Antiterror əməliyyatı ilə Azərbaycanın Qarabağ üzərində tam nəzarəti bərpa olundu. 30 ilə yaxın işğal altında qalan, Azərbaycan xalqının yaddaşında faciə və kədər rəmzinə çevrilən Xankəndi, Xocalı, Xocavənd və Ağdərə artıq sülhün, qələbənin və dövlət birliyinin simvoluna çevrildi. Xankəndi – separatçı rejimin əsas mərkəzi kimi tanınsa da, artıq Azərbaycan dövlətçiliyinin rəsmi bayrağı altında yeni həyat mərhələsinə qədəm qoydu. Xocalı – 1992-ci ilin dəhşətli soyqırımı ilə yaddaşlara həkk olunan bu şəhərdə indi ədalət bərpa olunub və Azərbaycan xalqının müqəddəs yaddaşı qorunur. Xocavənd – zəngin tarixi və mədəni irsi ilə tanınan bu şəhər Azərbaycanın dirçəliş proqramının əsas ünvanlarından birinə çevrilməkdədir. Ağdərə – strateji mövqeyi ilə yanaşı, ölkənin su resursları baxımından böyük əhəmiyyət daşıyır. Bu rayon həm də yenidənqurma və sosial layihələrin geniş vüsət aldığı bölgələrdən biridir.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev azad olunmuş torpaqlara müntəzəm səfərlər edərək, həm dövlət suverenliyini möhkəmləndirir, həm də xalqın milli birliyini daha da gücləndirir. Xüsusilə Ağdərəyə edilən səfərlər tarixi əhəmiyyət daşıyır. 15.10.2023 – Ağdərə şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağının ucaldılması. Bu hadisə həm siyasi, həm də mənəvi baxımdan qürur anı oldu. 18.03.2025 – Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Ağdərənin Umudlu kəndində avtomobil yolunun açılışında iştirak etdilər. Eləcə də Həsənriz kəndində sakinlərlə birlikdə Novruz tonqalını alovlandıraraq, bayramı azad torpaqlarda xalqla birgə qeyd etdilər. Həmin gün Suqovuşan kəndində inşa olunan yaşayış kompleksinin açılışı, yeni mənzillərin sakinlərə təqdim olunması və məscidin istifadəyə verilməsi Qarabağda həyatın tam bərpasının simvoluna çevrildi. 21.08.2025 – Prezident İlham Əliyev Ağdərə rayonunun Kolatağ kəndində görülən bərpa işləri ilə tanış oldu, yeni tikilən fərdi evləri və infrastruktur layihələrini dəyərləndirdi. Daha sonra Vəngli və Kolatağ kəndlərinin sakinləri ilə görüşü dövlət-xalq birliyinin bariz nümunəsi idi.
Bu səfərlər göstərir ki, Azərbaycan dövləti yalnız hərbi-siyasi qələbə ilə kifayətlənməyib, eyni zamanda azad edilmiş torpaqlarda yeni həyatın qurulması üçün genişmiqyaslı bərpa və inkişaf proqramı həyata keçirir.
Azərbaycan idman tarixində də 2023-cü il xüsusi yer tutur. 21 dekabr 2023-cü ildə Ağdamın “Qarabağ” futbol klubu Azərbaycan Kubokunun 1/8 final mərhələsində oyununu Qarabağın mərkəzi şəhərlərindən biri olan Xankəndidə keçirdi.
Bu hadisə təkcə idman uğuru deyil, həm də milli qürurun təntənəsi idi. Ağdamın “Qarabağ” komandası uzun illər doğma stadionundan uzaqda çıxış etsə də, artıq qələbə ruhunu Qarabağın azad edilmiş torpaqlarına qaytardı. Bu oyun bütün Azərbaycan ictimaiyyəti üçün böyük mənəvi hadisəyə çevrildi.
Bu günün qeyd olunması Azərbaycanın tarixi yaddaşının möhkəmləndirilməsi, gənc nəsillərə azadlıq və suverenliyin dəyərinin aşılanması baxımından mühüm əhəmiyyət daşıyır. Hər il keçiriləcək tədbirlər işğal dövründəki ədalətsizliyin unudulmaması, milli birliyin daha da gücləndirilməsi, Qarabağda bərpa və inkişafın sürətləndirilməsi üçün ideoloji baza rolunu oynayacaq.
20 Sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü Azərbaycan tarixində həm qələbənin, həm də ədalətin bərpasının simvoludur. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində bu torpaqlar yalnız hərbi baxımdan deyil, həm də sosial, iqtisadi və mədəni aspektdən yenidən doğulmaqdadır.
Azərbaycan xalqı bu günü təkcə qələbənin xatirəsi kimi deyil, həm də gələcəyə ümidin, güclü dövlətçiliyin və sarsılmaz milli birliyin bayramı kimi qeyd edir.
Arifə Abdullayeva,
YAP Sumqayıt şəhər təşkilatının məsləhətçisi