25 avqust 2025 11:11
147

Azərbaycan və Banqladeş arasında qarşılıqlı olaraq səfirliklərin açılmasına hazırlıq gedir

Azərbaycan və Banqladeşdə qarşılıqlı olaraq səfirliklər açılması üçün hazırlıqlarımız davam edir.

“İki sahil” xəbər verir ki, bu sözləri “Report”un Türkiyə bürosuna açıqlamasında Banqladeşin Ankarada iqamətgahı olan Azərbaycan üzrə qeyri-rezident səfiri Amanul Haq bildirib.

Səfir deyib ki, Banqladeş ilə Azərbaycan arasında müvafiq sahələr üzrə əlaqələr üçün məsləhətləşmələr mərhələsi artıq başa çatıb:

“Biz iki ölkə olaraq siyasi, iqtisadi, ticarət, maliyyə, səfirlik və digər bu kimi mövzuların müzakirəsini bitirdik. Danışıqlar Banqladeş və Azərbaycan Xarici İşlər nazirlərinin müavinlərinin iştirakı ilə baş tutub”.

Diplomat nəticədə sadalanan sahələr üzrə müqavilələr imzalandığını da qeyd edib:

”Bundan sonra isə bu müqavilələri həyata keçirmək üçün fəaliyyətlərə başlamalıyıq. Ümid edirəm ki, bu proseslər yaxın vaxtda həyata keçiriləcək. O cümlədən, ölkələrimizdə qarşılıqlı olaraq səfirliklərin açılması məsələsi də reallaşacaq”.