05 noyabr 2025 09:47
267

Azərbaycanın Quruculuq Missiyası

Azərbaycanın müasir tarixi 8 Noyabr 2020-ci il tarixi ilə əbədi olaraq dəyişdi. Bu gün – Zəfər Günü, Azərbaycanın qüdrətinin, xalqımızın birliyinin, Ordumuzun şücaətinin və Ali Baş Komandan İlham Əliyevin qətiyyətli liderliyinin təntənəsidir.44 günlük Vətən müharibəsi nəticəsində rəşadətli Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etdi, 30 illik ədalətsizlik və təcavüzün son qoyuldu. Bu Qələbə Azərbaycan xalqının əsrlər boyu yazdığı qəhrəmanlıq salnaməsinin zirvəsi oldu.Prezident İlham Əliyev Şuşanın azad olunmasından sonra xalqımıza müraciətində bu sözləri səsləndirmişdi:

“Azərbaycanın quruculuq missiyası başlanır. Bundan sonra Azərbaycan yalnız inkişaf edəcək. Azad edilmiş torpaqlara bundan sonra həyat qayıdacaq.”

Bu sözlər təkcə Qələbənin yekunu deyil, həm də yeni dövrün – quruculuq, bərpa və dirçəliş dövrünün başlanğıcı idi.  8 Noyabr – Zəfər Günü xalqımızın milli birliyinin, dövlətə sədaqətinin və torpağa sevgisinin simvoludur.Bu gün biz yalnız hərbi Qələbəni deyil, həm də mənəvi qələbəni qeyd edirik.Azərbaycan xalqı bu Zəfərlə sübut etdi ki, əgər xalq öz liderinə inanırsa, onun arxasında bir yumruq kimi birləşirsə, qarşısında heç bir güc dayana bilməz.44 gün ərzində bütün Azərbaycan bir ürək kimi döyündü – ön cəbhədə döyüşən əsgərlə arxa cəbhədə dua edən ana, məktəbdə bayraq çəkən uşaq, könüllü qan verən gənc bir amal uğrunda birləşdi: Vətən uğrunda!

    8 Noyabr 2020-ci ildə Şuşanın azad edilməsi Azərbaycan tarixinin qürur səhifəsinə çevrildi.Azərbaycan Ordusunun qəhrəman övladları qayalıqlar boyu irəliləyərək şəhəri düşməndən təmizlədilər. Şuşanın azadlığı ilə müharibə faktiki olaraq sona çatdı, düşmən kapitulyasiya etdi.Prezident İlham Əliyevin həmin gün xalqa müraciətində dediyi tarixi sözlər xalqın yaddaşına əbədi həkk olundu:

“Şuşasız bizim işimiz yarımçıq olardı. Şuşa bizim qürurumuzdur, mədəniyyət beşiyimizdir. Şuşasız Qarabağ təsəvvür oluna bilməz.”

Bu gün hər bir azərbaycanlı Şuşaya baxanda yalnız qədim şəhəri deyil, həm də Zəfər ruhunu, milli qürur simvolunu görür.

Qələbədən sonra Azərbaycan dövləti “Böyük Qayıdış” proqramını həyata keçirməyə başladı.Bu proqram azad edilmiş ərazilərin sosial-iqtisadi inkişafını, yeni şəhərlərin, kəndlərin, yolların, hava limanlarının, məktəblərin və xəstəxanaların tikintisini nəzərdə tutur.

Cəbrayıl, Zəngilan, Füzuli, Laçın və digər bölgələrdə ağıllı şəhər və ağıllı kənd layihələri reallaşır. Füzuli və Zəngilan beynəlxalq hava limanlarının istifadəyə verilməsi, Zəngəzur dəhlizinin inşası, Kəlbəcər və Laçında enerji layihələrinin həyata keçirilməsi Azərbaycanın iqtisadi potensialını daha da gücləndirir.

  Bu proses təkcə bərpa yox, həm də yenidən doğuluş missiyasıdır.
Azad edilmiş torpaqlarda artıq həyat qayıdır – məktəblər açılır, bayraqlar dalğalanır, uşaqların səsi gəlir.Bu, Prezident İlham Əliyevin “Azərbaycan bundan sonra yalnız inkişaf edəcək” fikrinin canlı təzahürüdür.

8 Noyabr artıq hər il xalq birliyinin, milli qürurun və dövlət suverenliyinin rəmzi kimi qeyd olunur. Bu gün bütün ölkə boyu Zəfər yürüşləri, xatirə mərasimləri, sərgilər və tədbirlər keçirilir. Məktəblilərin şeirləri, uşaqların rəsmləri, qazilərin çıxışları bu Qələbənin necə dərin mənəvi anlam daşıdığını göstərir. Zəfər Günü xalqımızın yaddaşında yalnız keçmişin xatirəsi kimi yox, həm də gələcəyə inamın rəmzi kimi yaşayır. Bu gün şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizin şücaətini alqışlayırıq. Onların sayəsində bu torpaqlarda azadlıq, ədalət və sülh bərqərar olub.

Zəfər Günü həm də Azərbaycan dövlətçiliyinin yeni mərhələsinin başlanğıcıdır. Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində ölkəmiz regionun iqtisadi, siyasi və mədəni mərkəzinə çevrilir.Ərazi bütövlüyünü bərpa etmiş Azərbaycan indi regionun sabitlik, əməkdaşlıq və inkişaf modeli kimi çıxış edir.Bu gün Qarabağda salınan yeni şəhərlər, müasir yollar, mədəniyyət mərkəzləri və məktəblər təkcə infrastruktur deyil – bu, xalqın iradəsinin, Zəfərin memarlığıdır.

8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının taleyində dönüş nöqtəsidir. Bu Qələbə xalqımızın birliyinin, dövlətimizin gücünün, Ordumuzun qəhrəmanlığının və Ali Baş Komandanın müdrik rəhbərliyinin nəticəsidir.

Bu gün biz fəxrlə deyirik:
“Qarabağ Azərbaycandır!”
Və bu söz artıq təkcə şüar deyil – bu, reallıq, qürur və əbədi həqiqətdir.

Aydan Dilqəmli,
YAP Xətai rayon təşkilatının fəalı