29 aprel 2026 12:07
93

KOB sektorunun məşğulluq göstəricisi də 47% yüksəlib

"Bu gün, ölkəmizdə özəl sektorun, xüsusilə KOB subyektlərinin dəstəklənməsi dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. KOB subyektlərinin yeni bölgüsü meyarlarının tətbiq edildiyi, eləcə də KOBİA-nın faktiki fəaliyyətə başladığı 2018-ci ildən ötən 6 il ərzində KOB subyektlərinin sayı 74%-ə yaxın artaraq 424.000-ni keçmişdir. Bu dövrdə KOB-lar tərəfindən yaradılmış əlavə dəyərin həcmi  2 dəfədən çox artaraq təqribən 10 milyard manatdan 21 milyard manata çatmışdır. KOB sektorunun məşğulluq göstəricisi də 47% yüksəlmişdir."

“İki sahil” xəbər verir ki, bu fikirləri İqtisadiyyat Nazirliyinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının təşkilatçılığı ilə "Sahibkarlar günü"nə həsr olunmuş “Sahibkarlığın inkişafı güclü iqtisadiyyatdır” mövzusunda keçirilən tədbirdə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Mmmədov deyib.

O.Məmmədov bildirib ki, sahəvi görüşlər, regional müzakirələr, sorğular, bizneslərə birbaşa səfərlər vasitəsilə sıx ünsiyyət əsasında əldə edilmiş məlumat və ehtiyaclar sonradan sırf KOB subyektləri üçün ünvanlı dəstək mexanizmlərinin hazırlanmasına imkan verib: "Ümumilikdə 70.000-nə yaxın KOB subyekti və sahibkarlıq fəaliyyətinə başlamaq istəyən şəxslər bu dəstəklərdən faydalanmışdır. Fəaliyyətimiz ərzində institusional idarəetmə planında bir sıra yeniliklər də tətbiq etməyə çalışdıq. KOB Dostu şəbəkəsinin yaradılması, KOB İnkişaf Mərkəzləri timsalında dövlətin dəstək xidmətlərinin təminatına özəl sektorun cəlb edilməsi, Model Müəssisə çərçivəsində dövlət-universitet-özəl sektor iş birliyinin formalaşdırılması, bizneslər üçün “vahid qapı” konsepsiyası əsasında KOB Evinin reallaşdırılması və s. buna misal ola bilər.  Sevindirici haldır ki, KOB Evi modeli beynəlxalq səviyyədə də dövlət sektorunda innovativ model olaraq tanınmışdır və keçirdiyimiz xarici görüşlər zamanı bir sıra tərəfdaş ölkələr onun tətbiqinə maraq göstərir."