“SƏS” Media Qrupun rəhbəri, fəlsəfə üzrə fəlsəfə doktoru Bəhruz Quliyevin “İki Sahil” qəzetinə müsahibəsi
- Bəhruz müəllim, istərdik əvvəlcə ölkə mətbuatının hazırkı vəziyyətini şərh edəsiniz?
- Bu gün müstəqil Azərbaycanın müstəqil mətbuatı inkişafının ən yüksək mərhələsini yaşayır. 141 illik mətbuat tarixinə nəzər salsaq, görərik ki, inkişafın bugünkü pilləsinə çatmaq heç də asan olmayıb. İstər Cümhuriyyət dövründə, istərsə də Sovet hakimiyyəti dönəmində mətbuata qarşı təqiblərin, təzyiqlərin olduğu danılmaz faktdır. Azərbaycanın milli mətbuatının bünövrəsi 1875-ci ildə “Əkinçi” qəzetinin nəşri ilə qoyulsa da, uzun illər mətbuatımız Sovet jurnalistikasının ruporu olmaqdan başqa bir vəzifəni yerinə yetirə bilmirdi. Siyasi müstəvidə demək olar ki, heç nə yazmağa imkan verilmirdi. Ancaq kənd təsərrüfatı sahəsində görülən işlərdən, mədəniyyətdən, ədəbiyyatdan yazmaq mümkün idi. Yalnız Sovet imperiyasının tənəzzülə uğraması ilə mətbuat orqanlarında aşkarlıq və plüralizm prinsiplərinə söykənən yazılar tədricən dərc olunmağa başlandı. Cümhuriyyət dövründə isə mətbuata bir məhdudiyyət qoyulmasa da, mətbuat özünü inkişaf etdirə bilmədi. Çünki uzun zaman konkret çərçivədə qalan milli mətbuatın inkişafı üçün zaman lazım idi ki, 23 aylıq dönəm də buna kifayət etmədi. Bütün bu tarixi hadisələr onu deməyə əsas verir ki, Azərbaycanda müstəqil mətbuatın yaranma tarixi, ölkəmizin müstəqillik tarixi ilə eynidir. Məlumdur ki, Azərbaycan müstəqilliyə qovuşandan sonra ölkədə vəziyyət olduqca acınacaqlı idi, xaos, anarxiya tüğyan edirdi. Azad söz deməyə çalışan, ölkədə baş verən hadisələri cəmiyyətə çatdıran mətbu orqanların redaksiyalarına, jurnalistlərə qarşı hücumlar olurdu. Xatırladım ki, indi demokratiyadan danışan, fikir azadlığından ağızdolusu bəhs edən AXC-Müsavat cütlüyünün hakimiyyəti dövründə dəfələrlə “Səs” qəzetinin redaksiyasına silahlı basqın olmuşdu, jurnalistlərə xəsarət yetirilmişdi. 1993-cü ildə Ulu Öndərin xalqın təkidli tələbi ilə Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıdışından sonra bu sahənin inkişafı istiqamətində əsaslı islahatlar həyata keçirildi, kütləvi informasiya vasitələrinin fəaliyyətini tənzimləyən qanunvericilik bazası təkmilləşdirildi. Həmçinin fikir plüralizmi, söz və mətbuat azadlığını məhdudlaşdıran maneələr aradan qaldırıldı. Ulu Öndər çox gözəl bilirdi ki, mətbuatı inkişaf etdirmək cəmiyyəti inkişaf etdirmək deməkdir, düşüncənin inkişafı, demokratikləşməsi mətbuatdan asılıdır. Ona görə də Ulu Öndərin rəhbərliyi ilə bu yöndə real, konkret addımlar atıldı. Mətbuatın üzərindən senzuranın ləğv edilməsi, mətbu orqanların Azərbaycan Nəşriyyatına illərlə yığılan borclarının silinməsini nümunə olaraq göstərə bilərik. 2000-ci il martın 27-də Ulu Öndərin imzaladığı “Azərbaycanda milli mətbuatın yaradılmasının 125 illiyi” haqqında Fərmana əsasən ölkəmizdə demokratik mətbuatın yaradılmasının 125 illiyi təntənəli şəkildə qeyd olundu ki, indi də bu ənənə davam etdirilir. Hər il 22 iyul tarixi ölkəmizdə mətbuat işçilərinin peşə bayramı kimi təntənəli şəkildə qeyd olunur, yubiley tədbirlərində jurnalistlər mətbuat sahəsindəki xidmətlərinə görə mükafatlandırılır. Bütün bunlar bilavasitə ulu öndər Heydər Əliyev tərəfindən imzalanmış tarixi Sərəncamdan sonra yaşandı. Bu gün bu siyasət möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən çox böyük uğurla davam etdirilir. Müxtəlif ildönümlərində, yubileylərdə, o cümlədən 2005, 2010, 2015-ci illərdə Milli Mətbuatımızın 130, 135, 140 illiyi ilə bağlı verilən sərəncamlar, 2008-ci ildə təsdiq olunmuş “Mətbuatın İnkişaf Konsepsiyası”, eyni zamanda, 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması, jurnalistlərə müxtəlif dövlət mükafatlarının, jurnalistlərə fərdi mənzillərin verilməsi bunun bariz nümunəsidir. Bəli, dövlət başçısı cənab İlham Əliyev bu addımları ilə konkret olaraq mətbuatın inkişafında, mətbuatımızı modern formada dünyaya çatdırmaqda maraqlı olduğunu sübut etdi. Dünyanın heç bir dövlətində jurnalistlərə təmannasız mənzil verilmir. Amma Azərbaycanda media nümayəndələrinə göstərilən diqqət və qayğının nəticəsidir ki, 156 mətbuat işçisi mənzillə təmin olunub. Növbəti dəfə bu siyahının genişləndirilməsi gözlənilir. Düşünürəm ki, sadaladığım bütün bu fikirlərdən Azərbaycanın milli mətbuatının ümumi mənzərəsini görmək mümkündür.
- Deyə bilərikmi, Azərbaycanda Sovet dövrünün çətinliklərinə baxmayaraq böyük bir jurnalist ordusu formalaşdı?
- Bəli, həmin dövrdə sözün əsl mənasında bir məktəb formalaşdı. Bu məktəb sovet ideologiyası çərçivəsində formalaşsa da, güclü qələm ordusu yetişdi desək, yanılmarıq. Azərbaycanda sağlam və peşəkar mətbuatın formalaşmasında ümummilli lideri Heydər Əliyevin xidmətləri əvəzsizdir. Ulu Öndər dövlət təhlükəsizlik orqanlarında çalışdığı illərdə, xüsusən də Azərbaycan KP Mərkəzi Komitəsinin I katibi olarkən daim mətbuatla sıx əməkdaşlıq edirdi, cəmiyyəti düşündürən, narahat edən bütün problemlərin məhz mətbuatda işıqlandırılması üçün var gücü ilə çalışırdı. Hər nə qədər çətin olsa da, bir sıra problemlər Ulu Öndərin təşəbbüsü ilə hanısa formada mətbuata çıxarılırdı. Əlbəttə ki, o zaman bu məsələ ilə bağlı həm Azərbaycana, həm də Ulu Öndərə qarşı müəyyən qüvvələr tərəfindən çox ciddi təzyiqlər olurdu. Lakin bütün bunlara baxmayaraq, ulu öndər Heydər Əliyev mətbuatımızı təhlükəsizlik komitəsinin zirzəmisindən xilas etdi.
- Özlərini beynəlxalq təşkilat kimi dünyaya sırıyan bəzi təşkilatlar var ki, mütəmadi olaraq ölkəmizə qarşı qarayaxma kampaniyaları ilə çıxış edirlər. Bunlardan biri də “Sərhədsiz Reportyorlar” təşkilatıdır. Sözügedən təşkilat bu günlərdə Azərbaycan mətbuatı ilə bağlı növbəti dəfə qərəzli hesabat açıqlayıb. Hesabatda Azərbaycanda son bir ildə mətbuatın durumunun pisləşdiyi və bu səbəbdən mətbuat azadlığı reytinqində 162-ci yerdən 163-cü yerə endiyi göstərilib. Sizcə, hesabat qərəzli deyilmi?
- Mən “Sərhədsiz Reportyorlar”a missioner təşkilatlardan biri kimi baxıram. Azadlıq adı altında müəyyən beynəlxalq təşkilatlar fəaliyyət göstərir ki, onların da baş ofisləri demokratiyadan bəh-bəhlə dəm vuran ölkələrdə yerləşir. Bu cür missonerlərdən biri də “Sərhədsiz Reportyorlar”dır. Bunlar ancaq və ancaq özlərinə yarayan dövlətlərin maraqlarından çıxış edərək, onların tapşırıqlarını yerinə yetirirlər. Ona görə də, Azərbaycanda baş verən bütün prosesləri, həyata keçirilən bütün layihələri özünəməxsus şəkildə şərh edirlər. Misal olaraq qeyd edim ki, Ermənistanda keçirilən seçkilərdə prezidentliyə namizədə qarşı təxribat oldu və hətta ölüm hadisəsi baş verdi. Amma buna susqunluqla yanaşan həmin “beynəlxalq təşkilatlar” ölkəmizdə keçirilən bütün seçki prosesləri barədə hesabatlarla çıxış edirlər. Sizcə, bu qərəz deyilmi? Düşünürəm ki, Azərbaycana açıq gözlə baxan təşkilat nümayəndələri, dövlət rəsmiləri bu kimi qərəzli bəyanatlara məhəl vermədən dövlətimizlə tərəfdaşlıq etməyə hazırdırlar. Çünki Azərbaycan boş, mənasız işlərlə deyil, dünyaya yeni-yeni modellər, layihələr təqdim etməklə məşğuldur. Azərbaycanın bütün sahələr üzrə təqdim etdiyi inkişaf modelləri bu gün dünyanın hər bir yerində istifadə olunmaqdadır. Bu baxımdan hesab edirəm ki, özünü hansı ad altında təqdim etməyindən asılı olmayaraq bu cür təşkilatların qərəzli fikirləri ölkəmizə sadəcə olaraq qarayaxmaqdan başqa bir şey deyil.
- Özünü demokratiyanın beşiyi adlandıran ölkələrə toxundunuz. Sizin bu günlərdə mətbuata ABŞ-dakı seçkilərlə bağlı verdiyiniz açıqlamanız bəzi müxalifət mediası tərəfindən birmənalı qarşılanmayıb. İstərdik həmin fikirlərinizi əsaslandırasınız?
- Dünyada gedən prosesləri şərh edərkən iqtidaryönlü və yaxud da müxalifətyönlü mətbu orqanın nümayəndəsi olmağın heç bir əhəmiyyəti yoxdur. Belə bir deyim var, "görünən dağa nə bələdçi". Əgər bütün dünyanın nəzər nöqtəsi ABŞ-da keçirilən seçkilərə yönəlibsə, sözsüz ki, mətbuat nümayəndəsi kimi fikir söyləmək lazımdır. Burada qəbahət yoxdur. Digər məqam isə ondan ibarətdir ki, ABŞ-dakı seçkilərin ilkin mərhələsində sırf özlərinə lazım olan mətbuat nümayəndələrinin müşahidəçi kimi Amerikaya buraxılmasının özü antidemokratik addımdır. Bundan başqa seçkilərdə “ölü canlardan” istifadə edilərək seçici hüquqları pozulursa hansı insan haqlarından danışırlar? Bilirsiniz ki, ABŞ-da birinci mərhələdə ştatlardan müəyyən kollegial orqan yaradılır ki, 538 nəfər seçilir. Sonrakı mərhələdə prezidenti xalq deyil, elə həmin 538 nəfərdən ibarət komanda seçir. Bu zaman seçilən və seçici arasında böyük bir sədd yaranır. Gəlin baxaq görək burda hansı demokratik ab-havadan danışmaq olar? Başqa bir misal deyim. ABŞ-da çoxpartiyalı bir sistemin mövcud olduğu məlumdur. Amma seçkilərdə digər partiyalardan olan namizədlərin iştirak etməsinə baxmayaraq, debatlar yalnız iki namizəd arasında keçirildi. Ancaq demokratlarla və respublikaçıların mübarizəsi qabardıldı. Bu misallar yüzlərlədir. Hələ mən orada jurnalist hüquqlarının, vətəndaşların hüquqların kütləvi şəkildə pozulmasını demirəm. Bunların hər biri göstərir ki, mən mətbuatda doğru olanı söyləmişəm. Bu fikirlər kimlərinsə qıcıqlanmasına səbəb ola bilər, amma bu da başa düşüləndir. Bu insanların mövqelərində, siyasi baxışlarında bir problem var, daxillərində aqressiya yaşayır. Ona görə də reallığı görə bilmirlər.
- Proqnozlarınız necədir? Sizcə Donald Tramp, yoxsa Hillari Klinton?
- Donald Trampla, Hillari Klinton arasında siyasi mübarizədən çox, qızğın savaş getdiyi göz önündə idi. Onların hətta bir-birlərinə təhqiredici ifadələr də işlətdiklərinin şahidi olduq. Yəni bunun özü göstərir ki, ölkədə sağlam rəqabət yoxdur. Bundan başqa hazırkı ABŞ prezidenti Barak Obama açıq şəkildə bəyan etmişdi ki, o Hillari Klintonu dəstəkləyir və onun arxasındadır. Baxın, əgər prezident səlahiyyət dövründə bunu deyib, seçkilərə müdaxilə edirsə onda kim qalib gəlməlidir? Bu mənim proqnozumdur. ABŞ prezidenti öz dili ilə etiraf etdi ki, kimi prezident görmək istəyir və kimi dəstəkləyəcək. Bunlar açıq şəkildə göstərir ki, ABŞ-dan demokratik seçki gözləmək absurddur, xülyadır. İkinci bir yandan isə seçkidə qalib gələn tərəfin kim olacağı artıq bəllidir.
- Hazırda ölkəmizdə çap mediası ilə internet media arasında ciddi rəqabət gedir. Sizcə, insanlar çap mediaya, yoxsa internet mediaya daha çox inanır?
- Bu mövzu daim müzakirə və diskusiyaya səbəb olan mövzudur. Çap media daha ənənəvi mediadır, peşəkar mediadır. Ona görə də, elektron media ənənəvi media kimi peşəkar ola bilməz. İnformasiyanın ilkin çatdırılması baxımından internet media çap medianı üstələyə bilər amma müqayisədə peşəkarlıq baxımından çap media daha çox üstündür. Bunların birini digərindən ayırmaq çox çətindir. Əgər internet mediada ilkin informasiya çatdırılırsa, çap mediası həmin informasiyanın şərhini verir, analitik yazılar dərc edir. Peşəkar jurnalistlərin özlərinin həftələrlə araşdırdığı mövzular var ki, onlar çap mediada yayımlanır. Buna elektron mediada rast gəlinmir. Nəticə etibarı ilə hesab edirəm ki, hər ikisi günün tələblərinə cavab verir və hər ikisi də aktualdır.
İntizarə Məmmədova