26 avqust 2025 15:45
108

Qarabağın qapısı, Azərbaycanın qürur qalası və MDB mədəniyyət paytaxtı

44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığımız şanlı və möhtəşəm Qələbə nəinki müstəqillik dövrünün, hətta çoxəsrlik dövlətçilik tariximizin ən əlamətdar hadisəsi və zirvə məqamıdır. Qələbə qazanmaqla Azərbaycan öz ərazi bütövlüyü ilə yanaşı, tarixi ədalətin, beynəlxalq hüququn, ən əsası isə milli qürur və ləyaqətin bərpasına müvəffəq oldu.

Qarabağda əldə edilən böyük Zəfər nəticəsində Laçın rayonu və Laçın şəhəri də suverenliyimizə qaytarıldı. Beləliklə, Vətən müharibəsində əldə etdiyimiz Qələbə nəticəsində imzalanmış üçtərəfli Bəyanata əsasən 2020-ci ilin 1 dekabr tarixində Laçın rayonu Azərbaycana təhvil verildi. 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bu tarixi hadisə Laçının əbədi olaraq Azərbaycan dövlətinin tərkibində qalacağının bariz sübutudur.

Vurğulayaq ki, 1992-ci ildə Ermənistan silahlı qüvvələrinin işğalına məruz qalan Laçın uzun illər həsrətin, köçkünlüyün və ağrı-acının rəmzi olmuşdur. Minlərlə sakin doğma yurdlarından didərgin düşmüş, Laçının zəngin təbiəti, tarixi abidələri, sosial infrastrukturu dağıdılmışdır. Lakin xalqımız heç vaxt Laçından imtina etməmiş, “Qarabağ Azərbaycandır!” şüarı ilə daim geri dönüşün arzusunu yaşatmışdır.

Ümumiyyətlə, Laçının özünəməxsus füsunkar təbiəti və rəngarəng landşaftı şəhərin turizm məkanı kimi inkişaf etdirilməsinə, açıq hava istifadəsi və sağlam həyat imkanları olan canlı və cəlbedici regional mərkəzə çevrilməsinə şərait yaradır. Beynəlxalq hava limanının yaxınlığında, beynəlxalq və respublika əhəmiyyətli bir sıra avtomobil yollarının kəsişməsində yerləşdiyi üçün şəhər regiona giriş qapısı funksiyasını daşımaqla, çoxşaxəli inkişaf istiqamətlərinə malikdir.

Sevindirici haldır ki, hazırda dövlət başçısının xüsusi diqqət və qayğısı ilə Laçında genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. Şəhərin yeni Baş planı təsdiqlənib, müasir yaşayış binaları, məktəblər, xəstəxanalar, mədəniyyət mərkəzləri, yol və enerji infrastrukturunun yaradılması istiqamətində mühüm layihələr icra olunur. Laçın rayonu ilə bağlı diqqəti çəkən əsas məqam odur ki, həm rayonun özü, həm Laçın şəhəri, eləcə də Zabux və Sus kəndləri işğaldan nisbətən gec azad edilsələr də, artıq bu yerlərin sakinləri öz evlərinə geri qayıdıblar. Şəhərə ilk köç 2023-cü ilin may ayına təsadüf edib. Həmin il mayın 28-də Prezident İlham Əliyev Laçın şəhərinə ilk qayıdan sakinlərlə görüşüb, evlərin açarlarını onlara təqdim edib. Laçın hazırda 3 yaşayış məntəqəsinə sakinlərinin qayıdışı olduğu rayondur.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasətin fəlsəfi və politoloji xüsusiyyətlərinə sistemli baxanda onun qalıcı və yeniləyici mahiyyətini aydın görə bilərik. Xarici siyasətin bütün istiqamətlərində - Avropa, Asiya, MDB, TDT, region ölkələri istiqamətində davamlı və qalıcı uğurlar göz qabağındadır. İlham Əliyev Avropa və Uzaq Şərq, Afrika və Okeaniya istiqamətlərində nə dərəcədə uğurludursa, Türk dünyası və MDB məkanında da o dərəcədə qəbul ediləndir. Son nümunə Laçının 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan edilməsidir. Eyni zamanda, cari ilin 8 avqust tarixində bağlanmış sülh sazişi bölgədə yeni reallıqlar yaradacaq.

Ümumiyyətlə, Laçın rayonu özünün yeni dövrünə qədəm qoyub. İşğaldan azad olunmuş ərazilərimizin yenidən qurulmasını, bərpasını xüsusi diqqətdə saxlayan Prezident İlham Əliyev indiyədək Laçına bir neçə dəfə səfər edib. Prezidentin hər səfəri rayonun həyatında əlamətdar hadisəyə çevrilib. Düşmənin Laçına vurduğu yaralar aradan  qaldırılır, rayon öz doğma sakinləri ilə yenidən dirçəlir. 

Bu gün həm laçınlılar, həm də bütün Azərbaycan xalqı üçün qürur mənbəyidir. Tarixi ədalət bərpa olunduqdan sonra Laçın Azərbaycanın yenidənqurma və mədəni dirçəliş yolunun parlaq nümunəsinə çevrilmişdir.

Laçın bu gün Qarabağın qapısı olmaqla yanaşı, həm də Azərbaycanın mədəniyyət qapısı kimi açılır. Prezident İlham Əliyevin 2023-cü il 31 iyul tarixli “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Sərəncamına əsasən, avqustun 26-sı ölkəmizdə Laçın Şəhəri Günü kimi qeyd olunur. Bu günün qeyd olunması xalqımızın birlik, güc və iradəsinin təntənəsi olmaqla yanaşı, 2025-ci ildə “MDB-nin mədəniyyət paytaxtı” statusu ilə regionda sülhün, yaradıcılığın və mədəni inteqrasiyanın rəmzinə çevrilib.

Nəticə etibarilə, Azərbaycan tarix yazır, tarixi nailiyyətlərə imza atır. Əminliklə söyləyə bilərik ki, Azərbaycan bundan sonra da Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yeni qələbələr qazanacaq, üçrəngli bayrağımız Zəfər zirvəsində daim dalğalanacaq.

Siyavuş Novruzov,
Milli Məclisin Regional məsələlər komitəsinin sədri