01 noyabr 2025 14:48
144

Azərbaycanda nağdsız ödənişlərin məbləği artıb

Bu ilin sentyabr ayında Azərbaycanda nağdsız ödənişlərin məbləği ötən ilin eyni dövrü ilə müqayisədə 24 % artaraq – 8 milyard 898 milyon manat təşkil edib.

“İki sahil” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bunun 7 milyard 808 milyon manatı (87,8 %-i) elektron ticarətin payına düşüb.

Ödənişlərin 1 milyard 086 milyon manatı POS-terminallar, 4 milyon manatı isə özünə xidmət terminalları vasitəsilə həyata keçirilib.

İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların məbləği kart əməliyyatlarının həcminin 67,4 %-ni təşkil edib.

Oktyabrın 1-nə Azərbaycanda ödəniş kartlarının sayı 21 milyon 368 min ədəd təşkil edib. Bu, aylıq müqayisədə 1,1 % çox, ilin əvvəli ilə müqayisədə 7,4 %, ötən ilin eyni dövrünə nisbətən 12,9 % çoxdur.

Son 1 ildə ölkədə debet kartlarının sayı 15,6 % artaraq 19,252 milyon, kredit kartlarının sayı isə 6,9 % azalaraq 2,116 milyon olub. Sentyabrda bu kartlar üzrə dövriyyənin məbləği müvafiq olaraq 12,575 milyard manat (illik müqayisədə 21,6 % çox) və 778 milyon manat (2,6 % az) təşkil edib.

Hesabat dövründə ölkədə bankomatların sayı 8,8 %, POS-terminalların sayı isə 56,5 % artaraq müvafiq olaraq 3 496 ədəd (Bakı üzrə 1 879 ədəd) və 161 915 ədəd (Bakı üzrə 100 040 ədəd) təşkil edib.

Hazırda beynəlxalq ödəniş sistemlərinin 3 əsas növü var: kart, elektron və universal ödəniş sistemləri. Dünyada daha çox populyar olan 5 beynəlxalq kart ödəniş sistemi mövcuddur - "Visa İnternational", "MasterCard İnternational", "American Express", "Diners Club İnternational" və "JCB Card"dır. Bu maliyyə nəhəngləri Azərbaycan bankları ilə də əməkdaşlıq edir.