23 noyabr 2026 10:00
66

Kəlbəcər Şəhəri Günü: Tarixi qayıdışın, mədəni irsin və Zəfərin rəmzi

Tarixi Zəfərimizin qazanılmasında ötən altı ilin fonunda sentyabrın 27-dən başlayaraq qeyd etdiyimiz şəhər günləri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun göstərdiyi qəhrəmanlığın, şücaətin təntənəsidir desək, yanılmarıq.  44 günlük muharibənin hər günü tariximizə Zəfər günləri kimi yazılıb. Vətən müharibəsində əldə etdiyimiz Qələbə nəticəsində imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata əsasən, Kəlbəcər rayonu noyabrın 25-də Azərbaycana təhvil verildi. İyirmi yeddi ildən artıq müddətdə işğal altında qalan Kəlbəcər Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli və müdrik siyasəti, qəhrəman ordumuzun rəşadəti sayəsində bir güllə atılmadan azad edildi. Kəlbəcər şəhəri də daxil olmaqla rayonun 147 yaşayış məntəqəsi azadlığına qovuşdu. Üçtərəfli Bəyanatın şərtlərinə əsasən Kəlbəcərin ermənilərdən boşaldılması da işğalçının eybəcər siması və barbarlığının, vandalizmin növbəti sübutu oldu. Belə ki, Kəlbəcəri boşaldan qeyri-qanuni sakinlər rüsvayçı hərəkətləri və barbar davranışları ilə yadda qaldılar. Azərbaycanlılara qalmaması üçün evlərə, bağlara od vuranlar öz vəhşi xislətlərini nümayiş etdirdilər. Beynəlxalq ictimaiyyətin gözü qarşısında baş verən bu vəhşiliklər bir daha erməni vəhşiliyini dünya birliyinə təqdim etdi.

2020-ci il noyabrın 26-da “Kəlbəcərin azad olunmasına görə” medalı təsis edildi. Prezident İlham Əliyevin sərəncamları ilə Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 9455 hərbi qulluqçusu “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olundu.

Azərbaycanın ən qədim yaşayış məskənlərindən biri olan Kəlbəcər bölgəsi zəngin təbiəti, mineral suları, dağlıq landşaftı və arxeoloji tapıntıları ilə seçilir. Tarixi mənbələrə əsasən, Kəlbəcər ərazisi hələ antik dövrdən etibarən müxtəlif tayfaların məskunlaşdığı mühüm strateji bölgələrdən olub. Bölgədəki Xudavəng monastır kompleksi, Lev çayı vadisindəki kurqanlar, hərb tarixinə aid qalalar, aşıq sənətinin canlı ənənələri Kəlbəcərin mədəni və tarixi dəyərinin yalnız bir hissəsidir. Bu baxımdan 1993-cü ildə Kəlbəcərin işğalı bölgənin tarixində ağır bir faciə kimi yadda qalıb. Bu faciə nəticəsində minlərlə sakin doğma yurdunu tərk etməyə məcbur olub, yüzlərlə tarixi abidə dağıdılıb, təbii sərvətlər isə talan edilib. Lakin bütün çətinliklərə baxmayaraq, kəlbəcərlilər öz doğma torpaqlarına qayıdacaqları günü səbirsizliklə gözləyiblər. İşğal zamanı rayonun 511 dinc sakini öldürülüb, 321 nəfəri əsir götürülüb və itkin düşüb. Kəlbəcərin əhalisi respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur olublar. İşğal nəticəsində yüzlərlə tarixi mədəniyyət abidəsi, məktəb, uşaq bağçası, kitabxana, mədəniyyət evi, muzey, xəstəxanalar və digər infrastrukturlar talan edilib, dağıdılıb və rayonun milyardlarla manatlıq sərvəti Ermənistana daşınıb.

Hazırda Kəlbəcər rayonu üzrə genişmiqyaslı bərpa-quruculuq layihələri həyata keçirilir. Bölgədə yeni yollar, tunellər və körpülər inşa olunur. Xüsusilə Laçın-Kəlbəcər və Tərtər-Kəlbəcər avtomobil yolları bölgənin strateji əhəmiyyətini daha da artırır. Həmçinin İstisu kurort kompleksinin bərpası regionun turizm potensialını canlandırır. Bu gün Kəlbəcərdə yeni yaşayış məhəllələri, təhsil və səhiyyə infrastrukturu tikilir, tarixi və dini abidələrin bərpa və konservasiya proqramları həyata keçirilir. Bütün bu layihələr Kəlbəcərin gələcəkdə Cənubi Qafqazın mühüm turizm və mədəniyyət mərkəzlərindən birinə çevriləcəyini göstərir.

Kəlbəcər artıq Böyük Qayıdışın təcəssümünə çevrilib. Bura qayıdan hər bir vətəndaş tikinti və quruculuqda iştirak etməklə həm tarixə, həm də gələcək nəsillərə öz töhfəsini verir. Azərbaycan dövləti Kəlbəcəri yalnız bərpa etmir, onu müasir və inkişaf etmiş bir region kimi yenidən qurur. Bu isə gələcək illərdə bölgənin sosial-iqtisadi inkişafının daha da sürətlənəcəyinə zəmin yaradır. İndiyədək Kəlbəcər şəhərində 162 ailə, 681 nəfər məskunlaşıb. Bu rəqəmlərin qarşıdakı dövrdə daha da artması üçün yeni yaşayış sahələrinin yaradılması planlaşdırılır. Şəhərdə üç yeni yaşayış məhəlləsinin tikintisinə gələn il başlanılması nəzərdə tutulur. Hazırda layihələr yekunlaşdırılaraq ekspertiza mərhələsinə təqdim edilib. İkinci yaşayış məhəlləsində 182, üçüncü yaşayış məhəlləsində 476, dördüncü yaşayış məhəlləsində isə 807 mənzilin yaradılması planlaşdırılır.

Şəhərin yalnız yaşayış fondu deyil, ümumi siması da dəyişir. Kəlbəcər şəhər parkının layihələndirilməsi artıq yekunlaşıb və parkın tikintisinə gələn il başlanılması nəzərdə tutulur. Şəhərdə inzibati binanın layihələndirilməsi də planlaşdırılıb. Bütün bunlar Kəlbəcərin tədricən müasir, rahat və funksional məkana çevrilməsinin ayrı-ayrı halqalarıdır. Quruculuq rayonun kəndlərini də əhatə edir. Zar kəndində tikinti işləri artıq yekunlaşmaq üzrədir və yaxın zamanda kəndə köçün başlanması nəzərdə tutulur. Burada 547 fərdi ev, 100 yerlik uşaq bağçası və 528 şagird yerlik məktəb binası inşa edilib. Tikinti tam başa çatdıqdan sonra sakinlərin kəndə köçürülməsi həyata keçiriləcək. Beləliklə, bu yaşayış məntəqələrində yenidən ailələr məskunlaşacaq, məktəb qapıları uşaqların üzünə açılacaq, kənd təsərrüfatı və gündəlik həyat öz axarına qayıdacaq. Böyük qürur və fəxr hissi ilə deyə bilərik ki, 25 Noyabr – Kəlbəcər Şəhəri Günü tarixi qayıdışın, mədəni irsin və Zəfərin rəmzinə çevrilib.

Sevinc Azadi, “İki sahil”