28 avqust 2025 13:20
228

İctimai nəqliyyatda yeni dinamika: Sıxlıq azalır, rahatlıq artır, yoxsa?..

AYNA tərəfindən aparılan optimallaşdırma tədbirləri çərçivəsində yeni və rahat, nağdsız ödəniş sisteminə keçidi dəstəkləyən və ekoloji cəhətdən təmiz nəqliyyat vasitələri ilə sərnişin daşımalarının təşkili hədəflənir

İctimai nəqliyyat şəhərin həyat ritmini təşkil edən əsas elementlərdən biridir. O, vətəndaşların şəhərdaxili və şəhərətrafı hərəkətinin səmərəli və təhlükəsiz şəkildə təşkili üçün həlledici rol oynayır. Modern və effektiv nəqliyyat sistemi yalnız sərnişinlərin rahatlığını təmin etmir, eyni zamanda, yol infrastrukturlarının optimal istifadəsinə, nəqliyyat sıxlığının azalmasına və ekoloji dayanıqlığın qorunmasına töhfə verir. Davamlı və müasir ictimai nəqliyyat sistemi şəhərin sosial-iqtisadi inkişafını dəstəkləyir, vətəndaşların gündəlik həyatının rahatlığını təmin edir və şəhər mühitində səmərəli hərəkətin təmin olunmasına strateji təsir göstərir.

Bəs, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən Bakı və regionlarda  sərnişindaşıma xidmətlərinin keyfiyyətini artırmaq, şəhərdaxili və şəhərətrafı marşrutlarda operativ idarəetməni təmin etmək, həmçinin vətəndaşlar üçün rahat, təhlükəsiz və ekoloji cəhətdən təmiz nəqliyyat şəraiti yaratmaq məqsədilə  hansı tədbirlər həyata keçirilir?

Məsələ ilə bağlı AYNA-dan sorğumuza cavab olaraq bildirildi ki, qurum tərəfindən Bakı şəhərində şəhərdaxili və şəhərətrafı marşrutlar üzrə sərnişin daşımalarında əsaslı keyfiyyət dəyişikliklərinə nail olmaq məqsədilə marşrut şəbəkəsinin optimallaşdırılması aparılır: “Əhalinin sərnişindaşıma xidmətlərinə əlçatanlığının artırılması məqsədilə sərnişin axınına uyğun yeni marşrutların təşkili və ya mövcud marşrutların hərəkət sxemlərində dəyişikliklərin edilməsi, habelə marşrutlar üzrə operativ idarəetmənin təmin olunması üçün müsabiqələrin keçirilməsi və sərnişindaşıma xidmətində innovativ metodların tətbiq olunması da daxil olmaqla, bir sıra tədbirlər həyata keçirilir. Optimallaşdırma tədbirləri çərçivəsində yeni və rahat, nağdsız ödəniş sisteminə keçidi dəstəkləyən və ekoloji cəhətdən təmiz nəqliyyat vasitələri ilə sərnişin daşımalarının təşkili hədəflənir. Bu baxımdan, hədəflərə nail olmaq üçün avtobus parkının yenilənməsi, sürücü bazasının genişləndirilməsi və onların bilik və bacarıqlarının təkmilləşdirilməsi istiqamətində işlərin həyata keçirilməsi ilə bağlı daşıyıcılara xəbərdarlıq edilib”.

Agentlikdən qəzetimizə verilən məlumata görə, Bakı şəhərindən respublikanın müxtəlif şəhər və rayonlarına fəaliyyət göstərən marşrut xətləri üzrə indiyədək keçirilmiş müsabiqələr əsasında sərnişindaşıma fəaliyyətinə 92 ədəd yeni və müasir avtobuslar cəlb edilib. Bu, avtobus parkının təxminən 30 faizinin yeni və müasir nəqliyyat vasitələri ilə əvəz olunması deməkdir. Bakı-Bərdə və Bakı-Tərtər istiqamətləri üzrə bütün müsabiqələr bitmiş və keçirilmiş müsabiqələr nəticəsində mövcud avtobus parkı tamamilə (100 faiz) yenilənərək müasir və komfortlu nəqliyyat vasitələri ilə əvəz olunub. Bakı-Mingəçevir istiqaməti üzrə keçirilmiş müsabiqələr nəticəsində mövcud avtobus parkının təqribən 45 faizi müasir və komfortlu nəqliyyat vasitələri ilə əvəz edilib. Bakı-Gəncə və Bakı-Zaqatala istiqamətləri üzrə keçirilmiş müsabiqələr nəticəsində mövcud avtobus parkının təxminən 40 faiz yenilənməsinə nail olunub.  Keçirilmiş müsabiqələr nəticəsində daşımalara “Neoplan”, “Man”, “King Long” və “Temsa” markalı nəqliyyat vasitələri cəlb edilib.

İctimai nəqliyyatda intervalın və nəqliyyat sıxlığının azaldılması üçün hansı addımlar atılır sualına isə AYNA-nın cavabı belə oldu: “Bakı şəhərindən respublikanın müxtəlif şəhər və rayonlarına fəaliyyət göstərən reyslərin təqribən 92 faizi onlayn bilet satışı üçün “Biletim.az” portalına inteqrasiya olunub. Bakı şəhərindən regionlara onlayn bilet satışının həcmi bu ilin 7 ayı ərzində 26 faiz olub. Avtobusla sərnişin daşımaları şəhərdə mobilliyin təmin edilməsi baxımından böyük əhəmiyyətə malikdir. İctimai nəqliyyat hərəkət cədvəlinə uyğun fəaliyyət göstərir, onun sıxlıqda qalması və ləngiməsi bütün xətt boyunca intervalların pozulmasına gətirib çıxarır. AYNA tərəfindən ictimai nəqliyyat sisteminin optimallaşdırılması, paytaxt küçələrində xüsusi hərəkət zolaqlarının yaradılması, ardıcıl genişləndirilməsi və əlaqələndirilməsi nəticəsində əksər marşrutlarda interval qısalıb. Xüsusi avtobus zolağı daha çox sərnişinin daşınmasına imkan yaradır. Hazırda paytaxtın 40-a yaxın küçə və prospektində 110 km-dən artıq  avtobus zolağı təşkil edilib. Zolaqların təşkili avtobusların, eyni zamanda, operativ nəqliyyat vasitələrinin fasiləsiz və intensiv hərəkətinin təminatıdır. Yeni zolaqların salınması istiqamətində iş aparılır. Avtobus zolaqlarının 160 km-ə çatdırılması nəzərdə tutulur. Eyni zamanda, əhali arasında velosipeddən və skuterlərdən istifadəyə artan marağı, eləcə də bu nəqliyyat növünün geniş istifadəsinin nəqliyyat sıxlığının azaldılması, ətraf mühitin qorunması, fiziki fəallığın artırılması və sağlam həyat tərzi baxımından əhəmiyyətini nəzərə alaraq, mikromobillik zolaqları şəbəkəsi genişləndirilir. Məqsəd, xüsusilə yaxın məsafələrə səfərlər zamanı mikromobillik vasitələrini yol hərəkəti iştirakçıları üçün nəqliyyat vasitəsinə çevirməkdir”.

Agentlikdən o da diqqətə çatdırıldı ki, müntəzəm marşrut xətti üzrə avtobusları idarə edən sürücülər həmin nəqliyyat vasitəsinin aid olduğu daşıyıcı tərəfindən işə qəbul olunur. İri daşıyıcılar tərəfindən sürücülər təlimlərə cəlb edilərək işə götürülür. İşə götürmə prosesi Əmək Məcəlləsinə və digər normativ-hüquqi aktların tələblərinə uyğun təmin edilir. Daşıyıcılarla keçirilən görüşlərdə AYNA tərəfindən onlara müvafiq tövsiyə və tapşırıqlar verilir. Zərurət yarandığı təqdirdə sürücülər daşıyıcı tərəfdən təkrar təlimə cəlb edilir. Qeyd edək ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Təlim-Tədris Mərkəzində də avtobus sürücüləri üçün təlimlər keçirilir. Təlim zamanı onlara etik davranış qaydaları barədə ətraflı məlumat verilir. Təlim müddətində iştirakçılara sürücü və sərnişin arasında effektiv ünsiyyətin qurulması, peşəkar sürücünün bilik və məsuliyyəti, təhlükəli və çətin vəziyyətlərdən çıxış yollarının tapılması, sürücü-sərnişin münasibətinə təsir edə biləcək daxili və xarici faktorlar, əlilliyi olan şəxslərlə davranış qaydaları aşılanır. Təlimlərdə, həmçinin sərnişin tərəfindən qanun və etik davranış qaydalarının pozulması zamanı sürücünün davranışına dair ətraflı məlumat verilir.

Bəs, AYNA sərnişindaşıma ilə məşğul olan daşıyıcılarda texniki baxışların həyata keçirilməsinə necə nəzarət edir sualını isə qurum belə cavablandırdı: “AYNA-dan Avtomobil nəqliyyatı ilə qeyri-müntəzəm və müntəzəm sərnişin daşımaları “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının qanunu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli 141 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması qaydaları” ilə tənzimlənir. Avtomobil nəqliyyatı ilə sifarişli daşımaları zamanı sürücüdə daşınmanın sifarişçisi və daşıyıcı tərəfindən təsdiq edilmiş formulyar olmalıdır. Formulyar elektron qaydada “AYNA” informasiya sisteminin elektron formulyar altsistemi üzərindən yaradılır. Qanunvericiliyin tələblərinə əsasən, müntəzəm sərnişindaşıma fəaliyyəti ilə məşğul olan daşıyıcı istifadəsində olan bütün nəqliyyat vasitələrinin reysqabağı texniki yoxlamadan, onların sürücülərinin isə reysqabağı tibbi müayinədən keçirilməsini təmin etməlidir”.

Qurumdan o da bildirildi ki, AYNA tərəfindən vətəndaşlara rahat və təhlükəsiz sərnişindaşıma xidmətlərinin göstərilməsi məqsədilə yeni dayanacaq pavilyonları quraşdırılaraq istifadəyə verilir: “Qeyd edək ki, marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq, mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılması, həmçinin marşrutların təhkim edilməsində şəffaflığın təmin olunmasıdır. Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiqlənən “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun təşkil olunur. Hazırda 1054 avtobusda dayanacaqların səsləndirilməsini həyata keçirən qurğu mövcuddur. Bunlardan 815 ədədi gündəlik istismar olunur. Qeyd edək ki, daşıyıcılar tərəfindən yeni gətirilən daha 107 avtobusda səslənmənin təmin edilməsi istiqamətində əlavə qurğuların quraşdırılması ilə bağlı texniki işlər aparılır. Texniki işlər yekunlaşdıqdan sonra ümumilikdə 1161 ədəd avtobusda səslənmə təmin olunacaq. Əlilliyi olan şəxslərin istifadəsi ücün pandusla təchiz edilmiş 1400-dən artıq avtobus da müxtəlif marşrutlar üzrə istismar olunur. Bu sayın artırılması və bu cür imkanları olan avtobusların istismara buraxılması istiqamətində işlər aparılır. Müntəzəm avtobus marşrutlarında sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı təşkil edilən müsabiqələr zamanı da sağlamlıq imkanları məhdud vətəndaşların avtobuslara rahat minib-düşmələri üçün xüsusi qurğu və avadanlıqla təchiz olunan nəqliyyat vasitələrinə üstünlük verilir”.

Yaqut Ağaşahqızı, “İki sahil”