23 sentyabr 2025 00:56
118

Böyük Qayıdışın uğurlu icrası tarixi ədalətin təntənəsidir

Hazırda işğaldan azad edilmiş ərazilərdə şəhərlərin və kəndlərin bərpası sürətlə davam etdirilir. Nəhəng vəsait və qüvvə tələb edən bu işləri Azərbaycan öz imkanları hesabına həyata keçirir. İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri kimi müəyyən olunub. Bu Milli Prioritetlərə əsaslanan “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” yeni inkişaf mərhələsindəki hədəflərə çatmağa xidmət edən mühüm sənəddir.

Qarabağ və Şərqi Zəngəzurun bərpası və Böyük Qayıdış Proqramı çərçivəsində genişmiqyaslı tədbirlər görülür. Bu ərazilərdə həyata keçirilən irimiqyaslı infrastruktur layihələri, sosial obyektlərin açılışı və əhalinin doğma torpaqlarına qayıdışı ölkənin daxili resursları hesabına uğurla icra olunur. 2020-ci ildən başlayaraq 2025-ci il də daxil olmaqla dövlət büdcəsindən bərpa-quruculuq işlərinə ümumilikdə 22 milyard manata yaxın vəsait ayrılıb. O cümlədən 2025-ci ildə 4 milyard manat ayrılıb. Bu vəsait həmin ərazilərdə nəzərdə tutulmuş işlərin uğurla icra edilməsinə imkan verir. 2026-cı ilin sonunadək Böyük Qayıdış Proqramının I mərhələsinin tamamlanacağı və bu mərhələdə 140 min keçmiş məcburi köçkünun Qarabağ və Şərqi Zəngəzura qayıdacağı planlaşdırılır.

Prezidenti İlham Əliyev sentyabrın 22-də Bakıda keçirilən “Suverenliyin keşiyində: Konstitusiyada Prokurorluğun statusu” mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciətində bildirib ki, müstəqilliyimizi qazanandan sonra 30 ilə yaxın bir dövrdə torpaqlarımızın əhəmiyyətli hissəsi Ermənistanın işğalı altında olmuşdur. Azərbaycan xalqının əzmkarlığı, Silahlı Qüvvələrimizin rəşadəti sayəsində 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımız işğaldan azad edilmiş, 2023-cü ildə həyata keçirilmiş antiterror əməliyyatı nəticəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa olunmuşdur: “Bununla da Konstitusiyamızın hüquqi qüvvəsi ölkənin bütün ərazisinə şamil edilmişdir. Tarixi Zəfərimizdən dərhal sonra işlərinə başlanmış, minlərlə insan öz doğma yurdlarına qayıtmışdır. Baş vermiş bütün faciələrə baxmayaraq, Azərbaycan hər zaman sülh gündəliyinin tərəfdarı olmuş, bu istiqamətdəki səylərimiz cari ilin 8 avqust tarixində Vaşinqtonda sülh sazişinin paraflanması ilə nəticələnmişdir”.

Böyük Qayıdış Proqramı çərçivəsində həyata keçirilən məqsədyönlü tədbirlər və genişmiqyaslı quruculuq işləri artıq öz real nəticələrini verməkdədir. Düşmən əsarətindən azad edilmiş ərazilərə əhalinin qayıdışını təmin etmək üçün bu ərazilərdə tikinti-quruculuq işləri sürətlə davam etdirilir. Hazırda erməni quldurları tərəfindən dağıdılan Şuşa, Ağdam, Cəbrayıl, Zəngilan, Qubadlı, Füzuli, Laçın və Kəlbəcərdə infrastruktur yenidən qurulur. Uzun müddətin və böyük maliyyənin tələb olunmasına rəğmən hazırda Azərbaycan dövləti tərəfindən heç bir donorun-digər dövlətlərin və beynəlxalq təşkilatların yardımı olmadan azad edilmiş ərazilərin minalardan təmizlənməsi prosesi davam edir. Bütün bunların sayəsində vətəndaşlarımız öz yurdlarına, yeni evlərinə köçürülür.

Bu günlərdə Ağdərə rayonunun Həsənriz kəndinə növbəti köç prosesinin həyata keçirilməsi bunun barsiz nümunəsidir. Belə ki, uzun illər məcburi köçkün həyatı yaşayan ailələr doğma yurdlarına qayıdaraq yeni evlərə köçürülüblər. Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bu mərhələdə Həsənriz kəndinə 29 ailədən ibarət 115 nəfər köçürülüb. Daha sonra sakinlərə yenidən bərpa edilən mənzillərin açarları Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktorunun müavini Mahmud Əfəndiyev tərəfindən təqdim olunub. M. Əfəndiyev çıxışında sakinləri ata-baba torpaqlarında salamlayaraq, bildirib ki, Böyük Qayıdış proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır. Kəndlərdə müasir infrastruktur qurulur, yollar, məktəblər, səhiyyə müəssisələri və digər sosial obyektlər inşa edilir. O, qeyd edib ki, Həsənriz kəndinə bundan əvvəl də köç həyata keçirilib. Belə ki, əvvəlki mərhələlərdə kəndə 556 nəfərdən ibarət 159 ailə köçürülüb. Kənddə sakinlərin rahat yaşaması üçün bütün zəruri infrastruktur yenidən qurulub, kənd elektrik enerjisi, təbii qaz və içməli su ilə təmin edilib, məktəb binası əsaslı təmir edilərək şagirdlərin istifadəsinə verilib.

Bəli, Böyük Qayıdış Proqramı uğurla icra edilməkdədir. Bu il ərzində də işğaldan azad edilmiş ərazilərə köç müntəzəm şəkildə davam etdirilib. Hazırda Qarabağda və Şərqi Zəngəzurda oraya köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən ümumilikdə 50 mindən çox insan yaşayır. Böyük qürur və sevinc hissi ilə demək olar ki, Prezident İlham Əliyevin tapşırıqlarına əsasən, işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış uğurla davam edir. Bütün bunlar Qarabağın və Şərqi Zəngəzurun tezliklə Azərbaycanın çiçəklənən diyarına çevriləcəyini bir daha təsdiq edir.

Zahid Rza, “İki sahil”