23 avqust 2025 17:17
169

Azərbaycan, Türkmənistan və Özbəkistan əməkdaşlığı genişləndirir

Bu gün Azərbaycan, Türkmənistan və Özbəkistan günün tələbləri səviyyəsində əməkdaşlıq edir və beynəlxalq təşkilatlar çərçivəsində bir-birinin təşəbbüslərini dəstəkləyir. Bu da təkcə üçtərəfli formatda deyil, həm də sülhün və sabitliyin möhkəmlənməsinə öz töhfəsini verir. 
Avqustun 22-də Türkmənbaşı şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov və Özbəkistan Respublikasının Prezidenti 3 ölkə arasında yüksəksəviyyəli görüşün yekunlarına dair mətbuata birgə bəyanatla çıxış ediblər. 
Prezident İlham Əliyev bəyanatında bildirib ki, səfər çərçivəsində imzalanan sənədlər arasında Arxadağla Füzuli şəhərlərinin qardaşlaşma sənədi də var: “Bu, əslində, bizim qardaşlığımızın rəmzidir. Türkmən və Azərbaycan xalqları əsrlər boyu bir ailə kimi, qardaşlar kimi yaşayıb-yaratmışlar. Bu gün iki müstəqil dövlət bu ənənələrə sadiqdir, bu ənənələri yaşadır və yeni üfüqlərə doğru birgə addımlayır”.
Bu ilin iyul ayında Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun Bakıya, həm də Qarabağ bölgəsinə səfərini, həmçinin bu səfər çərçivəsində bir çox məsələləri müzakirə edildiyini xatırladan dövlətimizin başçısı bu ölkə ilə mövqelərimizin üst-üstə düşdüyünü bir daha diqqətə çatdırıb: “Füzulidə olarkən Qurbanqulu Məlikquliyeviç burada Türkmənistanın hədiyyəsi olan məscidin tikintisi ilə bağlı təklif irəli sürdü. Mən də bu təklifi minnətdarlıqla qəbul etdim. Cəmi bir ay keçməsinə baxmayaraq, artıq məscidin memarlıq təsviri hazırdır və yaxın gələcəkdə təməli də qoyulacaqdır”. Prezident İlham Əliyev  bunu qardaşlığımızın təcəssümü kimi dəyərləndirib. 
Dövlətimizin başçısı, həmçinin Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin də ünvanına səmimi sözlər söyləyib. Qeyd edək ki, Özbəkistan  Füzulidə Mirzə Uluqbəy adına 960 şagird yerlik 1 nömrəli tam orta məktəb, həmçinin  200-dən çox insanın çalışdığı Xankəndi şəhərində tikiş fabrikini də inşa edib. Bütün bunlardan söz açan Prezident İlham Əliyev istər Türkmənistanın, istərsə də Özbəkistanın  sözdə deyil, əməldə dost, qardaş olduqlarını bildirib. 
Çıxışının sonunda dövlətimizin başçısı, həmçinin nəqliyyat, tranzit, logistika, elektroenergetika, neft, qaz sahələri və mədəni əlaqələrin bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcəyini vurğulayıb. Şübhəsiz, bu görüş də üçtərəfli əlaqələri gücləndirmək üçün yeni imkanlar açır. Yeri gəlmişkən, Azərbaycan-Türkmənistan iqtisadi əlaqələri son illər ərzində çoxşaxəli xarakter alıb. Məsələn, 2024-cü ildə iki ölkə arasında ticarət dövriyyəsi 383,7 milyon ABŞ dolları təşkil edib ki, bunun 80,2 milyon dolları Azərbaycan məhsullarının ixracına, 303,5 milyon dolları isə Türkmənistan məhsullarının idxalına aiddir. Cari ilin ilk beş ayında xarici ticarət dövriyyəsi 118,5 milyon dollar olub. Bu rəqəmlər tərəflər arasında iqtisadi əməkdaşlığın dinamik və davamlı şəkildə artdığını göstərir. Qeyd edək ki, 2023-cü ildə Türkmənistan limanlarından Bakı limanı vasitəsilə yükaşırma həcmi 3 milyon ton təşkil edib. 2024-cü ildə isə bu göstərici 12,5 faiz artaraq 3.36 milyon tona çatıb. Şübhəsiz, bu artım Xəzər dənizində yük dövriyyəsinin bərpası və Orta Dəhliz çərçivəsində multimodal logistika imkanlarının genişlənməsi ilə əlaqədardır. 2024-cü ildə Azərbaycanla Özbəkistan arasında isə ticarət dövriyyəsi 252 milyon ABŞ dollarını ötərək əvvəlki illə müqayisədə 41 faiz artıb. Bu da iki ölkə arasındakı ticarət əlaqələrinin dinamik genişləndiyini göstərir. Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsinin 2030-cu ilədək 1 milyard ABŞ dollarına çatdırılması nəzərdə tutulub. 
Xatırladaq ki, Azərbaycan, Türkmənistan və Özbəkistan Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən mühüm geostrateji mövqeyə malikdir. Ölkəmizin Türkmənistanla ənənəvi energetika əməkdaşlığımız vardır.   Özbəkistanla da bu sahəyə  qədəm qoymuşuq. Daha doğrusu, SOCAR artıq Özbəkistanda neft yatağının işlənilməsinə də başlayıb, kontrakt imzalanıb. Bütün bunlar ölkələrimizin qarşısında əməkdaşlığı sahəsində yeni vəzifələr və imkanların dayandığından xəbər verir.
Avqustun 22-də “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə “Türkmənhavayolları” Dövlət Xidməti arasında beynəlxalq hava əlaqələrinin gələcək inkişafı haqqında Anlaşma Memorandumu”, həmçinin “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Türkmənistanın Dəmiryolu Nəqliyyatı Nazirliyi və Özbəkistan Respublikasının Nəqliyyat Nazirliyi arasında nəqliyyat-logistika əməkdaşlığı sahəsində Anlaşma Memorandumu” da imzalanıb. Qəbul edilən “Azərbaycan Respublikasının, Türkmənistanın və Özbəkistan Respublikasının Birgə Bəyanatı”nda isə Azərbaycan, Türkmənistan və Özbəkistan bərabərlik, qarşılıqlı fayda və bir-birinin maraqlarının nəzərə alınması prinsipləri əsasında ölkələr arasında ticari-iqtisadi əməkdaşlığı gücləndirmək məqsədi ön plana çəkilib.
Qvami Məhəbbətoğlu, “İki sahil”