Prezident cənab İlham Əliyevin doğma yurda səfəri yeni sosial və yol infrastrukturlarının, yaşayış binaların açılışı və təməlqoyma mərasimləri ilə yadda qalmadı, həm də xalqın yaddaşına bir daha həkk olundu ki, ədalət mütləq zəfər çalır.
Uzun illər işğal altında qalan, viran edilən Kəlbəcər bu gün yenidən həyata qovuşur. Azərbaycan dövlətinin qətiyyətli siyasəti, möhkəm iradəsi və həyata keçirilən nəhəng infrastruktur layihələri sayəsində Kəlbəcər dirçəliş dövrünə qədəm qoyub. Hazırda bu bölgədə genişmiqyaslı quruculuq işləri aparılır. Bir vaxtlar dağıntılar içində qalan kəndlərin yerində yeni yaşayış kompleksləri inşa edilir, yollar çəkilir, elektrik və qaz xətləri bərpa olunur, sosial obyektlər istifadəyə verilir. Viran olan torpaqlarımızda bu gün həyat yenidən canlanır. Prezidentin “Əziz kəlbəcərlilər, xoş gəlmisiniz!” sözləri xalqın tarixi həsrətinə verilmiş ən ali cavab idi.
Kəlbəcər təbiətin nadir incilərindən biridir. Minlərlə hektar meşə sahəsi, zəngin flora və fauna, buz kimi bulaqlar və dağ çayları buranı əsrlər boyu məşhur edib. “İstisu” mineral bulaqları sadəcə Azərbaycanda deyil, bütün regionda tanınır. Bu sərvətlər yenidən xalqımızın ixtiyarına qaytarılır. Kəlbəcərin saf havası, nadir təbiəti və zəngin ekosistemi həm ölkəmizin, həm də dünyanın diqqətini cəlb edəcək dərəcədə qiymətlidir. Kəlbəcərin bugünkü inkişaf yolunda ən əlamətdar hadisələrdən biri avqustun 21-də Prezident cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın bölgəyə səfəri oldu. Dövlət başçısı və birinci xanım Kəlbəcər şəhərində inşa edilən 1-ci yaşayış kompleksində sakinlərlə görüşdülər, müasir şəraitlə tanış oldular. Bu səfər həm də insanların normal və firavan həyatının təmin edilməsinin əyani sübutu oldu.
Cənab Prezident İlham Əliyevin həmin görüşdəki nitqi hər bir azərbaycanlı üçün dəyərli dərsdir. Dövlət başçımızın “Biz ədaləti bərpa etdik, haqqımızı bərpa etdik” sözləri xalqımızın iradəsini və mübarizə əzmini ifadə edir. Bu gün Kəlbəcərdə məktəblərin tikintisi, sosial obyektlərin yaradılması, yeni yolların çəkilməsi, su, işıq və qazın təmin olunması dövlətimizin gənc nəslə, insan amilinə xüsusi diqqət göstərdiyini təsdiqləyir. Prezident İlham Əliyev çıxışında vurğuladığı kimi, Azərbaycanın güclü iqtisadiyyatı, müasir ordusu və vətənpərvər gəncliyi bu Zəfərin qazanılmasının əsas şərtləri olub. Kəlbəcərin gələcək inkişafı üçün mühüm layihələr arasında Toğanalı–Kəlbəcər–İstisu avtomobil yolunun çəkilişi və Murovdağ tunelinin açılışı xüsusi qeyd edilməlidir. Bu yol və tunel bölgənin iqtisadiyyatını canlandıracaq, turizmi inkişaf etdirəcək və sakinlərin gündəlik həyatını asanlaşdıracaq. Səfər çərçivəsində Prezident İlham Əliyevin Kəlbəcərdə 3-cü və 4-cü yaşayış komplekslərinin təməlini qoyması yüzlərlə ailənin öz yurduna qayıdışına imkan yaradacaq. Bölgədə açılan “Balland-Kəlbəcər bal, arı və arıçılıq məhsulları” mağazası isə kənd təsərrüfatının inkişafına dəstək olmaqla yanaşı, Kəlbəcərin məşhur balının daha geniş bazara çıxmasına şərait yaradır. Şəhər parkının təməlqoyma mərasimi isə sakinlər üçün yeni sosial və mədəni imkanların yaradılmasının göstəricisidir.
Kəlbəcərin küçələrində açılan yeni həyat, inşa olunan evlər, ucaldılan məktəblər, bunlar Azərbaycanın gələcəyə baxışının ən bariz nümunəsidir. Lakin bu sevincin arxasında acı yaddaş da var. Dövlət başçısı haqlı olaraq xatırlatdı ki, Kəlbəcərin işğalı Azərbaycanın strateji dayaq nöqtələrinin itirilməsi idi. 1990-cı ildə baş verənlər millətimizin yaddaşında qara səhifə kimi qalacaq, lakin eyni zamanda gələcək nəsillərə ibrət olacaq.
Uzun illər boyu “danışıqlar” adı ilə uzadılan, əslində isə işğalı əbədiləşdirməyə xidmət edən proseslər Azərbaycan xalqının səbrini sınayırdı. Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, heç bir böyük dövlət ədaləti bərpa etmək niyyətində deyildi. Silahlar ermənilərə pulsuz verilir, siyasi dəstək onlardan əsirgənmirdi. Ancaq bütün bunlar Azərbaycan xalqının iradəsini sarsıda bilmədi. Bu gün biz 44 günlük Vətən müharibəsindən danışarkən, əslində bir xalqın qəhrəmanlıq dastanını yada salırıq. Öz rəhbərinin, Ali Baş Komandanın ətrafında bir yumruq kimi birləşmiş millət… bu, tarixdə bənzəri az görünən bir Qələbənin əsas şərti oldu. Ermənistan ordusunda on minlərlə fərarilik baş alıb gedərkən, Azərbaycan əsgəri ölümə gülümsəyərək gedirdi.
Tarixin dönüm nöqtəsi olan 2020-ci ilin noyabrında düzgün atılmış addım, müharibənin dayandırılması, dövlət başçısının müdrikliyini bir daha sübut etdi. Çünki, məqsəd yalnız torpaqları qaytarmaq deyil, həm də minlərlə insanı itkilərdən qorumaq idi. Bu, hərbi zəfərin diplomatik zəfərlə tamamlanması idi.
2023-cü ilin sentyabr əməliyyatı isə Azərbaycanın suverenliyini tam bərpa etdi. Bu gün artıq bölgədə separatizm anlayışı yoxdur. Azərbaycanın qanuni gücü qarşısında hər kəs boyun əydi. Prezident İlham Əliyevin vurğuladığı kimi, bu gün sülhün müəllifi də, təminatçısı da Azərbaycandır. Naxçıvanla quru bağlantısının təmin edilməsi ölkəmizin strateji mövqeyini daha da gücləndirir, Azərbaycanın regionda önəmini artırır. Lakin bütün bu nailiyyətlər fonunda dövlət başçısının ən mühüm mesajı keçmişi unutmamaqdır. Ermənistanın törətdiyi vəhşiliklər, dağıdılmış şəhərlər, yerlə-yeksan edilmiş kəndlər, təhqir olunmuş məscidlər, xalqımızın yaddaşından heç vaxt silinməyəcək. Ancaq fərq ondadır ki, biz intiqamı məhz döyüş meydanında aldıq, dinc əhaliyə toxunmadıq, müharibə cinayətləri törətmədik. Bu, Azərbaycanın böyüklüyünün, ləyaqətinin göstəricisidir.
Bu gün Kəlbəcərdə qurulan hər bina, salınan hər yol, açılan hər məktəb bir mesajdır: biz dağıtmırıq, biz yaradırıq. Ermənilər viran qoydu, biz isə həyat gətiririk. Bu, qalib xalqın ən böyük fərqidir. Prezident İlham Əliyevin Kəlbəcərdə səsləndirdiyi son sözlər həm də bütün xalqımıza ünvanlanmışdır: “Keçmişimizi heç vaxt unutmamalıyıq, ayıq-sayıq olmalıyıq. Əgər yenidən kiminsə ağlına bizə qarşı təxribat gələrsə, dəmir yumruğumuzu bir daha görəcək.” Kəlbəcərdə açılan hər qapı, təqdim olunan hər açar xalqımızın bir daha ayağa qalxmasının, dövlətimizin əzmini möhkəmləndirməsinin rəmzidir. Və biz, qalib xalq, qalib dövlət, bundan sonra da şərəf və qürurla yaşayacağıq.
Beləliklə, Kəlbəcər bu gün yalnız bərpa olunmur, həm də inkişaf, firavanlıq və yeni həyatın rəmzinə çevrilir. Prezident və birinci xanımın bölgəyə səfəri Kəlbəcərin sabahına inamı daha da gücləndirdi, sakinlərin qəlbində böyük sevinc və qürur yaratdı. Hər bir layihə, hər bir infrastruktur yeniliyi Azərbaycanın işğaldan azad edilmiş torpaqlarının uğurla dirçəldiyini təsdiqləyir.
Hicran Hüseynova,
Milli Məclisin komitə sədri, professor