03 noyabr 2026 16:48
134

ADY yükdaşıma infrastrukturunun modernləşdirilməsi və rəqəmsal transformasiya planlarını açıqlayıb

"Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin rəhbərliyi ilə ölkənin yükdaşımalarında mühüm paya malik olan və ADY ilə intensiv əməkdaşlıq edən şirkətlərin nümayəndələri arasında görüş keçirilib.

Bu barədə "İki sahil"ə ADY-dən bildirilib.

Məlumata görə, görüşün əsas məqsədi ADY-nin yükdaşıma sahəsində gördüyü işlər və əldə etdiyi nəticələr barədə biznes tərəfdaşlarını məlumatlandırmaq, onların təkliflərini dinləmək, birgə yanaşmaları müəyyənləşdirmək və perspektivləri müzakirə etmək olub.

ADY-nin sədri Rövşən Rüstəmov yükgöndərənlərin ölkə iqtisadiyyatının və nəqliyyat-logistika sektorunun inkişafındakı rolunu yüksək qiymətləndirib. Bildirilib ki, ADY-nin fəaliyyətində müştəriyönümlülük, açıqlıq və şəffaflıq əsas prinsiplərdəndir.

Bundan əvvəl yük sahibləri ilə ayrı-ayrılıqda görüşlərin keçirildiyini xatırladan ADY sədri qeyd edib ki, daşıma həcmləri baxımından əsas yükgöndərənlərlə bu formatda ilk görüşün keçirilməsi Azərbaycan Dəmir Yollarının müştəriləri üçün açıq və əlçatan olmasının, eləcə də qarşılıqlı etimada əsaslanan əməkdaşlığın inkişafına verdiyi önəmin göstəricisidir.

Görüş zamanı iştirakçılara ADY-nin yükdaşıma infrastrukturunun modernləşdirilməsi istiqamətində həyata keçirdiyi layihələr, yükdaşımalar sahəsində aparılan islahatlar barədə məlumat verilib. Qeyd olunub ki, Sumqayıt–Yalama dəmir yolu xəttinin yenidən qurulması yekunlaşıb, növbəti mərhələdə bu xəttin dəyişən cərəyana keçidi üzrə işlərə başlanılacaq. Həmçinin bildirilib ki, Astara Terminalında tikinti işləri tamamlanıb, Bakı–Böyük Kəsik xəttində enerji təchizatı, rabitə və işarəvermə sistemlərinin yenilənməsi və Ələt–Osmanlı–Astara xəttinin əsaslı təmiri davam etdirilir. Artıq Osmanlı–Astara xəttində qatarların sürəti artırılıb, bu da daha çox yük həcmlərinin daşınmasına imkan verir. Bakı–Tbilisi–Qars dəmir yolu xəttinin modernləşdirilməsindən sonra xəttin buraxıcılıq qabiliyyətinin illik 1 milyon tondan 5 milyon tona çatdırıldığı vurğulanıb.

Hərəkət tərkibinin yenilənməsi, lokomotiv və vaqon parkının genişləndirilməsi istiqamətində görülən işlər də diqqətə çatdırılıb. Məlumat verilib ki, 2025-ci ildə 300 yeni yük vaqonu alınıb, 2026-cı ilin sentyabrında isə Çindən 7 ədəd müasir AC50 markalı magistral yük lokomotivi Azərbaycana gətirilib. Daha 14 lokomotivin alınması istiqamətində danışıqlar aparılır. Növbəti il daha 250 vaqonun alışı üçün işlər davam etdirilir. Bu tədbirlər dəmir yolu şəbəkəsinin daşıma imkanlarının genişləndirilməsinə və xidmətlərin etibarlılığının artırılmasına xidmət edir.

Tədbirdə yükdaşıma sahəsində həyata keçirilən institusional və rəqəmsal transformasiya tədbirlərinə xüsusi diqqət ayrılıb. Bildirilib ki, "ADY Express" modeli çərçivəsində dəmir yolu, liman və dəniz nəqliyyatı xidmətlərinin vahid pəncərə prinsipi əsasında təqdim edilməsi nəzərdə tutulur. "Bir müqavilə, bir menecer və bir hesab" yanaşması müştərilərin müxtəlif xidmətlərdən daha rahat və operativ istifadə etməsinə, daşınma proseslərinin vahid qaydada əlaqələndirilməsinə imkan yaradacaq.

Eyni zamanda, yükdaşımaların rəqəmsallaşdırılması, elektron qaimələrin tərtibi, daşımaların izlənilməsi və tariflərin avtomatik hesablanması istiqamətində görülən işlər barədə məlumat verilib. Qeyd olunub ki, müştərilərə xidmətlərin əlçatanlığını artırmaq məqsədilə yaradılmış portal.ady.az platforması üzərindən hazırda 11 elektron xidmət təqdim edilir. Növbəti mərhələdə müştəri kabinetinin funksionallığının genişləndirilməsi istiqamətində işlər davam etdirilir. Eyni zamanda, yük sahiblərinin Şərq-Qərb beynəlxalq nəqliyyat marşrutu istiqamətində həyata keçirilən konteyner daşımalarını real vaxt rejimində izləməsi üçün ADY tərəfindən "Cargo tracking" (Cargo-tracking.ady.az) platformasının istifadəyə verildiyini, yeni rəqəmsal xidmətin yük sahiblərinə, yükgöndərənlərə, daşıyıcılara və digər maraqlı tərəflərə konteynerlərin cari vəziyyəti barədə operativ məlumat əldə etmək imkanı yaratdığı qeyd olunub.

Görüşdə tarif siyasəti, güzəşt mexanizmləri və yükdaşımaların iqtisadi səmərəliliyinin artırılması məsələlərinə də toxunulub. Müştərilərə tarif güzəştlərinin tətbiqi zamanı yük həcmlərinin artırılması, zəmanətli həcm, yeni yük axınlarının cəlb edilməsi, alternativ marşrutların rəqabət qabiliyyəti və digər iqtisadi amillərin nəzərə alındığı bildirilib.

Tədbirin interaktiv müzakirə hissəsində yükgöndərənlərin qaldırdıqları məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Xüsusilə vaqon və platforma təminatı, yüklərin təyinat məntəqələrinə çatdırılma müddətləri, stansiyalarda əməliyyatların təşkili, tarif və yığımların tətbiqi ilə bağlı suallar cavablandırılıb.

Görüşün sonunda tərəfdaşlarla birbaşa və açıq dialoqun prioritet olduğunu və bu cür görüş və müzakirələrin davamlı təşkil ediləcəyi, digər yükgöndərənlərlə də görüşlərin keçiriləcəyi bildirilib.