24 avqust 2025 13:13
142

Üçtərəfli görüş bəşəri görüş kimi tarixləşdi

Azərbaycanın dünyanın əksər dövlətləri ilə yüksək siyasi, siyasi əlaqələrə görə iqtisadi, mədəni əlaqələri vardır. Bu əlaqələr türkdilli dövlətlər arasında daha yüksək səviyyədədir. Azərbaycanın ədalətli müharibəsində bu dövlətlər Azərbaycanın haqq işini dəstəklədi. Azərbaycana təkcə siyasi deyil, hərbi dəstək də göstərdi. Tarixi Zəfərdən sonra bu münasibətlər həm mahiyyət baxımından, həm də miqyas baxımından xeyli genişləndi. Türkiyə və Özbəkistan işğaldan azad edilmiş ərazilərdə başlayan böyük quruculuq işlərində yaxından içtirak edir, Tükmənistan da bu quruculuq işlərinin iştirakçısıdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Türkmənistanda Türkmənistan və Özbəkistan Respublikalarının rəhbərləri ilə görüşü də bu münasibətlərin mənəvi göstəricisi kimi tarixləşəcək. Görüş zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin verdiyi bəyanat üçtərəfli görüşün mahiyyətini də əhatələyir, Azərbaycanla Türkmənistan, Azərbaycanla Özbəkistan arasında münasibətlərin dinamikasını da. Dövlət başçımız bəyanatında Avaza şəhərinin, eləcə də digər kəndlərin və şəhərlərin abadlaşdığını, Arxadağ və Füzuli şəhərləri arasında qardaşlaşma sənədinin imzalandığını, bu iki müstəqil dövlətin yeni üfüqlərə doğru birgə addımlayacağına əminliyini bildirərək dedi: “Füzulidə olarkən Qurbanqulu Məlikquliyeviç burada Türkmənistanın hədiyyəsi olan məscidin tikintisi ilə bağlı təklif irəli sürdü. Mən də bu təklifi minnətdarlıqla qəbul etdim. Cəmi bir ay keçməsinə baxmayaraq, artıq məscidin memarlıq təsviri hazırdır və yaxın gələcəkdə təməli də qoyulacaqdır. Bu, türkmən xalqının, Türkmənistan Liderinin Azərbaycan xalqına, Azərbaycana olan dəstəyinin nümunəsidir, bizim qardaşlığımızın təcəssümüdür”. Özbəkistanın quruculuq işlərində iştirakını dünyanın bəşəri dövlətləri yüksək dəyərləndirmişdi. Bunu üçtərəfli görüşdə dövlət başçımız da xatırlatdı: “Biz bu yaxınlarda qardaşım Şavkat Miromonoviçi də eyni qardaşlıq hissləri ilə qəbul etmişik. Xankəndidə ECO Zirvə görüşündə bərabər idik. Xankəndidə olarkən Şavkat Miromonoviçin təşəbbüsü ilə yaradılmış böyük tikiş fabrikinin fəaliyyəti ilə tanış olduq. Hazırda orada iki yüzdən çox insan çalışır. Onların mütləq əksəriyyəti qadınlardır və bu fabrikin genişləndirilməsi nəticəsində orada işləyənlərin sayı bir neçə dəfə artacaq. Bu, Azərbaycana, dirçələn Qarabağ bölgəsinə qardaş özbək xalqından çox böyük hədiyyədir. Birinci hədiyyəni isə biz Qarabağın dirçəldilməsi istiqamətində atılmış addımlar arasında yenə də Şavkat Miromonoviçin təşəbbüsü ilə Füzulidə dahi özbək mütəfəkkiri Mirzə Uluqbəyin adını daşıyan 960 şagird yerlik orta məktəbin timsalında gördük. O məktəb bizim iştirakımızla açılmışdır və artıq orada yüzlərlə gənc qarabağlı oxuyur, hər dəfə o məktəbin yanından keçəndə həm qardaş özbək xalqına, həm də onun lideri Şavkat Miromonoviçə minnətdarlıq hisslərini ifadə edir”.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bəyanatında bildirdi ki, müvafiq dövlət qurumlarına göstərişlər verilib ki, üçtərəfli əməkdaşlıq formatı yaradılsın, növbəti görüşdə  konkret istiqamətlər üzrə təkliflər verilsin. Nəqliyyat, tranzit, logistika, elektroenergetika, neft, qaz sahələri və mədəni əlaqələr üzrə əməkdaşlıq genişlənsin. Dövlət başçımız dedi ki, “...bu, tarixi bir gündür. Bizim bölgəmizdə yeni, çox perspektivli, sülhə və tərəfdaşlığa yönəlmiş əməkdaşlıq formatı yaradılır...”

Qarşılıqlı ehtiramla keçən üçtərəfli görüş ortaq inanca, ortaq ədəbiyyata, ortaq mədəniyyətə malik olan bu dövlərlətlər arasında münasibətlərin bəşəriliyinin, tarixə əsaslandığının, gələcəkdə daha böyük amallarla davam etdiriləcəyinə inamın təsdiqi oldu. Azərbaycanın xalq şairi Zəlimxan Yaqubun bir şeirinin bir misrasını xatırlayıram: Əzəl-axır dünya türkün (türkdilli xalqların) dünyası olacaq! Türkmənistan görüşü bu qənaətin gerçəkliyə yönəldilməsidir...

Səbinə Xasayeva,

Milli Məclisin deputatı