28 avqust 2025 01:56
128

İqtisadi artımı sosial rifaha çevirən uğurlu model

Cari ilin ilk yeddi ayının sosial-iqtisadi mənzərəsi ölkəmizdə iqtisadi sabitliyin və sosial siyasətin ardıcıl uğurlarını nümayiş etdirir

Azərbaycanın sosial-iqtisadi siyasətinin inkişafı son illərdə ardıcıl islahatların və məqsədyönlü qərarların məntiqi nəticəsi kimi formalaşıb. Dövlət iqtisadi sabitliklə sosial rifahı paralel şəkildə təmin etmək, vətəndaşların həyat keyfiyyətini yüksəltmək və gəlir bərabərliyini qorumaq məqsədilə çoxşaxəli tədbirlər həyata keçirir. Bu siyasət həm əmək bazarında şəffaflığın təmin olunmasına, həm də sosial müdafiə sisteminin gücləndirilməsinə yönəlib. İqtisadi artımın sosial təminata çevrilməsi, əhalinin gəlirlərində real yüksəlişin müşahidə olunması və sosial paketlərin davamlı şəkildə icrası Azərbaycanın sosial-iqtisadi inkişaf modelinin əsas üstünlüklərini göstərir. Məhz bu strateji yanaşma cari ilin iqtisadi göstəricilərində də özünü aydın şəkildə büruzə verir və sosial siyasətin praktiki nəticələrini daha da konkretləşdirir.

Cari  ilin ilk yeddi ayının sosial-iqtisadi mənzərəsi ölkəmizdə iqtisadi sabitliyin və sosial siyasətin ardıcıl uğurlarını nümayiş etdirir. Dövlətin həyata keçirdiyi islahatlar, artan büdcə imkanları və qeyri-neft sektorundakı dinamika əhalinin gəlir göstəricilərində, əməkhaqlarında və sosial təminatında müsbət dəyişikliklərə səbəb olub. Statistik məlumatlar göstərir ki, iqtisadi fəallığın artımı fonunda vətəndaşların rifah səviyyəsi yüksəlməkdədir və bu tendensiya qarşıdakı dövrlərdə də davam edəcək.

Əmək bazarında müşahidə edilən ən mühüm göstəricilərdən biri muzdlu işçilərin orta aylıq əməkhaqqında da artımların qeydə alınmasıdır. Cari ilin yanvar-iyul aylarında ölkə iqtisadiyyatında muzdla çalışanların sayı 1 milyon 770,8 min nəfər olub ki, bu da iqtisadi fəallığın qorunduğunu təsdiqləyir. Muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,4 faiz artaraq 1097,3 manat təşkil edib. Əməkhaqqı neft-qaz sektorunda 3918,7 manat, qeyri-neft-qaz sektorunda 1044,9 manat olub. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 1061,8 manat, özəl müəssisələrdə isə 1133 manat təşkil edib. Bu nisbət əmək bazarında özəl sektorun rolunun artdığını və rəqabət imkanlarının genişləndiyini göstərir. Əməkhaqqının artımı təkcə nominal göstərici ilə məhdudlaşmır, həm də real gəlirlərin yüksəlməsi ilə müşayiət olunur. Cari ilin ilk yeddi ayında inflyasiya 5 faiz təşkil edib, lakin əməkhaqqı və nominal gəlirlərdə artım bu həddi üstələyib. Bu isə əhalinin alıcılıq qabiliyyətinin real şəkildə artdığını sübut edir. Belə şəraitdə sosial rifah göstəriciləri müsbət tendensiya üzrə inkişaf edir. Gəlirlər inflyasiyadan yüksək templə artdıqca, vətəndaşların gündəlik həyatında hiss edilən dəyişikliklər özünü göstərir. Əmək bazarında rəqabət və şəffaflıq, iş yerlərinin rəsmiləşdirilməsi və əməkhaqqı fondunun ağardılması prosesi də sosial müdafiə sisteminə müsbət təsir edir.

Dövlətin həyata keçirdiyi ardıcıl sosial paketlər də əmək bazarında müşahidə edilən müsbət gedişatın başlıca səbəblərindən biridir. Cari ildən etibarən beşinci sosial paket qüvvəyə minib və bu paket çərçivəsində həm minimum əməkhaqqı, həm də pensiya və sosial müavinətlər əhəmiyyətli dərəcədə artırılıb. Dövlət başçısının  imzaladığı “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” sərəncamına uyğun olaraq, minimum aylıq əməkhaqqının məbləği 16 faiz artırılaraq 345 manatdan 400 manata çatdırılıb. Vahid tarif cədvəlinə əsasən, dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə (sosial, elm, səhiyyə, mədəniyyət, gənclər və idman, kənd təsərrüfatı, ekologiya və ətraf mühitin mühafizəsi, mənzil-kommunal, nəqliyyat və rabitə, meliorasiya, su təsərrüfatı və balıqartırma və s.) çalışan işçilərin əməkhaqları artırılıb. Bu addım sosial ədalət prinsipinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Pensiya təminatı sahəsində də əhəmiyyətli dəyişikliklər baş verib. Minimum pensiya məbləği 280 manatdan 320 manata yüksəldilib. Vahid indeksasiya metoduna əsasən, bütün kateqoriyalardan olan pensiyaçıların pensiyaları indeksləşdirilərək artırılıb, habelə əmək pensiyalarının artımı təmin olunub. Ehtiyac meyarının məbləğinin 2025-ci il yanvarın 1-dən 285 manata çatdırılması sayəsində ünvanlı sosial yardım proqramı çərçivəsində vətəndaşların aldığı yardım məbləği də artırılıb. Bu tədbirlər aztəminatlı ailələrin sosial müdafiəsini daha güclü mexanizmlərlə təmin edir və dövlətin sosial siyasətindəki inklüzivlik prinsipini nümayiş etdirir.

Sosial müavinətlər və təqaüdlərin artırılması da cari ilin mühüm sosial hadisələrindəndir. Dövlət başçısının “Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqlarının artırılması haqqında” sərəncamına əsasən,  Milli Elmlər Akademiyasının Rəyasət Heyəti və Aparatı və Gəncə bölməsinin Aparatı, Heydər Əliyev Mərkəzi, “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, Atatürk Mərkəzi, dövlət arxivləri və filialları, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi qrupu, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Aqrar İnnovasiya Mərkəzinin Aparatı, Maliyyə Elm-Tədris Mərkəzi, Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi, Dövlət Film Fondu, Quba şəhərində “Soyqırımı memorial kompleksi”, Milli Aerokosmik Agentliyinin Aparatı, Milli Kulinariya Mərkəzi, Mənəvi Dəyərlərin Təbliği Fondu və icra hakimiyyəti orqanlarının nəzdindəki mərkəzləşdirilmiş mühasibatlıqların maaşları 2025-ci il yanvarın 1-dən orta hesabla 15 faiz artırılıb. Prezident İlham Əliyevin müvafiq fərmanına əsasən, Müdafiə Nazirliyinin və digər güc strukturlarının həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşları artırılıb. Eləcə də bir sıra dövlət orqanlarında xüsusi hərbi rütbəsi olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə maaşlarında artımlar edilib.

Sosial siyasətin ardıcıl və sistemli icrası nəticəsində əmək bazarında şəffaflıq da güclənməkdədir. İş yerlərinin rəsmiləşdirilməsi, əməkhaqqı fondunun “ağardılması” və şəffaflığın təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər nəticəsində bağlanmış əmək müqavilələrinin sayı 2025-ci ilin birinci yarısında 1 milyon 900 min təşkil edib. Bu fakt iqtisadiyyatın leqallaşma səviyyəsinin yüksəldiyini, qeyri-rəsmi məşğulluğun azaldığını göstərir. Şəffaf əmək bazarı isə həm dövlətin vergi və sosial müdafiə imkanlarını genişləndirir, həm də işçilərin hüquqlarının qorunmasına zəmanət yaradır. Makroiqtisadi proqnozlar yaxın aylarda da gəlir və büdcə imkanlarının artacağını göstərir. Qeyri-neft sahələrində aktivliyin yüksəlməsi, biznes mühitində yeni imkanların açılması və investisiyaların təşviqi əhalinin gəlir mənbələrinin şaxələnməsinə zəmin yaradır. Bu, yalnız dövlətin sosial öhdəliklərini yerinə yetirməsinə deyil, həm də özəl sektorun iqtisadi fəallığının artırılmasına xidmət edir. Nəticədə ölkə iqtisadiyyatında sosial rifahı gücləndirən balanslı inkişaf modeli formalaşır.

Azərbaycanın sosial siyasəti uzunmüddətli strateji kursa əsaslanır. Dövlət büdcəsinin sosialyönümlü xarakteri hər il təsdiqlənir: xərclərin əsas hissəsi sosial sahəyə yönəldilir. Bu ardıcıl tədbirlər gələcəkdə də davam etdiriləcək, pensiyaların, müavinətlərin və sosial yardımların artırılması nəzərdə tutulur. Beləliklə, sosial siyasətin mərkəzində insan amilinin dayanması, dövlətin vətəndaşa xidmət missiyasının davamlı şəkildə həyata keçirilməsi özünü aydın şəkildə göstərir. Əhalinin nominal və real gəlirlərində artım, əməkhaqqı siyasətində islahatlar, sosial müavinətlərin genişləndirilməsi və pensiya təminatının gücləndirilməsi cari ilin sosial-iqtisadi mənzərəsinin əsas konturlarını formalaşdırır. Bütün bunlar Azərbaycan dövlətinin iqtisadi sabitliyi qorumaqla yanaşı, sosial rifahı da ön planda saxladığını sübut edir. Əmək bazarında rəqabətin artması və əməkhaqqı fondunun leqallaşdırılması sosial müdafiə sisteminə təsir edən amillər kimi qiymətləndirilir. Bu model iqtisadi artımla sosial ədalət arasında tarazlığı qorumağa yönəlib və vətəndaşların rifahının yaxşılaşdırılması istiqamətində davamlı olaraq genişləndiriləcək.

Nəticə etibarilə, Azərbaycanın sosial-iqtisadi siyasəti dövlətin strateji baxışının və ardıcıl islahatlarının məntiqi nəticəsi kimi ölkənin inkişafında mühüm rol oynayır. Göründüyü kimi, iqtisadi artım yalnız makroiqtisadi sabitliklə məhdudlaşmır, həm də vətəndaşların sosial təminatına, rifah səviyyəsinin yüksəldilməsinə və cəmiyyətin bütün təbəqələrinin inkişaf prosesinə cəlb olunmasına yönəlir. Bu siyasət modeli həm indiki dövrdə davamlı iqtisadi sabitliyin təmin olunmasına xidmət edir, həm də uzunmüddətli perspektivdə Azərbaycanın sosial rifah dövlətinə çevrilməsi yolunda möhkəm təməl yaradır.

Nigar Orucova, "İki sahil"