Ermənistan ərazi iddiasına görə işğalçılıq müharibəsinə başladı, güvəndiyi dövlətlərin siyasi və hərbi yardımı ilə Azərbaycanın ərazisinin 20 faizini işğal etdi. Ermənilər müharibəni təkcə döyüşlərlə aparmırdı, Azərbaycanın mədəniyyəti ilə də, qədim tarixi ilə də döyüşürdü. Kəlbəcər 1993-cü il aprelin 2-də işğal olundu. İşğalçı Ermənistan Kəlbəcərdə 30 min ildən çox tarixi olan qədim yaşayış məskənlərini, 6 min il yaşı olan qaya təsvirlərini, qədim türk əlifbası nümunələrini, ... dağıtdı. İşğala kimi Kəlbəcər ərazisində Başlıbel, Ağdaban faciələri törədən ermənilər əhali Kəlbəcəri tərk edəndə “Tunel” deyilən ərazidə çox ağır qırğın törətdi...
BMT Təhlükəsizlik Şurasının 30 aprel 1993-cü il tarixli 822 saylı Qətnaməsində işğalçı qüvvələrin Kəlbəcərdən, eləcə də Azərbaycanın işğal olunmuş digər ərazilərindən çıxarılması tələb olunurdu. Ermənistan bu tələbi yerinə yetirmədi...
Azərbaycan Ordusu İkinci Qarabağ müharibəsində tarixi Zəfər qazandı, noyabrın 10-da üçtərəfli Bəyannamə imzalandı. Məğlub Ermənistan Kəlbəcər, Ağdam və Laçın rayonlardan döyüşsüz çıxmalı idi. Bu razılaşma məğlubiyyəti qeyd-şərtsiz qəbul etmə olacaqdı. Məğlub Ermənistan Bəyannamənin şərtlərinin əksəriyyətinə əməl etdi. Bəyannamə İkinci Qarabağ müharibəsinin başa çatmasının rəsmi sənədi oldu.
Ermənistan ordusunun hissələri, zamanında Kəlbəcərə köçürülmüş erməni ailələri Kəlbəcəri noyabrın 25-də tərk etdi.
Kəlbəcər necəydi, necə olmuşdu? Kəlbəcərdə Emənistan xislətinin izləri qalmışdı.....
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2021-ci il avqustun 16-da Kəlbəcərə səfərində, Murovdağda tunelin təməlqoyma mərasimində, rayonda keçirilən görüşlərdə İkinci Qarabağ müharibəsinin başlamasından, əks-hücum əməliyyatlarından, Kəlbəcərin şimal hissəsində strateji yüksəkliklərin ermənisizləşdirilməsinin əhəmiyyətindən söz açanda dedi: “Vətən müharibəsinin ilk günlərində döyüşlər gedən zaman Kəlbəcərin şimal hissəsi Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğalçılardan azad edilmişdir. Biz Kəlbəcərin şimal hissəsində strateji yüksəklikləri götürərək erməni silahlı qüvvələrinin hərəkətlərini bu istiqamətdə böyük dərəcədə məhdudlaşdıra bildik və faktiki olaraq onlar Basarkeçər-Kəlbəcər yolundan istifadə edə bilmədilər. Bəzi istiqamətlərdə strateji nöqtələri götürərək Ermənistan ordusunun hərəkətlərini demək olar ki, iflic vəziyyətə salmışdıq”.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 2020-ci il noyabrın 26-da “Kəlbəcərin azad olunmasına görə” medalı təsis edildi, Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edən, igidlik və şücaət göstərən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 9455 hərbi qulluqçusu bu medalla təltif olundu.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı sərəncamla Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edildi. Min illərlə müharibələr gedib, minlərlə şəhər iğaldan azad olunub, heç birində bu səviyyədə tarixi qətiyyət göstərilməyib. Bu Sərəncama əsasən 25 noyabr Kəlbəcər Şəhəri Günü elan olundu. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 1 may tarixli Qərarı ilə “Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” təsdiq edildi. Şəhərin 1969-cu ildə tərtib edilən işğala qədərki son Baş Planında ərazisi 130 hektar, əhalisinin sayı isə 7500 nəfər idi, bu planda 2040-cı ilədək inkişaf konsepsiyasına uyğun olaraq bu rəqəmlər iki dəfədən çox artaraq 290 hektara yaxın, 17000 nəfər nəzərdə tutulur. Şəhərin mərkəzi orta mərtəbəli çoxmənzilli və inzibati binalardan ibarət olacaq...
Qayıdış prosesi Kəlbəcərdə də başlayıb. Cari ilin noyabrına kimi Kəlbəcərdə 162 ailə, say baxımından 681 nəfər məskunlaşıb. 1993-cü ilin aprelində Kəlbəcərdən çıxanda sonuncu kəlbəcərlilərin “El yeridi, yalqız qaldım səhrada...” dediyinə zərrəcə şübhəm yoxdu. Ürəyi Kəlbəcərlə döyünənlərin indi bu prosesin başladığını bilincə, görüncə “Ellər dönür, dönüşümə az qalıb...” dediyinə də zərrəcə şübhəm etmirəm...
Kəlbəcər rayonunda infrastruktur yenidən qurulur, Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun tikintisinin 89 faizi tamamlanıb. “İstisu” Müalicə-İstirahət Kompleksində müalicə mineral sular, palçıq və iqlim istiqamətləri üzrə aparılacaq.
Mənbəyini Azərbaycanın Kəlbəcər rayonunun mənzərəli dağlıq bölgəsində, dəniz səviyyəsindən 1600 metrdən çox yüksəklikdə yerləşən termal su yataqlarından götürən və təbii halda istiliyi 60 dərəcədən yuxarı olan “İstisu” mineral suyu minerallarla zəngin nadir sudur. İşğaldan sonrakı təməli 2022-ci il iyunun 26-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qoyulan “İstisu” mineral su zavodunda işlər 2024-cü ildə tam başa çatdırılıb. Zavodun illik istehsal gücü 100 milyon şüşə butulkadan çoxdur. İkinövbəli iş rejimində fəaliyyət göstərən müəssisədə təxminən 100 nəfər işlə təmin edilib. İşçilərin əksəriyyəti Kəlbəcər və Laçın rayonlarının sakinləridir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Kəlbəcərə hər səfəri quruculuq işlərinin genişlənməsini təmin edir...
Kəlbəcər yenidən qurulur. Kəlbəcər gözəl qurulur, Kəlbəcər yenə görənlərin gözlərini də sevindirəcək, könlünü də...
Kəlbəcərə qayıdış başa çatandan sonra Kəlbəcər Şəhəri Günü böyük, çox böyük coşqu ilə qeyd olunacaq. Onda Kəlbəcərdə tavar sazda bir “Yurd yeri” səslənəcək. Hamının səssiz pıçıltısı bir niyyətin işığına dönəcək: Qayıtmışıq, Kəlbəcərim!..
Səbinə Xasayeva,
Milli Məclisin deputatı
Azərbaycan-Vyetnam münasibətlərində yeni mərhələ: Ənənəvi dostluqdan strateji tərəfdaşlığa
Kəlbəcər- azadlığın, dövlətçilik iradəsinin və yeni inkişaf mərhələsinin simvolu