19 sentyabr 2025 15:09
96

“Azərpoçt” dövrün tələblərini yüksək səviyyədə yerinə yetirir, zamanla ayaqlaşır

Hər dövrün öz çağırışları, hədəfləri vardır. Yeni texnologiyaların inkişafı və tətbiqi hər bir sahədə yeniliklərə, təkmilləşməyə yol açır. Bu baxımdan belə yeniliklər poçt xidmətlərində də özünü aydın şəkildə nümayiş etdirir. Tarixə qısa nəzər salaq. Azərbaycanda müasir poçt xidməti XIX əsrin birinci yarısında formalaşmağa başlayıb. 1818-ci ildə Gəncə şəhərində ilk poçt kontoru açılıb. Müstəqilliyimizin ilk illərində, yəni 6 oktyabr 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə Poçt və Teleqraf Nazirliyi yaradılıb. Müstəqilliyimizn bərpasından sonra, 1991-ci ildə Sovet İttifaqının dağılması prosesi zamanı poçt rabitəsinin inkişafı çətinliklərlə üzləşsə də, 1997-ci ildən etibarən müstəqil qurum kimi fəaliyyətə başlayıb və inkişaf mərhələsinə qədəm qoyub.

Əsas məqsədi əhaliyə yüksək keyfiyyətli poçt və maliyyə xidmətləri göstərməkdir

“Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) Azərbaycanın milli poçt operatorudur və ölkə daxilində poçt və maliyyə xidmətləri göstərir. 1993-cü ildən Ümumdünya Poçt İttifaqının üzvüdür. Fəaliyyətində “Ölkədaxili və bütün dünyadan bağlamalarınızı qapınıza çatdırırıq!” devizini əsas tutan  “Azərpoçt” MMC-nin əsas məqsədi əhaliyə və müştərilərə yüksək keyfiyyətli poçt və maliyyə xidmətləri göstərməkdir.

Əvvəlki dövrlərdə poçt xidmətləri dedikdə ilk olaraq göz önünə gələn  məktublar və onların sahibinə çatdırılması missiyasını həvəslə yerinə yetirən poçtolyonlar gəlir. Həmin anlar bu gün də o dövrün şahidləri tərəfindən xoş xatirə kimi yada salınır.  Poçtalyonlar hamının bir  ailə üzvünə çevrilmişdi. İnsanların onlardan məktublar, teleqramlar, qəzet-jurnallar gözləmələri həyatlarının ən xoş bir anı idi. Onu da qeyd edək ki,  II Dünya müharibəsi dövrü poçtalyonlar üçün ən ağır, çətin bir dövr  idi. Həmin dövrün gerçəklikləri  onlardan daha böyük iradə tələb edirdi. Çünki cəbhədən xoş ovqatlı əsgər məktubları ilə yanaşı, qara kağızlar da gəlirdi. Xalq şairi  Süleyman Rüstəmin “Ana və poçtalyon” şeiri həmin dövrün reallıqlarının təqdimatıdır. Bu baxımdan ki,

Dörd ay vardı, ananın gözləri yol çəkirdi,
Başqa bir dərdi yoxdu, oğul dərdiydi dərdi.
Tanımayan tapılmaz məhlədə poçtalyonu,
Hamı istərdi onu, hamı sevərdi onu

söyləyən şair bu gerçəkliyi də dilə gətirir ki, poçtalyonu insanlar addımlarından  tanıyırdılar. Poçtalyondan vaxtilə  şad xəbər alan ana  məktubun artıq gəlməməsindən narahatlığını “Məktub olmasa, bir də sən bu həyətə gəlmə!” fikirləri ilə ifadə etmişdi. Bu fikirdən poçtalyonun vəzifəsinin nə qədər məsuliyyətli olduğu aydın görünür. Çünki hər gələn və çatdırılan məktubdan gözləntilər fərqli idi.

Məktubdan rəqəmsallaşmaya

Artıq bu gün poçt xidməti  yalnız  məktub daşımaları ilə məhdudlaşmır. Bu xidmət fəaliyyət sahələrini genişləndirib. Poçt xidmətlərində beynəlxalq təcrübənin tətbiqinə xüsusi önəm verilir, ən əsası yeni texnologiyaların tətbiqi fonunda bu xidmətlərə tələbat dəyişir, internet və mobil rabitə həyatımızın ayrılmaz  hissəsinə çevrilib, uzaq məsafələr daha da yaxınlaşıb. Rəqəmsallaşma və internetin yayılması insanların gündəlik ünsiyyət və sənəd mübadiləsini elektron poçt, mesencerlər və sosial şəbəkələr vasitəsilə həyata keçirməsinə səbəb olub. Nəticədə ənənəvi  məktublara tələbat azalır. Eyni yanaşmanı stationar telefonları (ev telefonları) bağlı da qeyd etmək mümkündür. Stasionar telefonları gündən-günə aktuallığını itirir. Lakin bu texnologiya tamamilə həyatımızdan çıxmayacaq. Stasionar telefonlar yalnız evlərdə deyil, həm də iş yerlərində və dövlət qurumlarında hələ də istifadə olunur. Bu texnologiyanın funksiyası zamanla dəyişib. Əvvəllər simli xətlərdən istifadə olunurdusa, indi daha müasir stasionar telefonlar mövcuddur. Televiziya və digər rabitə sistemləri kimi, bu cihazlar da fiberoptik infrastruktur üzərindən işləyir. Bu, da o deməkdir ki, internet olan istənilən yerdə stasionar telefondan istifadə mümkündür. Geniş ictimaiyyət arasında stasionar telefonlar artıq öz yerini internet texnologiyalarına, mobil tətbiqlərə və anlıq mesajlaşma xidmətlərinə verib.

Bugünümüzü həmin dövrün reallıqları ilə müqayisə etdikdə insanların yanaşmalarında da fərqi görmək mümkündür. O dövrdə səbirlə yazılan məktublardan cavab gözləyən insanlar üçün vaxtın tez, yaxud gec olması önəm kəsb etmirdi. Əsas olan  əlaqələrin qurulması, cavabın alınması idi. Bu gün isə internet resurslarından istifadə etməklə anında ünsiyyət qurur, mesajlar məktubları əvəzləyir. Arxada qalan illərə nəzər saldıqda hardan haraya gəlib çıxdığımız hər birimizi müsbət mənada təəcübləndirir.

Rahat, sürətli və şəffaf

Artıq poçt xidmətləri zamanın tələbinə uyğun olaraq yenilənir. Poçt maliyyə, elektron ticarət, rəqəmsal həllərin  təqdim olunduğu platforma kimi diqqətdədir. Ənənəvi poçtun transformasiyası artıq qlobal miqyasda labüd prosesə çevrilib və bu, yalnız rabitə sahəsini deyil, həm də sosial-iqtisadi inkişafı stimullaşdıran yeni imkanlar yaradır. Bu innovativ yanaşmaların nəticəsi olaraq Azərbaycan poçt sektoru həm daxildə, həm də beynəlxalq arenada rəqabət qabiliyyətini artırır. Azərbaycanın ən böyük poçt operatoru olan “Azərpoçt” MMC bu transformasiyada fəal iştirak edir. Şirkət həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə müasir poçt xidmətlərinin inkişafına töhfə verir. Təkmilləşdirmə nəticəsində vətəndaşlar daha rahat, sürətli və şəffaf xidmətlərdən istifadə edirlər.  2021-ci ildən  transformasiya mərhələsinə start verən “Azərpoşt” MMC dövrün çağırışlarnı fəaliyyətinin əsas prinsiplərri qəbul edir və bu istiqamətdə mühüm addımlar atır.  Hazırkı müştəri gözləntilərinə diqqət yetirsək, görərik ki, istifadəçilər  sürətli çatdırılma, bağlamaların izlənməsi və əlavə xidmətlər tələb edir. Azərbaycanda onlayn alış-verişin genişlənməsi ilə əlaqədar “Azərpoçt” beynəlxalq daşımaları sürətləndirib. Çin, Türkiyə, ABŞ və digər ölkələrdən sifarişlərin vaxtında çatdırılması üçün xüsusi xidmətlər təqdim edilir.

“Azərpoçt” MMC transformasiyaya keçməklə  uğurlu nəticələrə nail olub. Belə ki, poçt  rəqəmsallaşıb, səmərəliliyi artırıb, daha çevik  fəaliyyət göstərir,  yeni xidmətləri ilə vətəndaşların tələbatını və istəklərini getrçəkliyə çevirir. “Azərpoçt” beynəlxalq bağlama daşımalarında mühüm yeniliklər tətbiq edir, elektron ödəniş xidmətləri və onlayn platformaları  vətəndaşların gündəlik həyatını daha da asanlaşdırır.

Beynəlxalq təcrübə ənənəvi poçtun transformasiyasının  uğurla həyata keçirildiyini təsdiqləyir.  ABŞ-da USPS “Informed Delivery” xidməti müştərilərə məktubların gəlməsindən əvvəl elektron şəkildə skan olunmuş görüntülərini təqdim edir. Almaniyada “Deutsche Post DHL” poçt şəbəkəsi kuryer və logistika sahəsində nəhəng bir qurum olaraq qlobal e-ticarətin əsas sütunlarından birinə çevrilib. Yaponiyada “Japan Post” poçt sisteminə bank və sığorta xidmətləri inteqrasiya olunaraq maliyyə sektorunda aparıcı iştirakçıya çevrilib. Digər ölkələrdəki təcrübələr də ənənəvi poçtun transformasiyasının nə dərəcədə əhəmiyyətli olduğunu göstərir.  Bu sahədə həyata keçirilən yeniliklər poçt sistemlərinin müasir dövrdə rəqabət qabiliyyətini artırmaqla yanaşı, müştəri məmnuniyyətini də maksimum səviyyəyə çatdırır.

Gələcəkdə “Azərpoçt” MMC xidmətlərini daha da rəqəmsallaşdırmağı, mobil tətbiqlərin funksionallığını artırmağı, eləcə də müştəri sorğularının proqnozlaşdırılması və xidmətlərin fərdiləşdirilməsi üçün süni intellekt və “Big Data” texnologiyalarından istifadəni planlaşdırır. Eyni zamanda, regionlarda yaşayan əhali üçün rəqəmsal xidmətlərə çıxışı genişləndirmək də əsas prioritetlərdən biridir.

Hər bir əlamətdar gün, tarix keçilən yolun təhlilini bir zərurət kimi qarşıya qoyur. Dünənə baxış bugünümüzün, hazırkı dövrün reallıqları isə gələcəklə bağlı baxışların aydın mənzərəsini təqdim edir. Bu baxımdan  9 Oktyabr - Ümumdünya Poçt Günü poçt xidmətlərinin yalnız tarixini deyil,  gələcəyə yönəlmiş  missiyasını təqdim edir. “Azərpoçt”un fəaliyyəti Azərbaycanın rəqəmsal gələcəyinə xidmət edən strateji bir platforma rolunu oynayır. Bu proses innovativ yanaşmaların tətbiqi və xidmətlərin diversifikasiyası sayəsində ölkədə poçt sektorunun həm sosial, həm iqtisadi, həm də texnoloji baxımdan inkişafını gücləndirir.  Texnologiya  sürətlə inkişaf edir. Bu sürət, yeniliklər, transformasiya ailələrin doğmasına çevrilən poçtalyonlara vida deməkdə öz sözünü dedi. Məhz bu səbəbdən də poçtolyonların yerini  kuryerlər tutdu. Mobil telefonlar, kompyuterlər  poçtalyonları əvəzlədi.

Zaman yerində durmur. Daim dəyişir, yeni hədəflərə çağırışlar edir. Azərbaycan daim irəli baxaraq hər bir yeniliyin ölkəmizdə tətbiqinə maraq göstərir. Hazırkı dövrün yeni texnologiyalar əsri olduğunu nəzərə alsaq Azərbaycanın bu sahədə qazandıqları göz qabağındadır. Ölkəmiz kosmik klubun fəal üzvüdür. Ən əsası dünyanın texnoloji gündəliyi Azərbaycanda müzakirə edilir. Bu uğurlar dövlətimizin düşünülmüş və məqsədyönlü siyasətinin nəticəsidir. Bu mühüm məqamı da qeyd edək ki, Azərbaycanın 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərə imza atmasında da yeni texnologiyaların tətbiqi əhəmiyyətli rol oynadı. Dövlət başçısı İlham Əliyev daim bu çağırışı edir ki, hər bir ölkənin inkişafında yeni texnologiyalar mühüm rol oynayır. Onu da qeyd edək ki,  Azərbaycan tarixində poçt xidməti yalnız rabitə vasitəsi deyil, həm də milli müstəqilliyin və dövlətçiliyin inkişafında mühüm rol oynayıb. Ulu Öndər Heydər Əliyev ölkədə müasir rabitə və poçt infrastrukturunun əsaslarını qoyaraq Azərbaycanın dünya informasiya məkanına inteqrasiyası üçün strateji addımlar atdı. Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev isə poçt sektorunda rəqəmsallaşma, innovasiya və maliyyə inklüzivliyinə yönəlmiş layihələri dəstəkləyir, “Azərpoçt”u regionda qabaqcıl poçt operatorlarından birinə çevirməyi prioritet elan edir. “Azərpoçt” da dövrün tələblərini yüksək səviyyədə yerinə yetirir,  zamanla ayaqlaşır. Bu qurumun ənənəvi poçt sistemində inqilab etdiyini artıq əminliklə deyə bilərik.

Nüsrət Məmmədov, "İki sahil"

Bu məqalə “Azərpoçt” MMC-nin Mətbuat Şurası ilə birgə keçirdiyi “Müasir dünyada və Azərbaycanda ənənəvi poçtun transformasiyası” mövzusunda müsabiqəyə təqdim olunur.