Azərbaycan dövləti özünün xarici siyasətində Mərkəzi Asiya ölkələri, ö cümlədən Türkmənistan və Özbəkistanla münasibətlərə hər zaman xüsusi diqqət yetirib. Xüsusilə İkinci Qarabağ müharibəsində qazanılan tarixi Qələbədən sonra ölkəmizin xarici siyasətində əsas hədəflərdən biri də Mərkəzi Asiyadakı türkdilli ölkələrlə iqtisadi və siyasi əməkdaşlığı daha da genişlənirdirmək olub. Azərbaycan Prezidenti İlham Əliyevin məhz bu tendensiyanı əsas götürərək türkdilli ölkələrə çoxsaylı rəsmi, dövlət və işgüzar səfərlər edib. Eyni zamanda, həmin ölkələrin liderlərinin Azərbaycana səfərləri intensiv olub.
Xüsusi qeyd edilməlidir ki, həmin ölkələrlə ortaq tarix, mənəvi yaxınlıq, etnik soy-kök birliyi də bu xalqlar və dövlətlər arasında münasibətlərin dərinləşməsində böyük rol oynayır. Son illərin iqtisadi göstəricilərinə diqqət yetirəndə aydın görünür ki, bu qardaş ölkələrlə ticarət dövriyyəsi də xeyli yüksəlib.
2025-ci ilin avqustun 22-də Prezident İlham Əliyev Türkmənistana səfərə gəlib. Türkmənbaşı şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin iştirakı ilə üçtərəfli sammit keçirilib və sammitin yekunlarına görə Birgə Bəyanat qəbul edilib. Sözügedən Bəyanat bərabərlik, qarşılıqlı fayda və bir-birinin maraqlarının nəzərə alınması prinsipləri əsasında ölkələr arasında ticari-iqtisadi əməkdaşlığı gücləndirmək məqsədini daşıyır. Tədbirin sonunda Azərbaycan, Türkmənistan və Özbəkistan respublikalarının rəhbərləri bu üç ölkə arasında yüksəksəviyyəli görüşün yekunlarına dair mətbuata birgə bəyanatla çıxış ediblər.
Ölkəmizin başçısı Zirvə görüşündəki çıxışında ölkələr arasındakı münasibətlərin yüksək səviyyədə olduğunu xüsusi qeyd edib. Bildirib ki, bölgəmizdə yeni, çox perspektivli və sülhə yönəlmiş əməkdaşlıq formatı yaradılır. Prezident İlham Əliyev bunu tarixi bir gün adlandırıb.
Məlumdur ki, postmüharibə dövründə işğaldan azad olunmuş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilməkdədir. Qarabağın yenidən qurulmasında qardaş ölkələrin iştirakı isə böyük mənəvi və siyasi dəyərə malikdir. Bu yaxınlarda Qurbanqulu Berdiməhəmmədov Füzulidə olarkən ölkəsinin hədiyyəsi olan məscidin tikintisi ilə bağlı dövlətimizin başçısı cənab İlham Əliyevə təklif irəli sürmüşdü. Prezidentimiz də bu təklifi minnətdarlıqla qəbul etmişdi.
Artıq məscidin memarlıq təsviri hazırdır və yaxın gələcəkdə təməli qoyulacaq. Prezident İlham Əliyev Zirvə görüşündə çıxışı zamanı bunu türkmən xalqının, Türkmənistan liderinin Azərbaycan xalqına, Azərbaycana olan dəstəyinin nümunəsi və qardaşlığımızın təcəssümü kimi qiymətləndirdi. Prezident İlham Əliyev həmçinin, çıxışında Şavkat Mirziyoyevlə birgə Füzulidə Özbəkistanın hədiyyəsi olan dahi özbək mütəfəkkiri Mirzə Uluqbəyin adını daşıyan 960 şagird yerlik orta məktəbin açılışında iştirak etdiklərini və Xankəndidə yaradılmış tikiş fabrikinin fəaliyyəti ilə tanış olduqlarını vurğuladı: «Bu, Azərbaycana, dirçələn Qarabağ bölgəsinə qardaş özbək xalqından çox böyük hədiyyədir. Hesab edirəm ki, bu kimi təşəbbüslər Azərbaycan xalqına göstərilən səmimi dəstəyin nümunəsidir və azad edilmiş ərazilərimizin bərpasında qardaş ölkələrin yanımızda olduğunu bir daha nümayiş etdirir.»
Prezident İlham Əliyevin Türkmənistana səfəri yeni əməkdaşlıq istiqamətləri baxımından olduqca səmərəli oldu. Görüşlər çərçivəsində nəqliyyat, tranzit, logistika, elektroenergetika, neft və qaz sahələrində tərəfdaşlığın daha da dərinləşəcəyinə yeni imkanlar yarandı. Üçtərəfli əməkdaşlıq formatı isə gələcək uğurların və strateji layihələrin xəbərçisi kimi tarixə düşdü
Türkəmənistana səfərin mühüm nəticələrindən biri Azərbaycan, Türkmənistan və Özbəkistan arasında üçtərəfli əməkdaşlıq formatının yaradılmasıdır. Bu əməkdaşlıq nəqliyyat, tranzit, logistika, elektroenergetika, neft-qaz sahələrini və mədəni əlaqələri əhatə edəcək. Beləliklə, üç qardaş ölkə təkcə ikitərəfli deyil, həm də çoxtərəfli əməkdaşlıq müstəvisində yeni model formalaşdırır. Bu model bölgədə sabitlik, inkişaf və qarşılıqlı faydalı tərəfdaşlığın möhkəm təməlini qoyur.
Nazimə Şamıyeva,
YAP Füzuli rayon təşkilatının sədri