06 noyabr 2025 09:21
77

Ermənistan niyə tələsmir?

2023-cü ildə Azərbaycan lokal xarakterli antiterror tədbirləri sayəsində öz suverenliyini tam bərpa etdikdən sonra Ermənistanla münasibətlərin normallaşması istiqamətində tərəflər arasında birbaşa təmaslar və birgə səylərin intensivliyi daha da artdı. Bu çərçivədə 8 avqustda ABŞ-da keçirilən Zirvə görüşü və imzalanan sənədlər tarixi əhəmiyyət daşıyır. Şübhəsiz, Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Azərbaycanla Ermənistan arasında sülh sazişinin paraflanması onilliklərlə davam edən münaqişəyə son qoyulması istiqamətində mühüm addımdır. Xatırladaq ki, sülh mətni hesab olunan bu sənəd rəsmi Bakının irəli sürdüyü şərtlər əsasında hazırlanıb.

Artıq ATƏT Nazirlər Şurası tərəfindən ATƏT-in Minsk Prosesi və əlaqəli strukturlarının bağlanmasına dair qərar qəbul olunub, Naxçıvanla Azərbaycanın əsas hissəsini Ermənistan ərazisi üzərindən birləşdirəcək TRIPP (Trump Route for International Peace and Prosperity) layihəsi üzrə çərçivə razılaşdırılıb, Azərbaycan Ermənistana işğaldan bəri mövcud olan yüklərin tranziti məhdudiyyətlərini aradan qaldırıb. Hətta Prezident İlham Əliyevin Ermənistana yük tranziti ilə bağlı işğaldan bəri mövcud olan bütün məhdudiyyətlərin aradan qaldırılması barədə bəyanatına uyğun olaraq, noyabrın 4-də saat 00:15-də Rusiya Federasiyasından Azərbaycan və Gürcüstandan tranzit keçməklə ümumi çəkisi 1048 ton 800 kiloqram olan buğda yüklü 15 vaqon rəsmiləşdirilərək Ermənistana yola salınıb. Ermənistan hökuməti rəsmi Bakının atdığı bu addımı yüksək dəyərləndirib. Üstəlik, oktyabrın 21-22-də İrəvanda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə ikitərəfli dəyirmi masa da keçirilib.  Yaxın vaxtlarda Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin də Azərbaycana qarşılıqlı səfər edəcəkləri gözlənilir. Xatırladaq ki, vətəndaş cəmiyyəti nümayəndələrinin cəlb olunmasından əvvəl Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Beynəlxalq Təhlükəsizlik Forumunda iştirak etmək üçün Bakıya səfər edib. Şübhəsiz, bu cür səfərlər və mübadilələr iki öllkə arasında qarşılıqlı inam və anlaşmanın möhkəmlənməsinə, eyni zamanda Ermənistan və Azərbaycan arasında sülhün möhkəmlənməsinə töhfə verməkdədir. Bütün bunlar isə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasının və getdikcə sülhə daha da yaxınlaşmasının bariz nümunələridir. Bu isə o deməkdir ki, Vaşinqtonda imzalanan sənəd əməkdaşlıq üçün real stimul verib.

Prezident İlham Əliyev əldə olunan bu nailiyyətləri Azərbaycan ilə Ermənistan arasında yeni sülh dövrünün başlanğıcı kimi dəyərləndirib.  Ermənistanın baş naziri Nikol Paşinyan da bu yaxınlarda VIII Paris Sülh Forumu çərçivəsində keçiriən tədbirdə Ermənistan ilə Azərbaycan arasında sülhün artıq artıq reallıq olduğunu bildirib.

Elə isə bəs sülh sazişinin imzalanmasına nə mane olur? Hər şeydən əvvəl, bunun yeganə səbəbi Ermənistan konstitusiyasının preambula hissəsində Azərbaycana qarşı ərazi iddialarının yer almasıdır. Bunun üçün referendum keçirilməlidir. Amma bu məsələdə Ermənistan rəsmiləri nala-mıxa vurmaqdadırlar. Yəni, onlar bununla bağlı ikibaşlı bəyanatlar verməkdədirlər. Belə ki, onlar konstitusiyalarında Ermənistanın qonşularına qarşı heç bir ərazi iddiası olmamasını və gələcəkdə də belə iddiaların qaldırılmasına hüquqi əsas olmadığını bildirməkdə davam edirlər. Halbuki Ermənistanın hakim "Vətəndaş Müqaviləsi" Partiyası 2026-cı ilin iyununda parlament seçkiləri keçirildikdən sonra ölkənin yeni konstitusiyasının qəbul edilməsi prosesini başlatmaq niyyətində olduğunu bəyan etmişdi. Amma oktyabrın 27-də Ermənistanın ədliyyə naziri Srbuhi Qalyan bildirib ki, Müstəqillik Bəyannaməsi və konstitusiyanın birinci fəslinə istinadlar hələ də müzakirə olunmayıb.

Xatırladaq ki, bu, sülh sazişinin imzalanması üçün rəsmi Bakının tələbidir. Yəni, konstitusiyada dəyişiklik ediləndən sonra sülh sazişinin imzalanması üçün heç bir maneə qalmayacaq. Ermənistan isə bu vacib məsələni yubatmaqdadır. Bu isə Ermənistana heç də yaxşı şeylər vəd etmir. Rəsmi Bakı yaxşı bilir ki, Ermənistan konstitusiyadan sözügedən iddianı dəyişməsə, gələcəkdə istənilən yeni hakimiyyət sülh sazişini yenidən nəzərdən keçirə bilər. Buna görə də Azərbaycanın konstitusiyaya düzəlişlər edilməsini tələb etməsi tam əsaslıdır. Prezident İlham Əliyevin dediyi kimi, “Bu, birbaşa bizə aidiyyəti olan məsələdir. Bizim ərazi bütövlüyümüzə olan açıq tələbdir, iddiadır. Ona görə bu düzəliş edilmədən sülh sazişi imzalana bilməz”.

Yeri gəlmişkən, Ermənistan bir zamanlar rəsmi Bakının Minsk qrupunun ləğvi ilə bağlı təklifinə də əhəmiyyət vermək istəmirdi. Amma sonradan dərk etdi ki, Minsk qrupunun de-yure qalması tamamilə məntiqsizdir. Şübhəsiz, bu məsələ müəyyən qədər vaxt apardı. Görünür, Ermənistan vaxt uzatmağın aludəçidir. Bu mənada təcavüzkar ölkənin konstitusiya dəyişiklik etməsi zaman məsələsidir desək, yanılmarıq. Amma yaxşı olar ki, rəsmi İrəvan bu məsələni tezləşdirsin. Çünki bu, paraflanmış sülh sazişinin ruhu ilə ziddiyyət təşkil edir.

Qvami Məhəbbətoğlu, “İki sahil”