25 avqust 2025 14:08
282

Kamran Bayramov: Tarixi Zəfərdən sonra torpaqların bərpası və məcburi köçkünlərin vətənə dönüşü əsas prioritetdir

Hazırda işğaldan azad olunmuş ərazilərimizə mərhələli şəkildə soydaşlarımızın geri dönüşü, Böyük Qayıdış Proqramının birinci mərhələsində qarşıya qoyulan hədəflərə yüksək səviyyədə çatacağımıza güclü zəmin yaradır. Bu mərhələdə əsas məqsəd 2026-cı ilədək 140 min keçmiş məcburi köçkünün doğma yurduna qayıdışını təmin etməkdir. Artıq Qarabağ və Şərqi Zəngəzurda yalnız köçürülən ailələr deyil, eyni zamanda müxtəlif dövlət qurumlarının yerli strukturlarında çalışan şəxslər, burada həyata keçirilən layihələrdə iştirak edən mütəxəssislər, fəaliyyətini bərpa etmiş səhiyyə, təhsil, sənaye, mədəniyyət, energetika və turizm sahələrində işləyənlər, o cümlədən tələbələr də daxil olmaqla ümumilikdə 50 mindən çox insan yaşayır.

Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov “İki sahil”ə açıqlamasında bildirib.

K.Bayramov qeyd edib ki, avqustun 21-də Şərqi Zəngəzurun daha bir rayonu Kəlbəcər 32 illik həsrətdən sonra öz əbədi sakinlərinə qovuşdu. Müzəffər Ali Baş Komandan İlham Əliyev Kəlbəcər şəhərində birinci yaşayış kompleksinin açılışını etdi, sakinlərə mənzillərin açarlarını təqdim etdi. Dövlət başçımız Kəlbəcər şəhərində 1-ci yaşayış kompleksinin ərazisindəki fərdi və çoxmənzilli evlərdə yaradılan şəraitlə tanış olub, burada məskunlaşan sakinlərlə görüşündə çıxış edərkən Böyük Qayıdış Proqramının hədəflərinə də toxunub. Dövlət başçısı bildirib ki, birinci mərhələdə Kəlbəcərdə dörd yaşayış kompleksinin inşası nəzərdə tutulur və bu komplekslərdə 10 mindən çox insanın yaşaması planlaşdırılır. Kəlbəcər şəhərinə və kəndlərinə baxdıqda erməni vandalizminin miqyası bir daha aydın görünür. İşğal dövründə Ermənistan silahlı birləşmələrinin törətdiyi dağıntılar, yalnız hərbi yox, həm də mədəni, mənəvi və insani dəyərlərə qarşı yönəlmiş bir barbarlığın nümunəsidir. Prezident İlham Əliyev bu reallığı Kəlbəcərdə sakinlərlə görüşü zamanı belə ifadə edib:   “Bizim işimiz quruculuqdur..." 

Deputat diqqətə çatdırıb ki, işğaldan azad olunmuş digər bölgələrimizdə olduğu kimi, Kəlbəcərdə də yenidənqurma və inkişaf prosesi böyük vüsətlə davam etdirilir. Xüsusilə avqustun 21-də Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın rayona səfəri zamanı iştirak etdikləri açılışlar və təməlqoyma mərasimləri görülən işlərin geniş miqyasını bir daha nümayiş etdirdi. Kəlbəcər sakinlərini yenidən öz doğma yurduna qovuşduran bu proses bölgədə həyatın tam şəkildə bərpasına təkan verir. Müasir infrastrukturun qurulması, sosial obyektlərin istifadəyə verilməsi və yaşayış komplekslərinin inşası rayonu yeni dövrün astanasına gətirib çıxarıb. Dövlət başçısının sözləri ilə desək, “Kəlbəcər şəhəri indi dünyanın ən gözəl mənzərəli şəhərlərindən birinə çevrilir.”

K.Bayramov vurğulayıb ki, bu gün tarixə çevrilmiş Qarabağ münaqişəsinə və 30 illik işğal dövrünə geri baxdıqda, bəzi beynəlxalq güclərin sərgilədiyi ikili standartların hansı nəticələrə səbəb olduğu daha aydın görünür. Azərbaycanın haqlı mövqeyinə qarşı nümayiş etdirilən laqeydlik və qeyri-obyektiv yanaşmalar münaqişənin uzanmasına, bölgədə gərginliyin dərinləşməsinə səbəb oldu. ATƏT-in Minsk qrupunun həmsədr ölkələri olan Fransa, Rusiya və ABŞ isə sülh yaratmaq əvəzinə, status-kvonu qorumağa yönəlmiş fəaliyyətləri ilə faktiki olaraq Ermənistanın maraqlarına xidmət etdilər. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, bu dövlətlər erməni işğalına hüquqi əsas qazandırmağa çalışırdı. Əgər həmin illərdə beynəlxalq ictimaiyyət Ermənistana qarşı ədalətli və prinsipial mövqe sərgiləsəydi, sanksiyalar tətbiq olunsaydı, torpaqlarımız çoxdan, özü də dinc yolla azad oluna bilərdi. Onlara qarşı heç bir ciddi təzyiq göstərilmədi, əksinə, Ermənistanı dəstəkləyən ölkələr işğalın davam etməsi üçün bütün yolları açıq saxladılar. Ermənistan ordusunun Azərbaycan torpaqlarında qurduğu hərbi mövqelər, istifadə etdiyi silah və texnika bunun bariz sübutudur. Yalnız İkinci Qarabağ müharibəsi və sonrakı antiterror əməliyyatı zamanı qənimət kimi ələ keçirilən xarici istehsallı silahların dəyəri 5-6 milyard dollarla ölçülür. Bu silahlar Ermənistana pulsuz verilir, məqsəd isə aydındır. Azərbaycan torpaqlarının azad olunmasının qarşısını almaq, münaqişənin sülh yolu ilə həllini mümkünsüz etmək və köçkünlərin yurdlarına qayıdışını əngəlləmək. Lakin bu planlar iflasa uğradı.

K.Bayramov əlavə edib ki, tarixi Zəfərimizin ilk günündən əsas məqsəd azad olunmuş torpaqlarımızın dirçəldilməsi və keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təmin edilməsidir.  Bu hədəf bir daha sübut edir ki, Azərbaycanın Zəfəri yalnız hərbi deyil, həm də strateji-siyasi və mənəvi qələbədir. Dövlətimiz bu torpaqlarda həyatın yenidən bərpasını, ədalətin bərqərar olmasını və vətəndaşlarımızın doğma yurdlarına qayıdaraq firavan yaşamasını təmin etmək əzmindədir.