1926-cı ilin 26 fevral-6 mart tarixlərində Bakı şəhərində keçirilmiş Birinci Türkoloji Qurultay XX yüzillikdə türk xalqlarının, o cümlədən, Azərbaycan xalqının mədəni həyatında baş verən ən əlamətdar hadisələrdən biri kimi tarixə həkk olunub. Sözügedən bu unikal forumda türkologiyanın ən aktual məsələləri geniş və sistemli müzakirə obyektinə çevrilmiş, Türk dünyasının dili, tarixi, etnoqrafiyası, ədəbiyyatı və mədəniyyətinin gələcəyi ilə bağlı vacib qərarlar qəbul edilmiş, latın qrafikası əsasında vahid ümumtürk əlifbasına keçilməsi xüsusi diqqət mərkəzində saxlanılmışdır. Bütün bunları nəzərə alan Prezident İlham Əliyev “Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, Birinci Türkoloji Qurultayın vaxtilə irəli sürdüyü bir çox ideyalar müasir şəraitdə uğurla gerçəkləşdirilir.

Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, Prezident İlham Əliyevin “Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamı təkcə bir elmi hadisənin xatırladılması deyil, həm də türk dünyasının elmi-mədəni birliyinə, ortaq mənəvi dəyərlərinə verilən yüksək qiymətin ifadəsidir: “Bu sənəd Azərbaycanın tarixən Türk dünyasının mərkəzlərindən biri olduğunu bir daha təsdiqləyir və Bakının elmi-mədəni paytaxt kimi rolunu yenidən aktuallaşdırır. 1926-cı ilin fevral-mart aylarında Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay XX əsrin əvvəllərində türk xalqlarının elmi-mədəni tarixində dönüş nöqtəsi olmuşdur. Qurultayda Azərbaycan, Türkiyə, Qazaxıstan, Türkmənistan, Özbəkistan, Krım, Qafqaz və Orta Asiyadan gəlmiş 130-dan artıq alim, dilçi, tarixçi, etnoqraf və ədəbiyyatşünas iştirak etmişdi. Onların məqsədi ortaq mədəni və elmi müstəvini müəyyənləşdirmək, türk xalqlarının tarixi yaddaşını qorumaq və müasir inkişaf yollarını formalaşdırmaq idi. Bakı o dövrdə təkcə siyasi yox, həm də intellektual mərkəzə çevrilmişdi. Qurultayın burada keçirilməsi təsadüfi deyildi, çünki Azərbaycan ziyalılarının mütərəqqi düşüncəsi, xalqın elmi-mədəni dinamizmi və coğrafi mövqeyi Bakını türkoloji düşüncənin təbii məkanına çevirmişdi. Qurultayda dil birliyi, əlifba islahatı, etnoqrafiya, folklor, mədəni inteqrasiya və tədris məsələləri müzakirə edilmiş, ərəb qrafikasından latın əlifbasına keçidin vacibliyi vurğulanmışdı”.
Milli Məclisin deputatının fikrincə, Birinci Türkoloji Qurultay türk xalqlarının bir-birinə yaxınlaşmasında mühüm addım idi: “Qurultayda səslənən fikirlər sonrakı onilliklərdə türkoloji elmin inkişafına təkan vermiş, milli kimlik və dil şüurunun formalaşmasında böyük rol oynamışdır. Bu hadisə eyni zamanda Azərbaycanın elmi məktəbinin və ziyalı potensialının gücünü nümayiş etdirmişdi. Məhz Bakı tribunasında türk xalqları arasında elmi-mədəni həmrəylik ideyası doğuldu. Qurultay iştirakçılarının bir çoxu sonradan repressiyalara məruz qalsa da, onların qoyduğu irs milli yaddaşdan silinmədi – bu gün həmin irs müstəqil Azərbaycanın elmi-mədəni siyasətinə yeni nəfəs verir”.
Ü. Həmzəyeva, həmçinin vurğuladı ki, ölkə başçısı İlham Əliyevin imzaladığı Sərəncam tarixə və elmi irsə dövlət səviyyəsində verilən qiymətin təzahürüdür: “Bu sənəd həm elmi, həm də ideoloji baxımdan iki mühüm istiqaməti əhatə edir: tarixi yaddaşın qorunması və mədəni-elmi əməkdaşlığın genişləndirilməsi. Azərbaycan xalqının Türk dünyasının mərkəzi kimi formalaşmış rolu yenidən vurğulanır, türk dövlətləri arasında elm, təhsil və mədəniyyət sahəsində inteqrasiyanın yeni mərhələyə yüksəldilməsi istiqamətində çağırış edilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycan təkcə iqtisadi və siyasi sahələrdə deyil, həm də mədəni-elmi müstəvidə Türk dünyasının birləşdirici qüvvəsinə çevrilmişdir. Türk Dövlətləri Təşkilatı, TÜRKSOY və Türk Akademiyası kimi qurumlarla fəal əməkdaşlıq bu siyasətin davamıdır. Birinci Türkoloji Qurultayın 100 illiyinin qeyd olunması həmin istiqamətin məntiqi davamı kimi mühüm mənəvi hadisədir”.
“Bu yubiley Türk dünyasının yeni mədəni-elmi mərhələsinə keçidinin simvoludur. XXI əsrin reallıqları – rəqəmsal mühit, elmi informasiya mübadiləsi və ortaq təhsil proqramları – türkoloji ideyaların praktiki reallaşmasına imkan yaradır” sözləri ilə fikrini davam etdirən Milli Məclisin deputatı bildirdi ki, Azərbaycan alimlərinin və gənc tədqiqatçılarının bu prosesdə fəal iştirakı Türk dünyasının elmi-mədəni potensialının vahid istiqamətdə birləşməsi üçün əsas təminatdır: “Bir əsr əvvəl Bakıda səslənmiş “Elmi-mədəni birlik” ideyası bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət siyasətinin ayrılmaz hissəsinə çevrilmişdir. Bu, keçmişin təcrübəsini gələcəyin inkişafına yönəldən strateji yanaşmadır.
Birinci Türkoloji Qurultay Azərbaycan xalqının elmə, mədəniyyətə və birliyə verdiyi dəyərin tarixi sübutudur. Bu hadisənin 100 illiyinin dövlət səviyyəsində qeyd olunması Azərbaycanı Türk dünyasının elmi-mədəni paytaxtı kimi daha da möhkəmləndirir. Prezident İlham Əliyevin Sərəncamı isə bu irsin sadəcə xatırladılması deyil, onu müasir dövrün tələblərinə uyğun yenidən dirçəltmək missiyasıdır. Bakı 1926-nın çağırışı bu gün də aktualdır: elm, mədəniyyət və mənəviyyatın birləşdiyi yerdə Türk dünyasının gələcəyi formalaşır”.
Qvami Məhəbbətoğlu, “İki sahil”