28 aprel 2026 12:14
189

Eldar Rəsulov: WUF13 hazırlıqları həlledici mərhələyə keçib - ÖZƏL

Tədbir çərçivəsində 40 əsas sessiya, 350 tərəfdaş tədbiri və 35.000 kvadrat metr sahəni əhatə edən “Urban Expo” sərgisi təşkil olunacaq

Hazırlıq işləri artıq həlledici fazaya keçid alıb. WUF13 Azərbaycan Əməliyyat Şirkətinin əməkdaşları hazırda tədbir məkanında tam heyətlə fəaliyyət göstərir. Əməliyyatlarımız yalnız infrastruktur işləri ilə məhdudlaşmır, biz eyni zamanda ziyarətçilər üçün uzun müddət yadda qalacaq bir təcrübə yaratmaq üçün fəaliyyət göstəririk. Bütün bunlar ciddi standart və tələblər çərçivəsində (həm beynəlxalq və BMT-yə xas qaydalar, həm də yerli standartlar nəzərə alınmaqla) həyata keçirilməlidir.

Bunu WUF13 Azərbaycan Əməliyyat Şirkətinin Məzmun və Media Əlaqələri üzrə Baş Meneceri Eldar Rəsulov “İki sahil” qəzetinə müsahibəsində söyləyib.

Onun sözlərinə görə, vacib məsələlərdən biri əlçatanlıqdır:”Hər bir iştirakçının məkanda rahat şəkildə hərəkət edə bilməsi üçün inklüziv mühitin təmin edilməsi uğrunda intensiv işlər aparılır. WUF13-ün məkanı Bakı Olimpiya Stadionunda tikinti və quraşdırma işləri aktiv şəkildə davam edir. Ofisin fasiləsiz, operativ və səmərəli işləməsini təmin etmək üçün bütün zəruri texniki şərait yaradılıb. Şirkət tədbirin planlaşdırılması və icrası üzrə mərkəzi əməliyyat strukturu kimi çıxış edir və hazırlıq proseslərinin idarə olunması, məkan və infrastruktur planlaşdırılması, insan resursları, təhlükəsizlik, dayanıqlı inkişaf, könüllülük proqramı, nəqliyyat, akkreditasiya, eləcə də tərəfdaşlarla koordinasiya istiqamətləri üzrə fəaliyyət göstərir”.

Eldar Rəsulov vurğulayıb ki, i, tədbir zamanı 40 əsas sessiya, 350 tərəfdaş tədbiri və dünyanın ən nüfuzlu şəhərsalma sərgisi sayılan, 35.000 kvadrat metr sahəni əhatə edəcək “Urban Expo” sərgisi keçiriləcək.

Yaqut Ağaşahqızı, “İki sahil”