19 sentyabr 2025 00:56
82

Vətənpərvər şəxsiyyət, böyük siyasi xadim

Prezident İlham Əliyevin 2025-ci il sentyabrın 17-də Azərbaycanın görkəmli siyasi və dövlət xadimi, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri və ilk Baş naziri Fətəli xan Xoyskinin 150 illik yubileyinin keçirilməsi ilə bağlı Sərəncam imzalaması dövlət başçısının Cümhuriyyətin tarixinə, onun qurucularına olan xüsusi ehtiramın bariz nümunəsidir

Ölkəmizdə Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının irsinə daim böyük diqqət göstərilir. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyasının nəşr olunması, 1918-ci il mayın 28-də Azərbaycan istiqlalını elan edənlərin şərəfinə paytaxtın İstiqlaliyyət küçəsində xatirə abidəsinin ucaldılması milli və tarixi dəyərlərimizə sədaqətin əyani təsdiqidir. Ümummilli Lider Heydər Əliyev 1993-cü il dekabrın 29-da “Azərbaycanın görkəmli ictimai-siyasi xadimi M.Ə.Rəsulzadənin anadan olmasının 110 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalamaqla, Cümhuriyyət irsinə necə böyük önəm verdiyini göstərmişdir. Prezident İlham Əliyev “Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında” 2013-cü il 22 noyabr tarixli Sərəncamı ilə bu varislik xəttinin davam etdirildiyini bir daha təsdiq etdi. Sərəncama əsasən, ölkəmizdə və respublikamızdan kənarda yubiley tədbirləri keçirildi. Ölkəmizin başçısı 2023-cü il dekabrın 30-da Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin qeyd edilməsi ilə bağlı Sərəncam imzalayıb. Həmçinin, Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100-cü ili münasibətilə Prezident İlham Əliyev tərəfindən 2018-ci il “Cümhuriyyət ili” elan edilib.

  Prezident İlham Əliyevin 2025-ci il sentyabrın 17-də Azərbaycanın görkəmli siyasi və dövlət xadimi, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri və ilk Baş naziri Fətəli xan Xoyskinin 150 illik yubileyinin keçirilməsi ilə bağlı imzaladığı Sərəncamda qeyd edilir ki, Fətəli xan Xoyski XX əsrin əvvəllərindən milli-mədəni intibahını yaşayan Azərbaycan xalqının azadlığı və istiqlaliyyəti naminə hərəkatda üzərinə götürdüyü çətin vəzifəni şərəflə yerinə yetirmiş fədakar ziyalılar nəslinin parlaq nümayəndəsidir. Geniş dünyagörüşlü, cəsarətli, vətənpərvər şəxsiyyət və böyük siyasi xadim kimi o, daim Azərbaycanın müstəqilliyi uğrunda mübarizənin ön cərgələrində mövqe tutmuş, İstiqlal Bəyannaməsini imzalayanlardan biri olmuşdur.

Azərbaycan Cümhuriyyətinin yaradıcılarından olan Fətəli xan İsgəndər xan oğlu Xoyski 1875-ci il noyabrın 25-də Şəki şəhərində anadan olmuşdur. F.Xoyski 1892-ci ildə Yеlizavеtpol (Gəncə) klassik gimnaziyasını bitirdikdən sonra Moskva Univеrsitеtinin hüquq fakültəsinə daxil olmuş, 1897-ci ildə buranı birinci dərəcəli diplomla bitirmişdir. F.Xoyski 1897-1907-ci illərdə Yеlizavеtpol, Kutaisi, Yеkatirinodar dairə məhkəmələrində müxtəlif vəzifələrdə çalışmışdır. Yekaterinadar dairə məhkəməsində prokuror müavini təyin edilməsi Xoyskinin ictimai-siyasi fəaliyyətində yeni mərhələ olmuşdur. O, Yelizavetpol (Gəncə) quberniyasından II Dövlət dumasına deputat seçilmişdir. Dumanın bır sıra iclaslarında çıxış edən Fətəli xan çar hökumətinin Zaqafqaziyada və Azərbaycanda yeritdiyi müstəmləkəçilik siyasətini tənqid etmişdir. O, kadet partiyasına üzv olmasına baxmayaraq, dumanın müsəlman deputat fraksiyasına daxil idi. F.Xoyski Rusiyanın müstəmləkəsindəki xalqlara məhəlli muxtariyyət verilməsini hökumətdən tələb etmişdir.

II Dövlət Duması buraxıldıqdan sonra Gəncəyə gələn F.Xoyski 1907-1912-ci illərdə andlı iclasçı işləmişdir. F.Xoyski 1913-1917-ci illərdə Bakıda dairə məhkəməsində andlı iclasçı kimi fəaliyyət göstərmişdir. 1917-ci il Fеvral inqilabından və Oktyabr çеvrilişindən sonra F.Xoyskinin fəaliyyətində yеni bir mərhələ başlamışdır.  O, siyasi və ictimai mübarizəyə daha fəal surətdə qoşulmuş, qısa müddət ərzində Azərbaycan xalqının azadlığı və müstəqilliyi uğrunda aparılan hərəkatın lidеrlərindən birinə çеvrilmişdir. Fətəli xan Xoyski 1917-ci il martın 29-da Bakıda yaranmış Milli Müsəlman Şurasının Müvəqqəti İcraiyyə Komitəsinin üzvü seçilmiş, bu təşkilatın gərgin fəaliyyəti nəticəsində həmin ilin aprelində Bakıda çağırılan Qafqaz müsəlmanlarının qurultayında iştirak etmişdir.

O, 1917-ci ilin dekabrında yaranan Zaqafqaziya Seyminin üzvü və 1918-ci ilin aprеlində müstəqil elan edilən Zaqafqaziya Federativ Respublikası hökumətinin Ədliyyə naziri olmuşdur.

1918-ci il mayın 27-də yaradılan Müvəqqəti Milli Şuranın həmin il mayın 28-də kеçirilən iclasında Azərbaycanın müstəqilliyini bəyan еdən akt qəbul olundu. Bu İstiqlal Bəyannaməsini imzalayan 24 nəfərdən biri F.Xoyski olmuşdur. Həmin iclasda Milli Şura F.Xoyskiyə Azərbaycan Xalq Cümhuriyyəti hökumətini təşkil еtməyi tapşırdı. F.Xoyski bir saatlıq fasilədən sonra Milli Şuranın iclasına hökumətin tərkibini təqdim еtmişdir. F.Xoyski burada Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının ilk Baş naziri və Daxili İşlər naziri vəzifələrinə təyin edilmişdir. 1918-ci il iyunun 17-də Azərbaycan Milli Şurasının göstərişinə əsasən, Fətəli xan Xoyskinin başçılığı ilə ikinci hökumət kabinəsi təşkil olunmuşdur. F.Xoyski ikinci hökumətdə də Baş nazir və Ədliyyə naziri vəzifələrini tutmuşdur.

1919-cu ilin mart ayında Fətəli xan Xoyskinin başçılıq etdiyi hökumət istefaya çıxmışdır. Fətəli xan Xoyski Nazirlər Şurasının sədri N. Yusifbəylinin təşkil etdiyi beşinci hökumət kabinəsində Xarici İşlər naziri olmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin beynəlxalq aləmdə və xarici dövlətlər tərəfindən tanınmasında Fətəli xan Xoyskinin əsaslı xidmətləri olmuşdur. Məhz onun dövründə Azərbaycan dövlət orqanlarının özülü qoyulmuşdur. Müstəmləkə siyasətinin rəmzi olan Yelizavetpol şəhəri və quberniyasının yenidən Gəncə və Gəncə quberniyası adlandırılması, Qaryagin qəzasının Cəbrail qəzası adı ilə əvəz edilməsi, çoxpartiyalı parlament sisteminin yaradılması, Azərbaycanın pul və poçt markalarının buraxılması, ana dilində məktəb və seminariyaların açılması Xoyskinin rəhbərlik etdiyi hökumət kabinələri dövründə həyata keçirilməyə başlanmışdır.

Vətənpərvər şəxsiyyət, böyük siyasi xadim, Azərbaycanın müstəqilliyi uğrunda mübarizənin ön cərgələrində yer alan Fətəli xan Xoyski 1920-ci il iyunun 19-da Tiflisdə “Daşnaksutyun”un muzdlu erməni terrorçusu tərəfindən arxadan güllə ilə vurulmuş və M.F.Axundovun yanında dəfn edilmişdir. Ümummilli Lider Heydər Əliyevin 1995-ci il 18 dekabr tarixli Sərəncamı ilə Fətəli xan Xoyskinin anadan olmasının 125 illiyinin təntənəli surətdə qeyd olunması üçün geniş heyətdə təşkilat komitəsi yaradılmışdı. Ulu Öndərin diqqət və qayğısı sayəsində Tiflisdə Fətəli xan Xoyskinin məzarı üzərində xatirə abidəsi ucaldılmışdır.

Zahid Rza, “İki sahil”