06 noyabr 2025 15:33
115

Qazanılan parlaq Zəfər ölkə rəhbərinin qurduğu müzəffər Azərbaycan Ordusunun qələbəsi idi

Azərbaycan xalqı Vətən müharibəsində qazanılmış şanlı Qələbəmizin beçinci ildönümünü - Zəfər Gününü böyük coşqu, sevinc və qürur hissləri ilə qeyd edir.    Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazılan  8 Noyabr –Zəfər Günü, dövlətimizin, ordumuzun və xalqımızın birliyininin, gücünün və əzminin təntənəsidir. Bu gün, 2020-ci ilin 44 günlük Vətən müharibəsində Azərbaycan ordusunun əldə etdiyi şanlı qələbənin rəmzidir. Ümummilli Lider Heydər Əliyevin qurduğu möhkəm dövlətçilik təməlləri və Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan öz torpaqlarını işğaldan azad etdi.

Müstəqilliyimizin ilk illərinə nəzər salsaq xalqımız taleyin ağır sınaqları ilə üz-üzə qalmışdı.  1990-cı illərin əvvəllərində Azərbaycanın  yenicə bərpa etdiyi müstəqilliyini itirmək təhlükəsi yaranmışdı, lakin bu ağır günlərdə xalq  qətiyyətli iradə nümayiş etdirərək öz taleyinə sahib çıxmağı bacardı. 1992-ci il noyabrın 21-də təsis edilməsindən qısa müddət sonra  Yeni Azərbaycan Partiyası  ümumxalq partiyasına çevrildi. Partiyaya  Heydər Əliyev kimi müdrik şəxsiyyətin rəhbərlik etməsi  və öz ətrafında əhalinin bütün təbəqələrindən olan insanları birləşdirməsi, həmin dövrdə  Azərbaycanı  üzləşdiyi  ağır böhrandan xilas etmək missiyasını öz üzərinə götürməsi tarixi hadisə idi. Partiyanın  proqramında əksini tapmış vəzifələrin yerinə yetirilməsi və  ideoloji prinsiplərə riayət edilməsi vasitəsilə   Azərbaycanın üzləşdiyi acınacaqlı vəziyyətdən çıxış yolları  göstərilirdi.

1993-cü ildə Azərbaycanda xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev dövlətin  müstəqilliyini əbədi və dönməz etdi. Ulu Öndər Heydər Əliyev ölkədə xaos və anarxiyanı, cəmiyyətdə hökm sürən iqtisadi, siyasi və mənəvi psixoloji gərginliyi aradan qaldırdı.  1995-ci il noyabrın 12-də  müstəqil Azərbaycan dövlətinin ilk Konstitusiyası qəbul edildi. Bu Konstitusiya müstəqil dövlət quruculuğu prosesini tənzimləyən, demokratik inkişafa təminat yaradan, cəmiyyətin siyasi, sosial, mədəni, iqtisadi sferalarında köklü dəyişiklikləri özündə ehtiva edən, qanunvericiliyin təkmilləşdirilməsində hüquqi baza rolunu oynayan mükəmməl və mütərəqqi sənəddir. Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq məfkurəsini  milli ideologiya səviyyəsinə qaldırması ictimai münasibətlərin inkişafına keyfiyyətcə yeni xüsusiyyətlər gətirdi.

Ulu Öndər Heydər Əliyevin uğurlu siyasi varisi ölkə rəhbəri, Yeni Azərbaycan Partiyasının Sədri  cənab İlham Əliyevin rəhbərliyi  altında dövlətimizin qüdrəti, beynəlxalq nüfuzu daha da artmışdır. Ali Baş Komandanımız cənab İlham Əliyev bizə Böyük Zəfəri, Qələbəni, müasir tələblərə cavab verən Müzəffər Ordunu, müstəqil xarici siyasəti olan güclü Azərbaycanı və ən nəhayət  Dövlət-Xalq və Hakimiyyətin siyasi münasibət fonunda həmrəyliyinə  nail olunmasını qazandırdı. Qəhrəman Azərbaycan əsgəri döyüş meydanında misilsiz igidlik və vətənpərvərlik nümunəsi göstərdi.  Müharibə dövründə xalq öz birliyini və gücünü nümayiş etdirdi. On minlərlə insanın orduya könüllü kimi yazılması, eləcə də ermənilərin hərbi təxribatları zamanı öz evlərinin tərk etməməsi faktı Azərbaycanda xalq-ordu birliyi və orduya olan inamından xəbər verirdi. “Dəmir yumruq” əməliyyatının ilk saatlarında cəbhə xəttindən sevindirici xəbərlər gəlməyə başladı. 44 gün ərzində hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, işğala son qoyulsun və tarixi ədalət zəfər çalsın. Bu, xalqımızın yüksək mənəvi keyfiyyətlərindən xəbər verir. Müxtəlif dairələrdən olan müntəzəm təzyiq və təhdidlərə rəğmən Azərbaycan öz haqq savaşında zəfər çaldı. Bu tarixi qələbəni isə xalqımız başqalarının yardımı, güclü dövlətlərin siyasəti ilə deyil, öz müdrik rəhbərinin başçılığı, Azərbaycan əsgərinin şücaəti, qəhrəmanlığı, şəhidinin qanı, qazilərinin fədakarlığı sayəsində qazandı.  Bu Qələbə müzəffər Azərbaycan Ordusunun bütün güc-qüdrətinin, dünyanın ən müasir orduları sırasında yer aldığının, əsgər və zabitlərimizin igid, cəsur və qorxmazlığının, peşə bacarığı və ruh yüksəkliyinin təsdiqi idi.

8 Noyabr tarixi, eyni zamanda, Şuşa şəhərinin azad olunduğu gün kimi yaddaşlara həkk olunub.Şuşanın azad edilməsiVətən müharibəsinin gedişatında dönüş nöqtəsi oldu.Bu qələbə təkcə hərbi yox, həm də mənəvi zəfər idi – çünki Şuşa Azərbaycanın mədəniyyət beşiyidir. Şuşa Qələbəsi, Şuşa Uğuru Azərbaycan dövlətinin siyasi, iqtisadi və hərbi qüdrətinin bir daha bütün dünyaya nümayişi idi. 

Tarixi qələbədən sonra Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin işğaldan azad edilən ərazilərə səfərləri də dövlət başçısının sevinc hisslərini ilk növbədə, xalqla bölüşmək arzusundan irəli gəlir. Onun həmin bölgələrdə yaşayan əhali tərəfindən böyük coşqu və izdiham­la qarşılanması isə xalqın öz liderinə, müzəffər sərkərdəsinə bəslədiyi ehtiramın təzahürüdür. Beləliklə sentyabrın 27-dən başlayan, 44 gün davam edən və işğal altındakı ərazilərimizin azad olunması ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi.

Müzəffər Ali Baş Komandanımızın  15 oktyabr 2023-cü ildə Xankəndində Azərbaycan bayrağını ucaltması ilə “Nəyi, necə, nə vaxt etmək lazımdır onu mən bilirəm” ifadəsi sözün əsil mənasında qızıl sözlər kimi tarixə yazıldı.  Tarixi Zəfərimizdən ötən beş ilin uğurlarının miqyası ölçüyəgəlməzdir. Əsas hədəflərdən biri azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin həyata keçirilməsi, soydaşlarımızın doğma yurd-yuvalarına qayıdışıdır. Son beş il bu istiqamətdə qürurverici addımlarla tariximizə yazıldı. Azad edilmiş ərazilərimiz müasir tələblər səviyyəsində yenidən qurulur, mərhələ-mərhələ sakinlərinə qovuşurlar. Böyük Qayıdış strategiyası yeni infrastrukturun yaradılması ilə yanaşı, işğaldan azad olunmuş əraziləri ümumilikdə  regionun yeni inkişaf modelinə çevirməkdən ibarətdir. Qarabağ və Şərqi Zəngəzur cənnət məkana çevrilir.  Zəfər  Günü həm də  gələcək nəsillar üçün vətənpərvərlik, birlik va mübarizlik nümunəsidir.  Möhtəşəm Zəfər günümüz tariximizdə əbədi yaşayacaq və milli birlik və həmrəyliyimizin təntənəsi kimi gələcək nəsillərə ötürüləcəkdir.

Ayaz Cəbrayılov,

Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri