03 noyabr 2025 18:09
144

Mehdiyevin xəyanət planı, yaxud radikal müxalifətin boz kardinala loyallığı nədən qaynaqlanır?

Azərbaycan Qarabağdakı parlaq qələbənin beşinci ildönümünə hazırlaşır. Bu hadisə postsovet məkanında bir ölkənin kənar yardım olmadan öz ərazi bütövlüyünü bərpa etməsi ilə bağlı yeganə presedent kimi qəbul edilir.

Bu gün Azərbaycanda heç bir beynəlxalq yardım olmadan erməni işğalının nəticələrini aradan qaldırılır, zorla evlərindən qovulan insanların öz yurdlarına qayıdışı həyata keçirilir. Paralel olaraq, Ermənistanla yekun sülh sazişinin imzalanması istiqamətində ciddi addımlar atılır. Azərbaycanın müəllifi olduğu sülh gündəliyi dünya güclərinin dəstəyini qazanır.

Lakin o da təbiidir ki, bu tarixi uğurlar heç də hamını sevindirmir. Dünyada dərin kök salmış erməni lobbisi ilə yanaşı xaricdəki bəzi paytaxtları, güc mərkəzlərini belə gedişat qane etmir. Onlar Azərbaycanın daxilindəki "beşinci kolonu" özlərinə "müttəfiq" seçir və yerli "tərəfdaşları" ilə birləşib çirkin, bəzən isə təhlükəli oyunlar qururlar.

Bəzən isə bu çirkin oyunların planı elə həmin "beşinci kolon" tərəfindən cızılaraq, xaricdəki havadarlarına təqdim edilir. Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev və çevrəsinin göstərdiyi "təşəbbüskarlıq" kimi.

Məhkəmənin qərarı ilə ev dustaqlığına məhkum edilən bu şəxs Cinayət Məcəlləsinin 274 (Dövlətə xəyanət), 278 (Hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) və 193-1-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması) maddələri ilə ittiham edilir. Kifayət qədər ciddi ittihamlardır, hazırda istintaq davam edir, ortaya yeni-yeni faktlar və məlumatların çıxacağı da şübhə doğurmur.

Elə bu gün yayılan məlumatlara görə, PA-nın keçmiş rəhbərinin köməkçisi olmuş Ramiz Mehdiyevin işi üzrə Eldar Əmirov da həbs edilib. AMEA katibliyinin keçmiş rəisi, Prezident Administrasiyasının keçmiş əməkdaşı dövlət çevrilişinə cəhddə iştirak ittihamı ilə həbs edilib. Onun barəsində Səbail Rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Görünən odur ki, Ramiz Mehdiyevlə bağlı məsələ getdikcə daha ciddi rəng alır. Hərçənd "dövlətə xəyanət"in özü yetərincə qara əməldir və qaradan artıq rəng ola bilməz.

Müxtəlif ictimai-siyasi dairələrdə, mediada Azərbaycandakı "beşinci kolon"un siyasi təlimatları məhz Ramiz Mehdiyevdən aldığına dair məlumatlar yayılır. Bunun təsdiqi kimi Ramiz Mehdiyevin Azərbaycanda dövlət çevrilişi planı ilə bağlı Moskvaya ünvanlandığı məktubu göstərmək olar.

Burada onun yaratmaq istədiyi "Dövlət Şurası"nda kimlərin yer aldığı məsələsi əsas müzakirə mövzularından birinə çevrilib. Mehdiyevin "Şura"sında təmsil olunacaq 50 nəfərin öncədən müəyyənləşdirildiyi və bu üzvlər arasında müxalifət nümayəndələrinin də yer aldığı haqda məlumatlar var.

Mənbənin məlumatına görə, siyahıda yer alan müxalifət düşərgəsindəki şəxslərdən biri AXCP sədri Əli Kərimlidir. Əbülfəz Elçibəyin sağ olduğu vaxtlarda ona xəyanət etməsi ilə yadda qalan AXCP sədri indi də missiyasına sadiqdir. Hələ əvvəldən onun Ramiz Mehdiyevin "çətiri" altına keçdiyi və uzun illər onun təlimatı ilə fəaliyyət göstərdiyi deyilirdi.

Üzdə özünü hakimiyyətə sadiq göstərən Mehdiyev əslində radikal müxalifətə siyasi himayədarlıq edir, onların "mübarizə"si fonunda özünü dövlətin "böyük dayağı" kimi göstərməyə çalışırımış. 2013-cü ildə müxalifət partiyalarının birləşdiyi Milli Şuranın da Ramiz Mehdiyevin xeyir-duası və maddi dəstəyi ilə yaradıldığına dair məlumatlar yaddan çıxmayıb. Bu dəstək sonrakı illərdə də davam edib.

Onun PA rəhbəri vəzifəsindən uzaqlaşdırıldığı 2019-cu ildən bəri Əli Kərimli, necə deyərlər, gündəmdən düşsə də, Mehdiyev öz dəstəyini davam etdirib. AXCP sədri isə bu dəstəyin qarşılığında özünün sosial media statuslarında PA rəhbərinin vəzifəsindən uzaqlaşdırılmasını başqa istiqamətə yönəltməyə çalışıb.

Maraqlıdır ki, müxalifətin mitinq və piket aktivliyi də Mehdiyevin vəzifədən uzaqlaşdırılmasından sonra başa çatıb.

Başqa bir fakt isə xaricdə fəaliyyət göstərən və Azərbaycan əleyhinə təhqir və hədyanlar yağdıran ünsürlərin şər və böhtan kampaniyalarının səngiməsidir. Bu da onu deməyə əsas verir ki, həmin qüvvələr də Mehdiyevdən aldıqları müəyyən tapşırıq və əmrlərə uyğun fəaliyyət göstəriblər.

Beləliklə, 11 il bundan öncə "beşinci kolon" və "rəngli inqilab"ın təhlükəsi barədə uzun-uzadı yazı və çıxışlarla yadda qalan Mehdiyev özü indi bu şəbəkənin lideri qismində ifşa edilir. İstintaq gedir və yəqin ki, ortaya yeni-yeni adlar da çıxacaq. Sadəcə Ramiz Mehdiyev kimi yüzlərlə hakimiyyət hərisi bir məsələni başa düşməlidir. Kimliyindən və tutduğu mövqedən asılı olmayaraq, dövlətçiliyimizə, dövlət başçısına xəyanət edən hər kəs, Ramiz Mehdiyev və onun dəstə üzvləri kimi qanun qarşısında cavab verməli olacaq.

"Report"un Analitik Qrupu