükəsizlik siyasəti və hərbi potensialı daha da möhkəmləndirilmişdir. 2023-cü ilin sentyabrında həyata keçirilən lokal antiterror əməliyyatı nəticəsində Qarabağda qondarma rejim tamamilə ləğv olundu, ölkənin konstitusion quruluşu və suveren nəzarəti tam təmin edilmişdir. Bu amillər müstəqil dövlətimizin suverenliyinin bərpası baxımından strateji dönüş nöqtəsi idi. Prezident İlham Əliyev 2024-cü il 19 sentyabr tarixində “Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında” Sərəncam imzalamışdır. Sərəncama əsasən hər il sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi qeyd edilir.

Qələbədən sonrakı dövrdə Böyük Qayıdış Proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərin bərpası sürətlə həyata keçirilir. Yeni şəhərsalma layihələri, enerji və nəqliyyat infrastrukturu, sosial obyektlər müasir tələblərə uyğun şəkildə inşa olunur. Bu proqramın icrası həm iqtisadi dirçəlişə, həm də sosial rifaha xidmət edir. 2025-ci ilin oktyabr ayına qədər 4800-dən çox ailənin azad olunmuş ərazilərə köçürülməsi təmin edilib. Bu proses xalqın doğma torpaqlara dönüşünün, milli qürurun bərpasının və dövlət siyasətinin davamlılığının parlaq nümunəsidir.

Sosial istiqamətdə atılan addımlar da diqqətəlayiqdir. “YAŞAT” Fondu, Qarabağ Dirçəliş Fondu və digər dövlət proqramları şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına xüsusi qayğı ilə yanaşmanı təmin edir. Dövlət başçısının tapşırığı ilə həyata keçirilən sosial layihələr həm də milli həmrəyliyin təzahürüdür.

Azərbaycan yeni inkişaf mərhələsindədir, dövlət siyasətinin ardıcıllığı və strateji baxış ölkəmizi regionda sülhün, təhlükəsizliyin və tərəqqinin əsas dayağına çevirmişdir. Tarixi Zəfər yalnız torpaqların azadlığı deyil, həm də müasir və güclü dövlətçilik modelinin qələbəsidir.

Nurlan Həsənov,
​Milli Məclisin deputatı