05 noyabr 2025 16:51
104

BDU və Malayziyanın Asiya Sakit Okean Texnologiya və İnnovasiya Universiteti arasında anlaşma memorandumu imzalanıb

2025-ci il 5 noyabr tarixində Koreya Respublikasının paytaxtı Seul şəhərində Bakı Dövlət Universiteti (BDU) və Malayziyanın  Asiya Sakit Okean Texnologiya və İnnovasiya Universiteti (Asia Pacific University of Technology & Innovation - APU) arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.
BDU-nun rektoru Elçin Babayev və APU-nun prorektoru Ho Chin Kuan tərəfindən imzalanan sənəd universitetlər arasında elmi-tədqiqat, tədris, innovasiya, rəqəmsal transformasiya və akademik mübadilə sahələrində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur. Əməkdaşlıq çərçivəsində birgə tədqiqat layihələrinin həyata keçirilməsi, tələbə və müəllim mübadiləsinin təşkili, ikili diplom proqramlarının hazırlanması, eləcə də birgə beynəlxalq seminar və konfransların keçirilməsi planlaşdırılır.
Tərəflər həmçinin süni intellekt, kibertəhlükəsizlik, mühəndislik və informasiya texnologiyaları kimi prioritet sahələrdə birgə layihələrin icrasına maraq göstərdiklərini ifadə ediblər.
Bu əməkdaşlıq Bakı Dövlət Universitetinin beynəlxalq tərəfdaşlıq coğrafiyasını Cənub-Şərqi Asiya regionu istiqamətində daha da genişləndirərək, innovasiya yönümlü akademik əməkdaşlıqların inkişafına yeni imkanlar açacaqdır.