Azərbaycan xalqı tarix boyu çox sınaqlardan keçmiş, saysız-hesabsız mübarizələr aparmışdır. Lakin elə bir zəfər yoxdur ki, 2020-ci ilin 44 günlük Vətən müharibəsində əldə etdiyimiz Qələbə ilə müqayisə olunsun. Bu Qələbə təkcə hərbi uğur deyil, həm də milli birliyin, xalqın iradəsinin və dövlətin qüdrətinin təntənəsidir.
Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə dünya hərb tarixində misilsiz bir səhifə yazdı. Düşmənin illərlə qurduğu istehkamları darmadağın edən igid əsgərlərimiz, torpaqlarımızı bir-bir azad edən qəhrəman zabitlərimiz və xalqın sarılmaz dəstəyi bu möhtəşəm Zəfərin əsas dayağı oldu.
Bizim qədər parlaq, tam və mütləq Qələbə qazanan ikinci bir ölkə olmayıb. Çünki bu Qələbə həm haqqın, həm ədalətin, həm də Vətənin zəfəridir. Azərbaycan xalqı 30 il həsrətində olduğu torpaqlara qayıtdı, şəhidlərimizin ruhu rahatlıq tapdı, dövlətimizin suverenliyi bərpa olundu.
Bu Qələbə, eyni zamanda, Ulu öndər Heydər Əliyevin “Mən fəxr edirəm ki, azərbaycanlıyam!” kəlamının ən möhtəşəm təsdiqidir. Ulu öndərin illərlə qurduğu dövlətçilik təməlləri, ordu quruculuğu və milli həmrəyliyi təmin edən siyasət olmasaydı, bu qələbəni qazanmaq mümkün olmazdı.
Bu gün Qarabağda üçrəngli bayrağımız dalğalanırsa, bu, həm Heydər Əliyev məktəbinin, həm İlham Əliyevin qətiyyətinin, həm də Azərbaycan xalqının birliyinin nəticəsidir.
44 günlük savaş sübut etdi ki, Azərbaycan xalqı istədiyi zaman dünyaya öz gücünü, öz iradəsini göstərə bilər. Bizim Qələbəmiz tarixin yaddaşına ədalətin bərpası kimi yazıldı və əsrlər boyu nəsillərə ilham mənbəyi olacaq.
Bu Qələbə həm də bir mesaj idi: Azərbaycan xalqı heç vaxt haqqından, torpağından, bayrağından vaz keçməz. Və bu gün hər birimiz qürurla deyirik
Biz qalib xalqıq! Bizim qədər parlaq, tam və mütləq Qələbə qazanan ikinci xalq yoxdur!
Əlvan Abbasov,
Bakı şəhəri, Xətai rayonu 263 nömrəli tam orta məktəbin müəllimi,
YAP Xətai rayon təşkilatının ərazi partiya təşkilatının üzvü