21 oktyabr 2026 23:44
121

Azərbaycanlı itkin ailələri Brüsseldə Avropa İttifaqının nümayəndələri ilə görüşüblər

Oktyabrın 21-də Brüsseldə Avropa İttifaqının Avropa Xarici Fəaliyyət Xidmətində (“European External Action Service”) “Qarabağ İtkin Ailələri” İctimai Birliyinin üzvləri qəbul olunub.

“İki sahil” xəbər verir ki, azərbaycanlı itkin ailələri ilə Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsinin siyasi məsələlər üzrə müşaviri Okke Bouwman və Azərbaycanla əlaqələr üzrə koordinatoru Marco Cardinali görüşüblər. Görüşdə azərbaycanlı itkin ailələri yaxınları barədə postmünaqişə dövründə də Ermənistanın heç bir məlumat təqdim etmədiyini bildirib.

“Qarabağ İtkin Ailələri” İctimai Birliyinin sədri Könül Behbudova oktyabrın 20-də azərbaycanlı itkin ailələrinin Brüsseldə Avropa Parlamentinin qarşısında - “Place du Luxembourg” meydanında etiraz aksiyası keçirdiyini və bəyanat qəbul etdiyini diqqətə çatdırıb. O vurğulayıb ki, Ermənistan azərbaycanlı itkinlərin taleyi ilə əlaqədar birbaşa cavabdehlik daşıyır, kütləvi məzarlıqların yerləri barədə məlumatları Azərbaycanla bölüşməyə borcludur. K.Behbudova bu günədək işğaldan azad edilmiş Azərbaycan ərazilərində 32 kütləvi məzarlığın aşkarlanmasını böyük bir humanitar faciənin kiçik epizodu kimi dəyərləndirib.

Görüşdə qeyd olunub ki, azərbaycanlı itkinlərin Brüseldə daha bir aksiyası bu gün mərkəzi “Schuman” meydanında keçirilib. “Qarabağ İtkin Ailələri” İctimai Birliyi yaxınlarından xəbər alanadək susmayacaqlarını, aksiyalarını davamlı olaraq keçirəcəklərini bildiriblər.