29 avqust 2025 13:28
299

Yüksək bal toplamış tələbələrlə görüş

Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev  yeni təhsil ilində  yüksək bal toplayaraq ali məktəblərə daxil olan tələbələrlə görüşüb. Rayonda fəaliyyət göstərən ümumtəhsil məktəblərinin direktorların, tələbə adını qazanmış gənclərin və valideynlərinin qatıldığı görüşdə icra başçısı tələbə adını qazanmış gəncləri, onların valideynləri və müəllimlərini təbrik edərək  deyib:- Rayonumuzda ali məktəblərə daxil olan gənclərin sıralarının ildən-ilə artması həm də elmə, biliyə olan marağın artması deməkdir. Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən təhsilə və onun inkişafına daim xüsusi diqqət və qayğı göstərilir. Təhsil haqqında qanunun və təhsilin inkişafı ilə əlaqədar Dövlət Proqramlarının hazırlanması və yerinə yetirilməsi həmişə diqqət mərkəzində saxlanılır. Rayonumuzda da təhsilin inkişafı ilə bağlı görülən işlər yüksək səviyyədədir. Son illər 40-dan çox yeni məktəb binası tikilib və əsaslı təmir olunub. Hazırda Sərək və Şümrüd kənd tam orta ümumtəhsil məktəbləri üçün inşa edilən binaların tikintisi başa çatmaq üzrədir. Bu diqqətin nəticəsidir ki, rayonumuzda təhsilin inkişafında uğurlar durmadan artır . Bunu bugünkü tələbə gənclərin  qazandığı nailiyyətlər göstərir.

Natiq daha sonra bildirib:- Bu il rayonumuzun orta məktəblərini bitirən məzunlardan 40 nəfəri 550-dən yuxarı bal toplayaraq tələbə adını qazanıb. Bundan əlavə 7 nəfər məzunumuzun Polis Akademiyasına daxil olması da yüksək nailiyyətdir. Mən sevindirici uğurlara görə  hər birinizi,   eləcə sizin yüksək hazırlığınızda əməyi olan müəllimlərinizi və valideynlərinizi təbrik edirəm. Arzu edirəm ki, siz ali təhsil alaraq savadlı, bilikli, bacarıqlı gənc kadr kimi müstəqil, suveren Azərbaycanımızın inkişafı, tərəqqisi naminə görülən işlərdə layiqli töhfələr verəsiniz.

 O da var ki, gənclərimiz yüksək biliyə malik olmaqla yanaşı vətənpərvərliyi ilə  seçilirlər. Vətən müharibəsində bir daha bunun şahidi olduq. Müzəffər Ali Baş Komandanın rəhbərliyi  altında  qəhrəman gənclərimiz canı və qanı bahasına uzun illər işğalda olan Vətən torpaqlarını qısa müddətdə azad etdilər. Bu gün bütün dünyada qalib xalq kimi tanınır və bununla qürur duyuruq. Siz belə bir ölkənin vətəndaşı olmağınızla fəxr etməli, əməli fəaliyyətinizlə ölkəmizin daha da çiçəklənməsi üçün əlinizdən gələni etməlisiniz.

 Astara Təhsil sektorunun müdiri Xədicə Əliyeva, Kijəbə qəsəbə tam orta ümumtəhsil məktəbin direktoru Təbrizə Rəsulova, valideynlərdən Kəminə Qədirova çıxış edərək gənclərin təhsil alması üçün ölkəmizdə yaradılan yüksək şəraitə görə ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevə minnətdarlıq etmiş, tələbələrlə görüşə görə icra başçısına təşəkkürlərini bildiriblər. Tələbə adını qazanmış Ərçivan qəsəbə 3 saylı tam orta ümumtəhsil məktəbinin məzunu, 697 bal toplamış Ələkbər Ağayev, Kakalos kənd tam orta ümumtəhsil məktəbinin məzunu, 682 bal toplamış Yusif Əhmədzadə, Astara şəhər 5 saylı tam orta ümumtəhsil məktəbinin məzunu, 577 bal toplamış Zinaida Rəhimova çıxışlarında dövlətin gənclərə göstərdiyi bu cür diqqət və qayğısına mükəmməl təhsilləri və gələcəkdə yüksək vətəndaşlıq mövqeyi ilə cavab verəcəklərini söyləyiblər

Səmimi görüşün yekununda  ali məktəblərə qəbulda yüksək bal toplamış tələbələrlə xatirə şəkli çəkilib, rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayevin sərəncamına əsasən onlara pul mükafatları verilibdir.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin  üzvü