25 avqust 2025 14:57
274

Multikulturalizm Gənclər Forumunun iştirakçıları Azərbaycanın sülh diplomatiyası barədə məruzə dinləyiblər

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və ICESCO-nun birgə təşkilatçılığı ilə keçirilən  II Beynəlxalq Multikulturalizm Gənclər Forumu Xankəndi şəhərində işini davam etdirir. Forum çərçivəsində iştirakçılar Milli Məclisin deputatı siyasi elmlər doktoru Rizvan Nəbiyevin “Bakının sülh diplomatiyası: beynəlxalq hüquqda qayıdış hüququ və Azərbaycan konteksti” mövzusunda mühazirəsini dinləyiblər.

Deputat məruzəsində 2020-ci il 44 günlük Vətən müharibəsindən sonra Cənubi Qafqazda yaranmış yeni siyasi reallığı və regionda davamlı sülhün təmin olunması perspektivlərini dəyərləndirilib. O, Azərbaycanın beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq işğala son qoyması və ərazi bütövlüyünü bərpa etməsini bölgədə sabitlik üçün yeni imkanlar yaratdığını vurğulayıb.  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sülh təşəbbüslərini, Ermənistanla sülh müqaviləsi imzalanması istiqamətində atdığı addımları, Vaşinqton Sülh sammiti kontekstində Azərbaycanın sülh diplomatiyasının əhəmiyyətindən danışıb.

Rizvan Nəbiyev 2025-ci ilin avqustunda ABŞ Prezidentinin şahidliyi ilə Vaşinqtonda imzalanmış üçtərəfli birgə bəyannaməni və ATƏT-in Minsk prosesinin formal olaraq başa çatdırılması ilə bağlı ATƏT-in Fəaliyyətdə olan sədrinə müraciətin ünvanlanmasını önəmli diplomatik dönüş kimi dəyərləndirib. Azərbaycan və Ermənistan arasında paraflanmış sülh və dövlətlərarası münasibətlərin yaradılması haqqında sazişin suverenliyin və ərazi bütövlüyünün qarşılıqlı tanınması, ərazi iddialarından indi və gələcəkdə imtina, sərhədlərdə hərbi qüvvələrin yerləşdirilməsinin qadağan edilməsi ilə bağlı müddəaları əhatə etdiyi vurğulayıb.

Mühazirədə Azərbaycan-ABŞ münasibətlərinin möhkəmlənməsi, enerji, rəqəmsal infrastruktur və təhlükəsizlik sahələrində strateji əməkdaşlıq, habelə ABŞ-ın 907-ci düzəlişə verdiyi imtinanın uzadılması kimi vacib məqamlar da ön plana çəkilib.

Rizvan Nəbiyev, həmçinin uzun illər davam edən işğalın nəticələri – şəhər və kəndlərin dağıdılması, mina təhlükəsi, 700 minə yaxın məcburi köçkünün geri dönüş hüququ, habelə itkin düşmüş və taleyi naməlum olan 4 minə yaxın şəxsin faciəsi ilə bağlı faktları qeyd edib. Eyni zamanda 1980-ci illərdə Ermənistandan qovulmuş 300 min azərbaycanlının qayıdış hüququnun təmin olunmamasına toxunularaq bu hüququn beynəlxalq sənədlərlə tanındığı diqqətə çatdırıb.

Rizvan Nəbiyev Azərbaycanın Respublikasnın Prezidentinin sülh gündəliyini Cənubi Qafqazda sabitliyə və qarşılıqlı əməkdaşlığa xidmət edən yeni mərhələnin başlanğıcı kimi dəyərləndirib və bu tarixi fürsətin reallaşdırılmasının həm siyasi-hüquqi, həm də mənəvi öhdəlik olduğunu vurğulayıb.

Qeyd edək ki, “Gənclər çoxmədəniyyətli mühitdə sülh quruculuğunun elçiləri kimi” mövzusuna həsr olunan II Beynəlxalq Multikulturalizm Gənclər Forumuna avqustun 22-də start verilib. Bakı, Şuşa və Xankəndi şəhərlərində keçirilən Foruma dünyanın 50-dən çox ölkəsindən 70-dək iştirakçı qatılıb.